İcazələri olmadan Qusar rayonuna istirahətə gələn 18 nəfər cərimələnib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də, sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.
Belə ki, istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri yoxlanış məqsədilə şöbə əməkdaşları tərəfindən saxlanılıblar.
Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qusar rayonuna gəldikləri məlum olub.
Keçirilən reyd zamanı 18 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.
Reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Qaydaları pozan 25 şəxs İXM-nin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə) maddəsi ilə 100 manat cərimələnib.