"Bununla yanaşı, Siz də qeyd etdiniz ki, digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilmişdir. Bu həkimlər Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadandır. Bu gün ümumilikdə 215 nəfərdən ibarət tibbi heyət bizim həkimlərlə bərabər fəaliyyət göstərir".
"Report" xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.
"Cənab Prezident, onu da qeyd etməliyəm ki, görülmüş preventiv tədbirlər nəticəsində və xüsusi karantin rejimi tətbiq olunandan sonra bu riskli zonalarda əhalimiz bu məsələlərdə daha diqqətli olmağa başlamışdır. Bu, özünü həm izolyasiyada, həm də maskalardan istifadə və digər epidemioloji tədbirlərə əməl edilməsində göstərir. Bunun nəticəsi olaraq, Operativ Qərargah görülmüş işlər, xəstəliyin cilovlanması və azalması sayəsində avqustun 5-dən bəzi yumşalma proseslərinə başlamışdır. O cümlədən məruzə etməliyəm ki, əvvəlki 16 şəhər və rayonun 3-ü – Lənkəran, Samux və Siyəzən rayonları bu zonadan kənarlaşdırılmışdır. Həmin bölgələrdə vəziyyət normaldır", Baş Nazir bildirib.