Səfir Elmira Axundova ona böhtan atan jurnalisti bağışladı
Tarix: 5-08-2020, 14:26 | Çap et
Səfir Elmira Axundova ona böhtan atan jurnalisti bağışladı

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və onun oğlu Həbib Axundov haqqında həqiqətə uymayan böhtan xarakterli məlumatları yayan bir qrup şəxsin başlatdığı kampaniya məntiqi sonluğa doğru istiqamət alıb.

Dünən, 4 avqust 2020-ci il tarixində, Bakı Apelyasiya Məhkəməsi bu kampaniyanı həyata keçirənlərdən birinin - 81 yaşlı Feyruz Haşimovun Bakının Binəqədi Rayon Məhkəməsinin qərarına qarşı apelyasiya şikayətinə baxılmasını başa çatdırıb.

Bakı Apelyasiya Məhkəməsi F.Həşimovun şikayətini rədd edərək, bir daha onun Elmira Axundova və oğlu barədə böhtan xarakterli yalan məlumat yaydığını təsdiqlədi.
Elmira Axundovanın maraqlarını təmsil edən vəkil Afət Qazıyevanın 1news.az-a verdiyi məlumata əsasən, məhkəmə E.Axundovanın haqlı olduğunu tam təsdiqləsə də, xanım səfir məhkəmənin qərarı ilə F.Həşimovun ona ödəməli olduğu və böhtan nəticəsində vurduğu mənəvi ziyanın kompensasiyası olan 10 min manatı bağışlayıb.

Vəkil E.Axundovanın F.Həşimovun yaşını və məhkəmə çəkişmələrini öz istəyi ilə yox, üçüncü şəxslərin israrı ilə davam etdirməsini nəzərə alaraq, onu bağışladığını bildirib.

Buna baxmayaraq, o, bu insanpərvər addımı təqdir etməyərək, məhkəmənin tələbi olan yalanını təkzib etməkdən imtina edir. Bu, bütün qüvvələri ilə məhkəmə çəkişmələrini uzatmaq və F.Həşimovdan istifadə edərək, Axundovlar ailəsini ləkələmək cəhdlərini davam etdirmək niyyətində olan digər qüvvələrin onun arxasında dayandığını bir daha göstərir.

Burada Fərman Məmmədov və onun əlaltılarının rəhbərlik etdiyi bir qrup şəxs tərəfindən E.Axundovanın şərəf və ləyaqətini korlamaq məqsədilə yayılan və KİV-lər tərəfindən uzun müddət tirajlanaraq, müxtəlif dövlət orqanlarına böhtan xarakterli məlumatlar göndərməsi ilə başlayan hadisələrin fonunu xatırlatmaq yerinə düşər.

Onların əməlləri lazımi hüquqi qiymət alıb - 31 avqust 2018-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Kamran Əsədovun sədrliyi ilə Elmira Axundova və oğlu Həbib Axundovun iddiası üzrə məhkəmə başa çatıb.

Elmira Axundova öz iddiasında, uzun müddət onun şərəf və ləyaqətini ləkələyən yalan məlumat yayan şəxslərin məsuliyyətə cəlb olunaraq qanun qarşısında cavab verməsini tələb edirdi.

Məhkəmənin qərarında Fərman Məmmədovun və tərəfdaşlarının yaydığı məlumatların həqiqətə uyğun olmadığını və yalan olduğunu qeyd olunurdu.

Məhkəmənin çıxardığı qərara əsasən, Fərman Məmmədov və tərəfdaşları yalan məlumatlarının əvvəlcədən yayımlandığı kütləvi informasiya vasitələrində təkzib verməli idilər.

Bununla yanaşı, məhkəmə Elmira Axundovanın şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasına, eləcə də ona dəymiş mənəvi ziyana görə hər birindən 10 min manat məbləğində təzminatın ödənməsi barədə qərar qəbul edib. Eyni zamanda, məhkəmə Həbib Axundovun iddiasını qismən təmin edərək, təqsirləndirilən şəxsləri 50 000 manat cərimə etmişdi.

Daha sonra həm Bakı Apelyasiya Məhkəməsi, həm də Azərbaycan Ali Məhkəməsi bu hökmü qüvvədə saxladı.

F.Həşimov məhkəməyə müraciət edən son şəxsdir və onun şikayətinin baxılaraq rədd edilməsindən sonra Elmira Axundova və oğlu Həbibin haqlılığı bir daha təsdiqləndi. Buna baxmayaraq, gördüyümüz kimi, F.Həşimov və onun kimi insanlar Elmira Axundovanın bu xoş addımını qiymətləndirməyərək, məhkəmənin qərarına əməl etməkdən imtina etdilər.

Bütün məhkəmələrin onun haqlılığını təsdiqləməsinə baxmayaraq, görünən odur ki, Elmira Axundovaya böhtan atmağa çalışan şəxslərin mənəvi səviyyəsini əyani şəkildə nümayiş etdirən iftira kampaniyasını hər cür şəkildə davam etdirmək üçün açıq bir istək var.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net