Azərbaycanda yoluxanlar azalsa da, ölüm artır - Baş infeksionist səbəbi açıqladı
Son günlər Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələyib.
Amma virusdan ölənlərin sayında artım müşahidə olunur. Ötən gün Azərbaycanda daha 449 nəfər koronavirusdan sağalıb, 13 nəfər isə vəfat edib.
Son sutka ərzində ölkədə daha 352 yeni yoluxma qeydə alınıb. Hazırda aktiv xəstə sayı 7927 nəfərdir. Son bir neçə gündə virusdan ölənlərin sayında artımın müşahidə olunması narahatedici məqamlardandır.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında ölüm sayının artmasının səbəbindən danışıb.
O deyib ki, ölüm sayı indiki dövrlə hesablanmır:
“Son günlər virusdan ölənlər əvvəlki xəstələrimiz içində olan və vəziyyəti ağırlaşdığından xilas edilə bilməyənlərdir. Onlar bugünkü yoluxanlarla uyğun gəlməyə bilər. Yoluxanların hamısı aktiv xəstələrin olması demək deyil. Ola bilsin ki, yoluxanların arasında virusu çox yüngül və klinik keçirənlər də var. Ağır xəstələr əsasən reanimasiyada olanlar içərisindən hesablanır. Onların arasında təbii ki, ölüm olur. Kimin yanaşı xəstəliyi varsa, əsasən ölüm belə hallarda baş verir. Xüsusən, şəkər xəstəliyi, ürək-damar sistemində və tənəffüs sistemində patalogiyası olan insanlarda bu mümkündür. Ona görə də ölüm sayı müxtəlif - bir gün 5, bir gün 10 nəfər olur. Əvvəlcədən reanimasiya düşmüş insanlarda yanaşı getmiş xəstəliklər bəzən onları xilas etməyə imkan vermir”.