ATU-da koronaviruslu hamilələrin dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
Tarix: 4-07-2020, 12:34 | Çap et
ATU-da koronaviruslu hamilələrin dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır

“Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinə yeni doğulanlarla yanaşı, COVID-19 aşkar edilən hamilə qadınlar da yerləşdirilib. Bu səbəbdən də yeni doğulan körpələr xüsusi nəzarət altındadır”.

“Report” xəbər verir ki, bunu şöbənin müdiri Aygün Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, körpələrdə hansı testlərin aparılması və metodların tətbiqi və s. ilə bağlı həkimlər təlimatlandırılıb: “COVID-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbədə həkimlərin nəzarəti altındadır. Onlardan 12-si bizim klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir. 4-nün klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub”.

A.Rüstəmxanlı qeyd edib ki, klinikada dünyaya gələn 12 körpənin heç birində koronavirus infeksiyasına yoluxma halı aşkar olunmayıb: “Digər klinikalarda dünyaya gələn körpələrdə infeksiyanın aşkar olunmasına səbəb doğuşda iştirak edən həkimlərin COVID-19-a yoluxmaları olub və onlar vasitəsilə doğuş zalında körpələrə keçib”.

Mütəxəssis eyni zamanda vurğulayıb ki, qaydalara görə, ilk növbədə körpəni dünyaya gətirən həkimlər sayca az tərkibdə təyin olunmalı, göbək ciyəsi mümkün qədər tez kəsilməlidir: “Körpə eyni zamanda doğuş zalından mümkün qədər tez xaric edilməlidir. Yeni dünyaya gələn uşaq doğum zalından tez xaric edilir və həmin mərtəbədə izləmə otağında yerləşdirilir və monitorinqi aparılır. Körpənin vəziyyəti stabilləşdikdən sonra həkimlər paltarlarını dəyişir və körpəni başqa otağa aparırlar. Həmin an körpədən COVID-19 testi götürülür. Bu, əsas şərtlərdən biridir. İzolyasiya küvez şəraitində olur.

Körpənin ana ilə təması vacib şərtlərdən hesab olunduğundan,qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaratmağa çalışırıq. Ailəyə infeksiya və yoluxma yolları, bu infeksiyanın süd vasitəsi ilə keçmədiyi barədə məlumat verilir. Ananın psixoloji durumu yol verirsə və özü razıdırsa, neytral zonda qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaradırıq. Maska taxmış ana uşağını qucağına alır və əmizdirir. Təmas yaratmaq istəməyən anaların körpələri isə sağılmış südlə qidalandırılır və onlarla görüntülü təmas yaradırıq”.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net