Karantin rejiminin müddəti uzadılmalıdırmı? - RƏYLƏR
Tarix: 30-06-2020, 16:18 | Çap et
Karantin rejiminin müddəti uzadılmalıdırmı? - RƏYLƏR

Hazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır. Karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanıb və gündəlik orta rəqəm 520-550 arasında müəyyənləşir. Əvvəlki təcrübəyə əsasən, demək olar ki, karantin rejiminin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı çox böyükdür.

Milli Məclisin deputatı İlham Məmmədov “Report”a bildirib ki, koronavirus pandemiyası bəşəriyyəti ölüm-dirim mübarizəsi arasında qoyub:

"Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri də pandemiyanın heç də azlamadığını və müsbət dinamikanın zəif olduğunu bildirib. Bütün bunları nəzərə alaraq ölkədəki epidemioloji vəziyyət, virusun yayılması ilə mübarizə Nazirlər Kabineti yanında Operativ Qərargahın təhlilləri əsasında aparılır. Gün ərzində yayılmanın epidemioloji vəziyyəti, yayılma zəncirinin hansı səviyyədə olması müəyyənləşdirilir və buna uyğun qərar veriləcək. Bu gün tətbiq edilən sərt karanatin rejiminin yumşaq keçirilməsi üçün insanlara şərait də yaradıldı. Ancaq acınacaqlı vəziyyət baş verdi. İnsanlar yumşalmalardan istifadə edərək yoluxma saynın daha da artmasına rəvac verdilər. Bütün bunların nəticəsində bu gün karantin rejiminin davam edib-etməməsi məsələsi gündəmə gəlib. Əgər dinamikada artım varsa, onun üçün qabaqlayıcı tədbirlər tətbiq olunmalıdır. Ancaq o hansı formada keçiriləcək? Çünki insanların zəruri tələbləri, iş şəraiti, xidmət sahələri nəzərə alınaraq bir qərar vermək olar. Ayın 5-nə kimi vaxtımız var. Arzu edək ki, yayılma dinamikası azalsın".

İlham Məmmədov
Deputat qeyd edib ki, insanların fərdi məsuliyyəti çox önəm daşıyır:

"Bu gün tətbiq edilən cərimələr və onun qaldırlmasının məqsədi insanlara maddi ziyan vurmaq deyil. Məqsəd insanlara işin nə qədər ciddi olmasını çatdırmaqdır. Məsuliyyətli olmalarına çağırışdır".

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki, görülən tədbirlər öz nəticəsini verir:

"Amma bununla belə 500 rəqəmi çox böyükdür. Müqayisə üçün deyim ki, əhalisi Azərbaycandan 8 dəfə çox olan Almaniyada gündəlik yoluxma sayı cəmi 700 nəfərdir. Yəni biz bu rəqəmi azaltmaq üçün çox böyük işlər görməliyik. Karantin rejiminin ilkin nəticələri iki həftə sonra bilinəcək. Ümid edirəm ki, müəyyən nəticələr olacaq. Ancaq bunun üçün məhdudiyyətlərə və qaydalara əməl etmək lazımdır. Yəni maska taxmalı, sosial məsafə gözlənilməli, gigiyenik qaydalara riayət etməli və eyni zamanda koronavirusun təhlükəli bir xəstəlik olduğunu bilməliyik”.

Aydın Mirzəzadə
Deputat məsələnin həllində ikitərəfli yanaşmanın olmasını bildirib:

“Bir tərəfdən dövlətin bu məsələyə diqqət və qayğısını göstəməli, digər tərəfdən isə hər bir vətəndaş bu işdə məsuliyyətini dərk etməlidir. Koronavirus hiylə qəbul etmir, o, insanlara fərq qoymur. Kim ki səhv buraxdı onu tutur. Digər tərəfdən də, evdə bir nəfərin xəstələnməsi bütün ailənin, yaxınların xəstələnməsidir. Buna görə də dövlətin qoyduğu karanti qaydalarına riayət etmək hər kəsin borcudur. Ümumilikdə Azərbaycan bu günə kimi dünyada olan bütün təcrübələrdən yararlanıb. İstər karantin rejimi olsun, istər həftəsonu qadağaları və cərimələrin artırılması olsun. Ancaq qaydalara riayət etməklə xəstəliyə qalib gələ bilərik. Biz bunu bacararıq”.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net