“Əgər kimsə maska taxmırsa, bu, xəyanətdir” - deputat
Tarix: 29-06-2020, 16:00 | Çap et
“Əgər kimsə maska taxmırsa, bu, xəyanətdir” - deputat

“Son günlər koronavirusa yoluxma hallarının sayının artması cəmiyyətdə ciddi narahatlıq doğurur”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, virusun yayılmasına imkan yaradanların hərəkətlərinə heç də biganə yanaşmaq olmaz:

“Əgər kimsə qaydalara əməl etmirsə, maska taxmırsa, tibbi-gigiyenik qaydaları pozursa, özü yoluxub insanları da yoluxdurursa və bu yoluxmalar insan tələfatına, ölümə səbəb olursa, heç də bunu laqeydlik kimi qiymətləndirmək düz deyil. Bu, dövlətin bu sahədə gördüyü tədbirlərə kölgə salmaq, insanların məhvinə yol açmaq, açığını desək bir cinayətdir, xəyanətdir, qətldir. Buna görə də belə əməlləri doğuran insanlar haqqında cəzaların sərtləşdirilməsi çox doğrudur. Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliklər bu zərurətdən irəli gəlir. Çünki bu gün dünyanın koronavirusa qarşı mübarizə apardığı bir dövrdə insanların qaydalara əməl etməməsi demək olar ki, yoluxmanın gündən-günə artmasına səbəb olacaq. Bu da ölkəni çox ağır vəziyyətə sala bilər”.

Tahir Rzayev koronavirusa qarşı mübarizənin ümumxalq mübarizəsi, bəşəri mübarizə olduğunu bildirib:

“Həm də bu milli təhlükəsizlik məsələsidir. Milli təhlükəsizlik məsələsində, dövlətin təhlükəsizliyində heç bir güzəştə yol vermək olmaz. Ona görə də düşünürəm ki, cəzaların sərtləşdirilməsi reallıqdan irəli gəlir və günün tələblərindən doğur”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net