102 illik şərəfli yolun davamçıları - hərbi hissədən - VİDEO - REPORTAJ
Tarix: 26-06-2020, 14:22 | Çap et
102 illik şərəfli yolun davamçıları - hərbi hissədən - VİDEO - REPORTAJ

1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini yaradan böyük şəxsiyyətlər, təxminən, 1 ay sonra növbəti tarixi addım atırlar. İyunun 26-da Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılır. Beləliklə, həmin gün tariximizə Milli Ordunun təməlinin qoyulduğu gün kimi daxil olur. Bir əsrdən çoxdur davam edən bu yol heç də hamar olmayıb, çox ağır döyüşlərdən, sınaqlardan keçib. Ordumuz xalqın ümid yeri, qürur mənbəyi, Vətənin döyünən ürəyi, görən gözü olub...



Amma Azərbaycan əsgəri tarixi sözünü hələ deməyib və öz missiyasını yerinə yetirmək istiqamətində inamla irəliləyir. Orduda aparılan islahatlar, bacarıqlı gənc kadrların qabağa çəkilməsi, alınan müasir silah-sursat, texnika, keçirilən genişmiqyaslı təlimlər, yeni hərbi hissələrin istifadəyə verilməsi, şəhərçiklərin tikintisi, şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər tarixi QƏLƏBƏNİ – işğal altındakı torpaqlarımızın azad olunacağı günü daha da yaxınlaşdırır.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin tək amalı işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsidirsə, cəmiyyətin də vəzifəsi ordunu təşkil edən şəxsi heyəti daim diqqətdə saxlamaq olmalıdır. Yalnız bu halda ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində inamlı addımlar atılmasından söhbət gedə bilər. Çünki Vətənin bütövlüyünə gedən tək yol milli birlikdən keçir. Milli birlik isə milli kimliyimizin pasportudur.

Bu gün yolumuz Azərbaycan Ordusunun ön xəttə yaxın yerləşən “N” saylı hərbi hissəsinədir.

Bakı küləyinin sərinliyini Haramı düzünün istisində yada salırıq. Ancaq düşünəndə ki, irəlilədiyimiz yol bizi Silahlı Qüvvələrimizin heyəti ilə tanışlığa aparır, hər şey qaydasına düşür.

Yolboyu yanmış sarı kolların yaşıl mənzərə ilə əvəzlənməsi ünvana yaxınlaşdığımızdan xəbər verirdi. Səfərboyu sanki hamımızın hərbi bileti vardı... Axı bu gün hamımız əsgərik!

“Salam, əsgər!”

Koronavirus (COVID-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlər ilə əlaqədar nəzarət-buraxılış məntəqəsində gözləməli oluruq. Qoruyucu geyimli hərbi qulluqçular əvvəlcə nəqliyyat vasitəmizi dezinfeksiya edirlər, sonra özümüz spirtlənirik. Maşında lazımi qədər spirtləndiyimizi inandırmağa çalışsaq da, xeyri olmur, deyirlər ki, qayda qaydadır. Biz də tələb olunan bütün sanitar-epidemioloji prosedurları sözsüz yerinə yetiririk.

Qərargahda üçrəngli bayrağın yanında məğrur dayanan əsgərin hərbi salamı bizim də sağ əlimizi gözümüzün kənarına aparır: “Salam, əsgər!”

Hərbi hissə belə olar!

Böyük ərazini əhatə edən hərbi hissə 5 il öncə istifadəyə verilib. Burada şəxsi heyətin xidməti yerinin yaxşılaşdırılması üçün görülən işlərlə tanış oluruq. Hərbi hissədəki obyektlərin hamısı zəruri avadanlıqla təchiz olunub, kommunukasiya xəttləri çəkilib və ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb.

İşıqlı dəhlizlərlə irəliləyərək yan otaqlara keçirik: təlim, geyim, növbətçisi, istirahət, qonaq otaqları, saxlanclar və digər inzibati otaqlar isitmə-soyutma sistemi ilə tam təchiz olunub.

“Elə bilirəm, öz balalarıma qulluq edirəm”

Geniş əsgər yeməkxanasında yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün müasir tipli avadanlıq quraşdırılıb. Əraziyə baxış keçirdikdən sonra hərbi hissədə çalışan mülki əməkdaşlarla görüşərək söhbət edirik. Aşpaz Dilarə Babayeva deyir ki, hərbi hissə açılandan burada çalışır. Bundan əvvəl heç yerdə işləməyib:

“Bura iş yeri kimi baxmıram, elə bilirəm ki, evimdəyəm, öz balalarıma qulluq edirəm. Səhərlər xidməti maşınla hərbi hissəyə gəlirəm, axşamlarsa eyni qaydada evə qayıdıram. İşim çox rahatdır. Özümlə qürur duyuram ki, burada işləyirəm”.


O bildirir ki, əsgərlərə gündə üç dəfə yemək verilir, hər dəfə də menyuda fərqli xörəklər olur. Əsasən milli yeməklərə üstünlük verildiyini deyən aşpaz bizə həmin günün menyusu haqqında danışır:

“Bugünkü menyuda qazan kotleti, sulu yemək, aş, salat, mövsümi olaraq meyvə şirəsi, meyvə və şirin çörək var. Sabah isə indikindən fərqli qidalar olacaq. Çalışırıq ki, əsgərə qidalarla lazım olan gündəlik kalorini verə bilək”.

Hazırda bir əsgərin sutkalıq ərzaq norması 4 000 kaloridir.

Əlavə edək ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasında ərzaq məhsullarının müayinəsi aparılır, ərzağın tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edilir. Bioloji analizlərdən sonra məlumat verilir ki, bu ərzaq yararlıdır, ya yox.

Ordunun mülki işçiləri

Tanış və xoş qoxu bizi yaxınlıqdakı çörək sexinə aparır. Müxtəlif iri ölçülü xəmir yoğuran maşınlar, sobalar, buxar avadanlığı və digər texnikaların hərəkəti nəticəsində hazırlanan kürə çörəyini yerindəcə dadmamaq mümkün deyil.

Bu avadanlıqdan məharətlə istifadə edən mülki işçilərlə danışırıq. Əllərindəki əlcəyi, üzlərindəki maskanı, başlarındakı iş papağını çıxarırlar və kənarda söhbətləşirik.

İlkin Dadaşov 5 ildir burada işləyir, evlidir. Hər gün işinin başında olmaq üçün hərbi hissədən göndərilən maşınla işə gəlir. Ailəsi ilə məcburi köçkünlər üçün tikilən binada yaşayır:

“Həqiqi hərbi xidməti başa vurandan sonra ikinci dəfə hərbi hissədə olmaq mənim üçün qürurvericidir. İş yoldaşlarıma görə də sevinirəm, çünki onların nə işsizlik problemləri var, nə də işdə narazılıqları”.

Ərzaq ehtiyatı boldur

Söhbəti bitirəndən sonra bizi bir sual düşündürür: gediş-gəlişdə hansısa çətinlik yaranarsa, yaxud fövqəladə vəziyyət olarsa, ehtiyat ərzaq təminatımız varmı və nə qədərdir?

Bu suala cavab tapmaq üçün 100-dən çox adda ərzaq məhsulunun saxlandığı anbarlara və saxlanc yerlərinə baxmaq lazım gəlir.

Müxtəlif çeşidli ərzaq və ət anbarında ət, balıq, toyuq, kərə yağı, qarabaşaq yarması, makaron, qovrulmuş vermeşil, noxud, lobya, mərci, yumru düyü, uzun düyü, bulqur yarması, meyvə saxlanılır. Bir neçə min tonluq saxlanc yerlərində şirələr və konservləşdirilmiş məhsullar da yer alır. Qoxusunun digər məhsullara keçməməsi üçün ədviyyatlar ayrıca otaqda olur. Bütün anbarlar temperaturu sabit saxlamaq üçün soyuducu sistemlə təmin olunub.

“Müdafiə Nazirliyinə məxsusdur!”

Satışının qarşısını almaq və keyfiyyəti təmin etmək üçün bütün növ ərzaq məhsullarının üzərində marka yazısı var:


“Müdafiə Nazirliyinə məxsusdur!”

Yataqxanadakı səliqə göz oxşayır

Əsgər həm yeməlidir, həm də geyinməlidir, deyib camaşırxanaya – qazanxanaya keçirik. Burada quru təmizləmə avadanlığı və tələb olunan bütün resurslar var. Qazanxana-camaşırxana-hamamxana kompleksində daimi avtomatik generator quraşdırılıb, su, qaz, işıq və digər kommunikasiya xətləri ilə təchiz edilib.

Paltarların avtomatik ütülənməsi üçün qurğunu görürük. Mülki şəxslər qurğuya kiçik müdaxilə etməklə avtomatlaşdırılmış mexanizm işə düşür.

İlin soyuq mövsümündə hərbi hissəni istilik sistemi və isti su ilə təmin etmək üçün qazanxana fəaliyyət göstərir. Qazanxananın mülki işçisinin nəzarəti altında qızdırıcılarla sutka ərzində istilik təmin edilir.

Əsgər yataqxanasına– kazarmaya da baş çəkirik. Yeni çarpayılar əvvəlkilərdən fərqli olaraq daha yüksək keyfiyyətli döşəklərlə və yastıqla təchiz olunub.

İşıqlı otaq, yeni çarpayılar, təmiz və səliqəli yataq dəstləri, akril adyallar, hər əsgər üçün fərdi olaraq ayrılmış xovlu əl-üz dəsmalları göz oxşayır.

Əsgərlər koronavirusdan belə qorunur

Şəxsi heyətin sağlamlığını daim nəzarətdə saxlamaq məqsədi ilə hərbi hissə ərazisində tibb məntəqəsi fəaliyyət göstərir. Məntəqə modern, geniş və işıqlı binada yerləşir. Hərbi qulluqçulara ixtisaslı tibbi yardımın göstərilməsi üçün müasir avadanlıqla təchiz edilmiş otaqlarda çoxsaylı çarpayılar var.

Koronavirus pandemiyası hərbi həkimlərin də işini artırıb. İndi həkim briqadası COVID-19-a görə şəxsi heyət arasında müvafiq maarifləndirmə işləri təşkil edir. Hərbi qulluqçuların gündəlik termometriyası aparılır. Mütəmadi profilaktik müayinələr keçirilir, gündəlik bədən hərarətinin ölçülməsi və ilkin tibbi yardım göstərilməsi prosedurları icra edilir.

Tibb məntəqəsinin rəisi Allahverdi Cəbrayılov deyir ki, kabinetlər müasir tibbi avadanlıqla təmin edilib. Burada fizioterapiya, stomatologiya, rentgen, ümumi diaqnostika (kardiologiya və oftalmologiya) kabinetləri fəaliyyət göstərir.


Qəbul otağında çeşidləmə prosesi aparılır. Tibb məntəqəsindəki stasionar və izolyasiya (təcrid) otaqları hazırlıq vəziyyətindədir. Yeməkxana, hamam və s. xəstələrin istifadəsi üçün daim hazırdır. Məntəqədə əsgərlərin müayinəsinə xüsusi fikir verilir. Zabitlərin dispanser müayinəsi planauyğun keçirilir, gigiyenik qaydalar gözlənilir.

Feldşer Emin Ağayev bildirir ki, hazırda şəxsi heyət əsasən baş ağrıları şikayəti ilə (neyrosirkulyator distoniya) müraciət edirlər. Xəstə əvvəlcə müayinə edilir, sonra ona təyinatı üzrə müalicə yazılır.

İnam yaradan mənzərə

Aparılan islahatlar nəticəsində Azərbaycan Ordusunda gördüyümüz mənzərə inam və ümidimizi artırır. Bu ümidlərin birinci sırasında isə Ermənistanın işğalı altında olan torpaqlarımızın tezliklə azad olunacağı gəlir. Şəxsi heyətin döyüş hazırlığı və ruh yüksəkliyi imkan verir ki, növbəti səfərimiz işğal altında olan torpaqlarımızda tikiləcək hərbi hissələrdən birinə olsun.

Hərbi hissənin ərazisində ucaldılan nəzarət qülləsində əlisilahlı dayanan əsgərin hər an döyüşə hazır vəziyyətdə olması çox şeydən xəbər verir. Bunun üçün isə bir əmr yetər...




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net