QMİ-dən Həcc ziyarəti ilə bağlı açıqlama
Tarix: 26-06-2020, 12:36 | Çap et
QMİ-dən Həcc ziyarəti ilə bağlı açıqlama

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyindən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ünvanına məktub daxil olub.

QMİ-dən "Report"a verilən məlumata görə, iki Müqəddəs Məscid Xadiminin Azərbaycan Respublikasındakı Səfiri doktor Həməd bin Abdulla bin Xudeyrin imzaladığı müşayiət məktubu ilə Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatı QMİ-yə təqdim olunub.

Bəyanatda bildirilir ki, Səudiyyə Ərəbistanı Krallığı Müqəddəs Allah Evinin qonaqlarına və Peyğəmbər (S) Məscidinin ziyarətçilərinə öz Həcc və Ümrə ayinlərini təhlükəsiz, sağ-salamat şəraitdə icra etməsinə imkan yaratmaq üçün daim səy göstərir. Koronavirusun üzə çıxdığı ilk dövrlərdən Allahın qonaqlarının qorunması üçün Krallıq qabaqlayıcı tədbirlər görərək ümrə ziyarətini dayandırıb və bu qərar müsəlman ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən bəyənilərək, pandemiyanın qlobal miqyasda qarşısının alınmasında böyük rol oynayıb.

Yeni tip koronavirusun (COVİD-19) dünyanın 180 dövlətində yayılması, çox sayda yoluxub vəfat edənlərin, dünya üzrə milyonlarla ölçülən yoluxma sayını nəzərə alaraq, Səudiyyə Ərəbistanı Krallığı Səhiyyə Nazirliyi yoluxmanın fərdlərin təhlükəsiz formada məsafə saxlamasının təmini çətin olan toplantılarda təhlükə yaratması səbəbilə qərar verib.

Sənəddə bildirilir ki, hazırda pandemiyanın davam etdiyi, qlobal miqyasda yoluxma səviyyəsinin artdığı bir şəraitdə qərara alınıb ki, bu il (hicri 1441-ci il) Həcc ziyarəti Krallığın daxilindəki müxtəlif ölkə vətəndaşları arasından buna istəyi olanların iştirakı ilə çox məhdud sayda təşkil olunsun. Burada məqsəd bu ayini sağlamlıq cəhətdən təhlükəsiz formada həyata keçirməyə səy göstərməkdir. Bu, İslam şəriətində insan həyatının Allahın izni ilə qorunması hökmünə əsasən profilaktik tələblər, lazımi sosial məsafə, insan sağlamlığının qorunmasının təmini üçün həyata keçirilib.

Bəyanatda xüsusi vurğulanır ki, İki Müqəddəs Məscid Xadiminin Höküməti hər il milyonlarla Həcc və ümrə zəvvarlarına xidmət etməkdən şərəf duyaraq bəyan edir ki, bu qərar onun zəvvarların təhlükəsizliyi və salamat şəkildə ölkələrinə qayıtmaları üçün göstərdiyi davamlı səylərdən irəli gəlir.

Azərbaycan Həcc Missiyasının təşkilatçısı olan dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatını təqdir edir, burada əksini tapan məqamların zəruri olduğunu qəbul edir və İki Müqəddəs Məscid Xadiminin miyonlarla insanın xəstəlikdən qorunması və həyatının xilası məramı ilə atdığı mühüm addımları bəyənir.

Uca Allaha dünyanı, bəşəriyyəti pandemiyadan qoruması üçün dualar edir, gələcək Həcc və Ümrə ziyarətlərinin yerinə yetirilməsini niyyətində olanlara qismət etməsini diləyirik.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net