Gülnaz Dadaşova Kardiologiya İnstitutunun əməkdaşlarını məhkəmələrdə süründürür
Tarix: 5-09-2019, 06:28 |
Çap et
C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna gəlişi ilə təlatümlər yaradan, böyük bir kollektivi pərən-pərən salan, əmək fəaliyyəti ilə deyil məhkəmə çəkişmələri ilə məşğul etməyə vadar edən Gülnaz Dadaşovanın qanunsuz əməlləri artıq sərhəd tanımır. Kardiologiya İnstitutunu özəl müəssisəsi hesab edən, rəhbərlik etdiyi şəxslərlə orta əsrlər təfəkkürü ilə rəftar edən bu xanım rəhbərliyə başladığı ilk gündən peşəkar kadrları işdən azad etməyə, institutdan uzaqlaşdırmağa başlayıb. Əvəzində isə heç bir praktik təcrübəsi, kardiologiya ilə yaxından-uzaqdan bağlılığı olmayan, yalnız müəyyən “kriteriyalara” cavab verən şəxslər instituta toplanılır. Bu zaman “rəhbərə sədaqət” amili xüsusi olaraq qiymətləndirilir. Bu gün Kardiologiya İnstitutunda baş verənlər əsl xaos, anarxiyanın təzahürüdür. Yarıtmaz idarəçilik, qeyri-peşəkar rəhbərlik, kadrlara qarşı total ayrı-seçkilik böyük narazılıqlar formalaşdırıb. İndi Kardiologiya İnstitutunun əməkdaşlarını daha çox məhkəmələrdə görmək olar. G.Dadaşovanın sayəsində yaxın zamanlarda onlar həm də yaxşı hüquqşünas olacaqlar.
İnstitutdan qanunsuz, heç bir əsas olmadan uzaqlaşdırılan əməkdaşlar məhkəmələrdə ədalət axtarırlar. G.Dadaşova tərəfindən işdən azad olunana onlarla əməkdaşdan biri olan Kardiologiya İnstitutunun əməkdaşı da belələrindəndir. Heç bir hüquqi əsas göstərilmədən, əmək qanunvericiliyinin tələblərinə zidd olaraq işdən çıxarılan Kardiologiya İnstitutunun əməkdaşı Rubrika.az saytına müraciət edərək pozulan hüquqlarının bərpasına yardımçı olmağımızı xahiş edir.
Əməkdaş bildirir ki, G.Dadaşovadan işdən azad olunmasınının səbəbləri ilə maraqlandıqda olduqca absurd bir cavab alıb. Ona bildirilib ki, hər şey Səhiyyə nazirliyi ilə razılaşdırılıb. Təbii ki, bu özünün qanunsuz fəaliyyətinə Səhiyyə nazirliyini də ortaq etmək cəhdindən başqa bir şey deyildir. Bu gün məhz bu “özfaliyyətin” nəticəsidir ki, onlarla təcrübəli həkim məhkəmə qapılarında sürünməyə məcburdur. Plagiat elmi fəaliyyətlə məşğul olan G.Dadaşovanın rəhbərlik istedadı “yazdığı” elmi işindən elə də fərqlənmir. Rubrika.az saytı xəbər verir ki, böyük bir tibb ocağına rəhbərlik edən G. Dadaşovanın elmi işi başdan-ayağa plagiatdır. “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan bu elmi işin 38 səhifəsi tamamilə köçürmə-plagiatdır .Məlumata görə, zəif tərzdə yazılmış,plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da sonradan hansısa yollarla “dahiyanə əsər”in də bəxti açılıb. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olunub və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bilib. Rubrika.az saytı bu məsələni diqqətdə saxlayır və məsələnin araşdırılması üçün Ali Attestasiya Komissiyasına müraciət ünvanlayıb.
Elm aləminə gəlişi ilə saxtakarlığa imza atan G.Dadaşova rəhbəliyə gəlişi ilə daha böyük “yeniliklərə” imza atmaqdadır. Rəhbərlik etdiyi institutun kabinetlərini satan rəhbərin hansı təfəkkürə,idarəetmə tərzinə malik olduğunu yəqin ki,izah etməyə ehtiyac yoxdur.
İnanırıq ki, Azərbaycan səhiyyəsinin böyük himayədarı Mehriban xanım Əliyeva tezliklə şəxsən bu məsələni diqqətdə saxlayacaq. Çünki,ötən hər gün Kardiologiya İnstitunda vəziyyəti daha da acınacaqlı edir. Bu böyük elm ocağı ömründə silah görməyən birisinin əlində partlayıcı maddəyə bənzəyir. G.Dadaşova isə artıq partlayışın qığılcımlarını alovlandırıb!
Nicat Mahmudov
Rubrika.Az