“Azərcell” abonentləri necə aldadır...
Tarix: 6-03-2017, 16:36 |
Çap et
Çinin ZTE korporasiyası dünyada ilk dəfə mobil şəbəkənin beşinci nəslini – 5G-ni dəstəkləyən smartfonların istehsalına başlayıb. Gigabit Phone adlanan smartfon 1 giqabit saniyə (1024 meqabit saniyə) yükləmə sürətiylə 5G mobil əlaqəni dəstəkləyə bilir. Yüksək sürət hesabına istifadəçilər ilk dəfə olaraq HD video-nu belə dəstəkləyən sürətlə “bulud hövzələri”nə (ingiliscə – onedrive) çıxış əldə edə biləcəklər. Amma Azərbaycanda hələ abunəçilər 4G-dən normal istifadə də bilmirlər.
“Azərbaycanda guya ən yaxşı sürət, ən yaxşı xidmət olan Azercell-in 4G şəbəkəsinə qoşuldum. Təbii ki, mənim 4G ilə bağlı illüziyalarım yox idi, amma heç olmasa, normal internet verilsəydi, papağımı göyə atardım”. Bakı sakini Rafiq Məmmədli bu il fevralın 1-də “Azercell Telekom”un 4G şəbəkəsinə qoşulandan sonra başına gələnləri AzadlıqRadiosu ilə bölüşür. Onun sözlərinə görə, bu bir ayda başa düşüb ki, Azərbaycanda nəinki əsl 4G, heç əsl 3G də yoxdur!
“Əvvəlcə giriş sürəti təxminən 10 meqabit saniyə idi. 4G şəbəkəsində isə normal sürət 100 Mbps ətrafında olmalıdır, 3G-də isə normal sürət 20 meqabit saniyədir. Mənim aldığım aparat isə 10-u göstərirdi! Bunun üçün aylıq 30 manat, aparata isə 120 manat ödəmişəm. Çıxış yolumun olmadığını görüb bununla barışdım. İki həftə sonra isə sürət 1-ə, 2-ə düşdü”.
Bundan sonra o, “Azercell Telekom”a şikayət edib. Bu zaman verilən cavab abunəçini şoka salıb: “Biz heç nəyə qarantiya vermirik”. Rafiq Məmmədli bu dəfə İqtisadi İnkişaf nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətinə şikayətlənib və yazıb: “Azercell-in təklif etdiyi 4G şəbəkəsi, vəd edilən yüksək sürət yoxdur. Bu, başdan-ayağa fiksiyadır. Azercell-in provayder kimi təklif etdiyi İnternetdə heç 3G sürət də yoxdur”.
Bundan sonra “Azercell”dən zəng vurdular ki, sizin probleminizi həll etmək istəyirik. Ertəsi gün komissiya yaradıldı və araşdırma başladı. Bir əməkdaş göndərdilər. Məni şok edən o oldu ki, əməkdaş mənə “Sizdə 4G şəbəkəsi var, amma sıfır səviyyəsindədir” dedi. Məsləhət gördü ki, 4G cihazda 4G-ni ləğv edib, 3G-yə keçim. Halbuki yaşadığım Nərimanov rayonu ərazisində 4G şəbəkəsi “mövcuddur”. İndi 3G işlədirəm. “Azercell”də isə araşdırma gedir”.
AzadlıqRadiosu bununla bağlı “Azercell Telekom” MMC-yə yazılı müraciət edib. Bir neçə gün sonra qurumdan bildiriblər ki, abunəçinin şikayətiylə bağlı yoxlamalar aparılıb, həmin ərazidə ”3G şəbəkəsi ilə əlaqədar hər hansı çətinlik aşkar edilməyib”. Diqqət edin: 4G ilə bağlı yox, 3G ilə bağlı problem olmadığı vurğulanır. Halbuki abunəçi 4 G şəbəkəsinə qoşulub! Yeri gəlmişkən, “Azercell”-də 3G cihazların qiyməti 50, 4G cihazları 120 manatdır. Məktubun sonrası isə daha maraqlıdır:
“Diqqətinizə çatdırırıq ki, abunəçilər qarşısında “Azercell Telekom” MMC tərəfindən hər hansı öhdəlik götürülməmişdir ki, onun əldə etdiyi mobil telefon nömrəsi istənilən ərazidə və təbii şəraitdə, o cümlədən hər hansı ünvan və ya konkret ünvanın hansısa bir hissəsində aramsız və keyfiyyətli rabitə ilə təmin ediləcək”.