Əhməd Əhmədzadəni «ovcunda» saxlayan adam
Tarix: 16-02-2016, 10:13 |
Çap et
Azərbaycanda təbii inhisarlardan sayılan Meliorasiya və Su Təsərrüfatı QSC-nin büdcə vəsaitlərini «udduğu» sirr deyil. Əhməd Əhmədzadənin rəhbəri olduğu bu qurumun yerli idarə və müəssisələri də büdcədən ayrılan pullar hesabına bu illər ərzində xeyli varlanıblar. Bunu bir müddət əvvəl ləğv edilmiş Dövlət Satınalmalar Agentliyinin yaydığı məlumatlardan da aydın şəkildə sezmək mümkündür.
Meliorasiya və Su Təsərrüfatı QSC-nin nəzdində fəaliyyət göstərən və rayonun əkin sahələrinin suvarılması məsuliyyətini üzərinə götürmüş Abşeron Suvarma Sistemləri İdarəsində sözün həqiqi mənasında dərəbəylik hökm sürür. JAM.AZ xəbər verir ki, idarənin rəisi Yusif Ələsgərovun rəhbərliyi altında büdcədən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənmədiyini isə bilməyən yoxdur. Amma…
İşin amması ondan ibarətdir ki, idarəyə rəhbərlik edən Yusif Ələsgərovun heç kimin sözünə qulaq asmamaqla yanaşı, həm də intriqabaz biri kimi tanınmasıdır. Onun ümumilikdə götürdükdə Əhməd Əhmədzadəyə də əhəmiyyət vermədiyi deyilir. Səbəbi isə başqadır.
İlk olaraq sözügedən şəxsin keçmişinə bir qədər nəzər salaq. JAM.AZ-ın araşdırmalarına görə, Ələsgərov xeyli əvvəl Bakıelektrik İdarəsinin müdiri olub. Amma burada ulduzu uzun müddət parlamayıb. Ona görə ki, dövlət tədbirlərindən birində sabiq prezident Heydər Əliyev çıxış edərkən işıqlar sönüb. Durumun ağırlığından və üzləşəcəyi tənqidlərdən dolayı Yusif Ələsgərovun şəkəri qalxır və komaya düşür. Hətta onu zaldan xərəkdə xəstəxanaya aparırlar.
Məlumatlara görə, əslən Şərur rayonundan olan, “Bəy Mamed” kimi tanınan iş adamının xalası oğlu olan Ələsgərovun bəxti yenə gətirir. JAM.AZ-ın əldə etdiyi məlumatlarda vurğulanır ki, həmin olaylardan bir qədər sonra, yəni ortalıq sakitləşən kimi «Bəy Mamaed» Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova minnəçi düşür. Məclis sədrinə müraciət edən iş adamı ondan xahiş edir ki, ağır şəkər xəstəsi olan xalası oğlunun vəziyyətini Heydər Əliyevə çatdırsın. Həmçinin onu da təvəqqe edir ki, dövlət başçısı Yusifi bağışlasın və ona yeni bir iş versin. Bu danışıq uğurla başa çatır.
Və Yusif Ələsgərov «Azərsu» QSC-də işə düzəlir. Lakin burada da duruş gətirə bilməyib, yeni iddialarla çıxış etməyə başlayır. Qısa müddətdə birinci müavin, ardından isə QSC-nin prezidenti olmaq həvəsinə düşən sözügedən şəxs dinc durmayıb, «Azərsu»nun o vaxkı rəhbəri ilə bağlı kompromatları mətbuata ötürür. Bundan xəbər tutan «Azərsu»nun həmin vaxtkı prezidenti Oqtay Əsədov dərhal Ələsgərovu işdən çıxarır.
JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, qovulan Yusif Ələsgərovun yardımına bu dəfə də xalası oğlu çatır. «Bəy Mamed» bu dəfə onun xahişini Əhməd Əhmədzadədən edir. Qısa müddət ərzində adıçəkilən şəxs qeyd olunan qurumda fəaliyyətə başlayır.
Abşeron Suvarma Sistemləri İdarəsinə rəis təyin olunan Yusif Ələsgərov təbii ki, burada da köhnə şakərlərindən əl çəkmir. Qisas almaq üçün «Azərsu» haqqında bildiyi bütün məlumatları mətbuata ötürür və iş o həddə çatır ki, Oqtay Əsədovun az qala spikerliyinin üzərindən xətt çəkiləcəkmiş.
JAM.AZ xəbər verir ki, həmin vaxt Əsədov Əhmədzadə ilə danışaraq, ondan Yusif Ələsgərovu işdən çıxarmağı istəyir. Bu dəfə də qanının arasına «Bəy Mamed» girir və məsələ müsbət şəkildə həll olunur.
Maraqlı məqamlardan biri də odur ki, Abşeron Suvarma Sistemləri İdarəsinin müdiri, həm də Əhməd Əhmədzadəni ram edərək, onu «ovucu»nun içində saxlamağı bacarır. Məlumatlara görə, Ələsgərov QSC rəhbərini daima təzyiq altında saxlamaq üçün hal hazırda da mətbuata bəzi məlumatlar sızdırır. Ki, Əhmədzadə ondan daima asılı vəziyyətdə qalsın.
Qeyd edək ki, Abşeron Suvarma Sistemləri İdarəsi böyük bir əraziyə nəzarət etsə də, ona il boyu ayrılan vəsaitin həcmi heç bir Suvarma Sistemləri İdarəsində müşahidə edilməyib. Bunun konkret səbəblərinin olduğunu iddia edən mənbə vurğulayıb ki, Əhməd Əhmədzadə Ələsgərovun qarşısında duruş gətirə bilmədiyi üçün ona xeyli güzəştlər edir.
JAM.AZ onu da bildirir ki, Yusif Ələsgərov hətta Əhmədzadənin köməkçisini də pulla ələ alıb. Məqsədi isə QSC rəhbərinin yerinə keçməkdən başqa bir şey deyil. Bunun üçün isə hazırda mətbuata informasiyaların sızdırılması hazırlıqlarına başlayıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.