Elmar Vəliyevdən prezidentə ŞİKAYƏT
Tarix: 9-02-2016, 09:30 |
Çap et
Ötən saylarımızdan birində redaksiyamıza müraciət edən sahibkar xanım Venera Rüstəmovanın prezidentə müraciətini dərc etmişdik. V.Rüstəmova bildirmişdi ki, həyat yoldaşı qətlə yetiriləndən sonra onun biznesini özü idarə etməyə başlayıb. “Qətlə yetirilən iş adamının xanımı prezidentdən kömək istəyir” sərlövhəli yazıda sahibkar xanıma məxsus olan və Gəncədə yerləşən torpaq sahəsinin zəbt olunmasından söhbət açılırdı.
V.Rüstəmova bir daha redaksiyamıza müraciət edərək bildirib ki, prezidentə müraciətindən sonra Gəncənin icra başçısı Elmar Vəliyev onu qəbuluna çağırıb: “Cənab başçı görüşümüzdə üzləşdiyim problemə həssaslıqla yanaşdığını bildirdi və kömək edəcəyinə dair söz verdi. Çox sevindim. Düşündüm ki, 5 ildir çəkdiyim iztirablara son qoyulacaq. Həmin vaxtdan bu günə qədər 4-5 dəfə Gəncə şəhərində cənab Elmar Vəliyevlə görüşlərim olub. Amma əfsus ki, bunların heç bir müsbət nəticəsi olmayıb. Elmar Vəliyevlə görüşümüzdə cənab başçı dönə-dönə vurğuladı ki, sənin torpağında hardasa 15-20 ev tikilib və 20 ailəni oradan çıxartmaq mümkün olan iş deyil.
Mənim mülkiyyət hüququm pozulub. İndi sizlərdən soruşuram: mən nə edim?! Mən heç kimə əl açmıram, heç kimdən sədəqə istəmirəm. Əgər torpağımı qaytarmaq mümkünsüzdürsə, onda torpağımın dəyərini ödəsinlər. Buradan Elmar müəllimin böyük qardaşları, hərbi prokuror Xanlar Vəliyevə, o cümlədən Eldar Vəliyevə müraciət edirəm. Onlar respublikada kifayət qədər nüfuza malik böyük bir quruma rəhbərlik edirlər. Xanlar müəllim çox savadlı hüquqşünasdır. Hörmətli Xanlar müəllim, məni öz bacınızın yerinə qoyun. Mən ailə başçısını itirmiş dul bir qadınam.
Azyaşlı oğlum daun sindromundan əziyyət çəkir. Günün günorta vaxtı hər kəsin gözü qarşısında vəhşicəsinə həyat yoldaşımı qətlə yetirən, azyaşlı uşaqlarımı atasız qoyan Nadir Orucovun məhkəməsi 5 ildir ki, süni şəkildə uzadılır. Sizin kimi Azərbaycanın mərd oğullarına yaraşar ki, tək qalmış dul bir qadının dərdinə şərik olasınız, əlinizdən gələn köməkliyi edəsiniz. Xanlar müəllim, çox xahiş edirəm, ağsaqqallıq göstərin, böyüklük göstərin və bu məsələnin qanuni həllinə öz töhfənizi, köməkliyinizi göstərəsiniz. Mən ancaq və ancaq tapdalanmış hüquqlarımın bərpa edilməsini istəyirəm”.
V.Rüstəmova xarici təşkilatlara müraciət etmək istəmədiyini bildirib: “Bir daha bu məsələnin həll edilməsi üçün üzümü cənab prezidentə tutub qətlə yetirilən iş adamının həyat yoldaşı olaraq ondan kömək istəyirəm. Cənab Prezident! 5 ildir ki, mənim mülkiyyət hüququm hər hansı adi vətəndaş tərəfindən deyil, Sizin inanıb etibar etdiyiniz, böyük bir şəhərin müqəddəratını tapşırdığınız Elmar Vəliyev tərəfindən pozulub.
Cənab Prezident!
Bütün Azərbaycan vətəndaşlarının konstitusiya ilə hüquqlarını qoruduğunuz üçün üzümü Sizə tutub xahiş edirəm, tapdalanmış hüquqlarımın bərpası üçün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə göstərişinizi verib mənə köməklik göstərəsiniz".