Məleykə Abbaszadənin Eldar Quliyevlə ortaq işi
Tarix: 27-01-2016, 11:19 | Çap et
Məleykə Abbaszadənin Eldar Quliyevlə ortaq işi
Dünən bizimdovr.az-a daxil olmuş yeni məlumatda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadənin tutduğu vəzifədən azad edilməsinə səbəb olmuş maxinasiyanın təfərrüatları barədə növbəti açıqlamalar təqdim olunub. Mövzuya dair qəzetimizin 22.02.2016-cı il tarixli sayında dərc olunmuş məqalədə də qeyd etdiyimiz kimi, TQDK-dan bu məmurun öz ərizəsi ilə işdən azad edildiyi bildirilsə də, əslində bu açıqlama həqiqəti heç də olduğu kimi əks etdirmir. Məsələ bundadır ki, Elnur Nağızadənin işdən azad olunmağı onun öz xahişi ilə deyil, TQDK-nın sədri Məleykə Abbaszadənin məcburi qaydada verməli olduğu əmrlə, həm də müvafiq maddə əsasında baş tutub. Bu barədə aldığımız məlumatda göstərilirdi ki, Elnur Nağızadə artıq bir neçə ildir ki, TQDK-da ali məktəblərə qeyri-qanuni tələbə qəbulu ilə məşğul olan əsas fiqur kimi çıxış edirdi. Belə ki, qəbul imtahanlarından sonra, ali məktəblərin bir çoxunda qalan “boş yerlərə” Elnur Nağızadə müəyyən vətəndaşlardan aldığı pulların müqabilində onların övladlarını yerləşdirirdi. Həm də bu ilə qədər, bu prosedur hər dəfə problemsiz ötüşürdü. Lakin bu il vəziyyət qəflətən dəyişdi. Məlum olduğu kimi, Təhsil naziri Mikayıl Cabbarov 2015-ci ildə universitetlərdə boş qalan yerlərə qəbul üçün keçid balını aşağı salmamaq barədə qəbul etdi. Aldığımız məlumata görə, TQDK-nın mətbuat xidmətinin keçmiş rəhbəri bu qərar üzündən nə az, nə çox, düz 298 nəfər qarşısında boynuna götürdüyü “öhdəlikləri” yerinə yetirə bilməyib. Təbii ki, hər bir öhdəlik müəyyən məbləğdə, həm də kifayət qədər böyük məbləğdə pul müqabilində götürülüb. Baş vermiş fors-major halından sonra, yığılan pulların böyük bir hissəsi sahiblərinə qaytarılıb. Amma Elnur Nağızadə, yığdığı pulların özünə çatacaq hissəsini hələ qərar çıxmazdan əvvəl “xərcləməyə” macal tapıb. Bundan sonra öz pullarını geri tələb edən vətəndaşları isə, “bu gün, sabah” bəhanələrilə get-gələ salmağa başlayıb. Hətta açıqlamalara görə, bu məmur bəzi vətəndaşlara TQDK sədrinin imzası əks olunmuş saxta məktublar da verib. Lakin bu yaxınlarda aldadılan vətəndaşlar öz pullarının geri verilməsi tələbilə TQDK-ya kütləvi şəkildə üz tutblar. Beləliklə də, məsələ “böyüyərək” artıq yuxarı insyansiyaların diqqətini cəlb etməyə başlayıb. Məhz bu məqamda, TQDK sədri Məleykə Abbaszadə özünün qohumu, mətbuat xidmətinin rəhbəri və “pulyığanı” ilə vidalaşmaq məcburiyyətində qalıb.
Dünən aldığımız yeni məlumatda isə, TQDK rəhbərliyinin yaranmış problemin həlli üçün əl atdığı digər bir maxinasiyadan xəbər verilir. Mənbə bildirir ki, Məleykə Abbaszadə məhz Elnur Nağızadənin vasitəçiliyi ilə ötən ilin iyul-avqust aylarında Kooperasiya Universitetinin rektoru Eldar Quliyevlə danışıqlar apararaq, müəyyən razılaşmaya nail ola bilib. Bu razılaşmaya görə, Eldar Quliyevin qardaşı qızı Fatimə Quliyevanın direktoru olduğu Bakı Biznes və Kooperasiya Kollecinə 100 nəfərdən artıq “uğursuz” abituriyent yerləşdirilib. Bu qəbula görə isə onların hər birindən 3000 manat məbləğində pul alınıb. Təbii ki, əldə olunmuş ümumi məbləğ tərəflər arasında tən yarı bölünüb. Qeyd edək ki, bu maxinasiyada danışıqlar aparmaq kimi “məsul” işi görmüş Elnur Nağızadəyə ayrılan konkret məbləğ barədə mənbə dəqiq açıqlama verməyib...

Materialda adı keçən bütün tərəflərin mövqeyini əks etdirməyə hazırıq.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net