Hakim partiya namizədlərini nə vaxt açıqlayacaq?
Tarix: 11-08-2015, 10:21 | Çap et
Hakim partiya namizədlərini nə vaxt açıqlayacaq?
Milli Məclisin deputatları avqust ayının 30-da tətilə yekun vuraraq, işə başlayacaq. Plenar iclas isə sentyabrın 30-da olacaq. Bu isə əksər deputatlar üçün həm də son sessiya hesab oluna bilər.

Yeni parlament seçkilərinə iki aydan bir qədər çox müddət qalsa da, YAP yekun siyahısını hələ də açıqlamayıb. Bu ləngiməni bəzi hakim partiya yetkililəri müxalifətin seçki siyahısını açıqlamasını gözləməklə izah edir. Bu variant qismən reallığı əks etdirir; çünki müxalifət nə qədər zəifləsə də, onun ayrı-ayrı liderləri hələ də YAP namizədləri üçün istənilən dairədə rəqabət yaratmaq gücündədir. Amma məlumatlara görə, YAP-ın seçki siyahısının açıqlamaması daxili müzakirələrin bitmədiyi səbəbindən ləngiyir.

Belə iddialar var ki, YAP-ın iki siyahısı mövcuddur. Bu siyahıların birini, YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə partiyanın İdarə Heyəti hazırlayıb. Amma hələ İdarə Heyətində təsdiqlənməyib. İkinci siyahı isə Prezident Administrasiyasına məxsusdur ki, bu da gözləniləndir. Çünki illərdir ki, parlament seçkilərində PA-nın mövqeyi həmişə önəmli olub.

Xəbərlərdə deyilir ki, bu siyahılar arasında ciddi fərqlər var.

Məsələn, YAP-ın hazırladığı siyahıdan məlumatlı olduğunu deyən mənbəmiz iddia edir ki, “indiki deputatların yalnız yarısı siyahıya düşüb”. Bu iddia bundan əvvəl bu mövzuda yayılan xəbərləri tamamlayır. Məlumdur ki, YAP rəhbərliyi seçkiöncəsi bütün dairələrdə deputat fəallığı ilə bağlı nəticəsi hələ də açıqlanmayan monitorinq aparıb. Monitorinqinə görə, YAP-çı deputatların cəmi 8 nəfəri fəal olub, hakimiyyətin siyasətini təbliğ və müdafiə etməyi bacarıb. Qalanlarının fəaliyyəti isə passiv olub və partiyaya heç bir divident gətirməyib. YAP rəhbərliyinin hazırladığı siyahıda məhz həmin şəxslərə yer verilməyib.

Prezident Administrasiyası isə “komandadaxili mövqeləri nəzərə alaraq” siyahı tərtib edib ki, burada da yeni adlar var.

İqtidar partiyasını 125 dairənin hər birindən namizəd irəli sürməsinə “yuxarıdan” isti baxmırlar və belə hesab edirlər ki, bu proses YAP ətrafındakı partiyaları küsdürə bilər. Siyahlarda bir neçə dairədə də namizəd “toqquşmaları” var ki, bunu da hələ aradan qaldırmaq mümkün olmayıb. Yekun siyahı isə avqustun 15-dək prezidentə təqdim edilməlidir.

İddialara görə, iqtidarın siyahı tərəddüdünün daha bir mühüm səbəbi də Qərblə son aylar istiləşən münasibətlərdir. Hətta belə bir xəbər də var ki, iqtidar parlament seçkilərini “imkan daxilində” ədalətli keçirəcəyi, vicdan məhbuslarını isə noyabrın 1-dək azad edəcəyi vədi verib.
Beynəlxalq təşkilatların qarşıdan gələn parlament seçkiləri ilə bağlı mövqeyi kifayət qədər sərtdir. Avropa Parlamenti qərar verib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyəcək. Hətta Avropa Parlamentinin üzvlərindən kimlərinsə müstəqil şəkildə seçkini müşahidə etməyə getməsi də yolverilməz sayılıb. ATƏT-lə də əlaqələr Bakı ofisinin bağlanmasından sonra daha da zəifləyib. Bu halda parlamentin legitimliyi məsələsi ortaya çıxar ki, bu da iqtidar üçün vacibdir. Bu səbəbdən iqtidar seçki mühitini qismən də olsa ədalətli etmək, seçki kampaniyasını canlandırmaq haqda düşünür. Belə olduqda isə aydındır ki, YAP-ın bəzi “əvəzolunmaz”ları, eləcə də iqtidaryönlü partiyaların namizədləri siyahıdan kənarda qala bilər.

Məhz bu səbəbdən ötən seçkilərdə hətta bir neçə ay əvvəldən ürəklə deputatlıq iddialarını ortaya qoyanlar indi “bu barədə danışmağın tez olduğunu” və ya “YAP-ın qərarı nə olacaqsa...” deməklə kifayətlənirlər. Hamı gözləyir...

Siyahı ilə bağlı ən ilginc xəbərlərdən biri də deputat-rektorlarla bağlıdır. Hələ bir müddət əvvəl “Yeni Müsavat” yazmışdı ki, hakimiyyət bu məsələ üzərində çox düşünsə də, sonda onların iştirakını əngəlləməməyə qərar verib. Buna səbəb rektorların hər birinin “on minlərlə tələbənin səsinin parlamentdə təmsilçiliyi”dir. Onlar hakimiyyəti inandırıblar ki, seçki prosesindən kənarlaşdırılmaları ali məktəblərdə “siyasi mühitə” mənfi təsir edə bilər.

Bununla bağlı da YAP daxilində narazılıq var. Bir qisim hesab edir ki, rektorlara prezident yüksək etimad göstərib və onlara mandat da vermək lüzumsuzdur.
Bu sırada yalnız bir nəfər - Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri, Dillər Universitetinin rektoru Səməd Seyidov istisnadır və o, özünü rahat hiss edə bilər. Mümkündür ki, siyahı prezident səviyyəsində təsdiqləndikdə rektorlarla bağlı da son qərar veriləcək.

Müxalifət partiyaları da öz siyahılarını tərtib etməyə tələsmirlər. Burada da taktika aydındır: hakimiyyət üçün həyati əhəmiyyət kəsb edən fiqurların hansı dairədən irəli sürüləcəyini gözləmək olduqca məntiqlidir. Kimsə istəməz ki, hakim partiya və siyasət üçün vazkeçilməzlərdən sayılan deputatlığa iddiaçılarla eyni dairəyə düşsün.

Lakin müxalifət partiyalarının əksəriyyətinin başqa bir problemi də var: hazırda ölkədəki bütün seçki dairələrini əhatə edə biləcək sayda tanınan, ya da qismən tanınan namizəd tapmaq, tapılsa da, onları irəli sürərək, seçki prosedurlarını keçmək ciddi problemdir. Bir sıra “adlı-sanlı” müxalifət partiyaları, blokları nə hala düşdüklərini gizlətmək üçün boykot taktikasını təbliğ edirlər. Lakin, heç şübhəsiz, Müsavat kimi ciddi partiyalar da var ki, onlar seçkidə sona qədər iştirakda maraqlıdırlar.

Buradaca qeyd edək ki, hazırda demokratiya paytaxtlarını Bakıda təmsil edən səfirlik və şəxslər müxalifətin seçkilərə girməsi üçün maraqlı görünürlər. Əldə etdiyimiz məlumatlara görə, “qərblilər” müxalifətlə olan təmaslarda onları inandırmağa çalışırlar ki, “...meydana girmədən qələbədən, ya da məğlubiyyətdən” danışmaq, seçki sonrası proseslərdə rol almağa iddia etmək gülünc görünür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net