Apple iPhone-ları şarj cihazı olmadan satdığı üçün 19 milyon dollar dəyərində cərimələnib
Dünən Braziliya məhkəməsi Apple şirkətini 19 milyon dollar dəyərində cərimələyib. Əsas səbəb isə şirkətin iPhone-ları komplektdə şarj cihazı olmadan satmasındadır. Məhkəmənin qərarına əsasən şirkət Braziliyada satılan bütün iPhone modellərini şarj cihazı ilə təchiz etməlidir. Qeyd etmək lazımdır ki, Braziliyanın yerli assossiasiyası Apple şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırmışdı. San Paulu ştatının məhkəməsi isə qaldırılmış məhkəmə iddiası üzrə yekun qərarını çıxardıb. Braziliyanın istehlakçı və vergi ödəyicilərinin hüquqlarının qorunması üzrə yerli assossiasiyasının təmsilçiləri bildiriblər ki, Apple öz flaqman məhsullarını şarj cihazı olmadan satdığı üçün o, düzgün olmayan praktikadan istifadə edir.
Apple isə öz növbəsində bildirib ki, o, qəbul edilmiş məhkəmə qərarını apelyasiya məhkəməsinə verəcək. Daha öncə Apple dəfələrlə qeyd edib ki, cihazların şarj cihazı olmadan satılması öz növbəsində ətraf mühitin çirklənmə səviyyəsini aşağı salır. “Aydındır ki, ətraf mühitin çirklənmə səviyyəsinin aşağı salınması təşəbbüsü vasitəsilə Apple şirkəti istehlakçıları əlavə şarj cihazının alınmasına məcbur edir” - deyə məhkəmə qərarında qeyd edilib. Nəzərə çatdırmaq lazımdır ki, Apple ilə braziliyalı istehlakçılar arasında olan bu məsələ artıq uzun müddətdir ki, davam edir. Hələ sentyabr ayının əvvəlində Braziliya hökuməti qərar vermişdi ki, Apple sözügedən ölkədə bütün iPhone modellərini şarj cihazı ilə birlikdə satmalıdır. Həmin vaxtda Braziliya hökuməti şirkəti 2.3 milyon dollar dəyərində cərimələmişdi.
Technote.az