Azərbaycanda bahalaşmanın dayanacağı vaxt yaxındadırmı? - ARAŞDIRMA
Tarix: 9-10-2022, 13:47 | Çap et


2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, əvvəlki ilin avqust ayına nisbətən 120,8 faiz təşkil edib. Cari illə müqayisədə daha çox bahalaşma müşahidə olunub.

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, un məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının və s., ucuzlaşma isə əsasən təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində müşahidə olunub. Ancaq digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayına nəzər yetirsək, ərzaq məhsullarının qiymətindəki artım tendensiyası davam edib. Daha çox bahalaşma ət və ət məhsullarında müşahidə olunub. Sümüksüz ətin kiloqramı 16-17 manata, sümüklünün isə 14-15 manata satılır. İçkilər və tütün məmulatları 18,9 faiz bahalaşıb. Bununla yanaşı, çörək, un, peçenye, makaron məmulatları, toyuq əti, kolbasa məmulatları, süd və süd məhsulları, pendir, kəsmik, şəkərli süd, quru meyvələr, içki, şirə, su - bir sözlə, mağazalardakı həyat üçün önəmli olan əksər məhsulların qiymətində qiymət artımı müşahidə olunur.

Qiymət artımları oktyabr ayı üçün də eynilik təşkil edir. Ümumiyyətlə, 2022-ci il “bahalaşma ili” kimi yadda qalacaq.

Bəs görəsən, bahalaşmanın “stop” deyəcəyi vaxt yaxındadırmı? Bu tendensiya nə zamanadək davam edəcək?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bahalaşmanın bir istiqamət üzrə getmədiyini deyib:

“Problem kompleks təsirlər nəticəsində yaranıb. Son 10 il elə təkcə BMT-nin ərzaq təhlükəsizliyi ilə bağlı verilən bülletenlərə diqqət yetirsək, görərik ki, mütəmadi olaraq dünyada əsas ərzaq drayverlərinin qiymətlərində, indekslərində bahalaşma mərhələli gedir. Üç-dörd ay ardıcıl artım olur, sonra növbəti ay hər hansı bir məhsulun qiyməti azalırsa, bu o demək deyil ki, qiymət bahalaşması stoklandı. Əsas səbəb pandemiya oldu. Pandemiya bəşəriyyəti, ümumiyyətlə dünya iqtisadiyyatını ağlagəlməz problemlərlə üzləşdirdi. Makroiqtisadi zəncirlərin hamısı pozuldu. Bunun da nəticəsi olaraq qiymət bahalaşması problemi davam etdi”.

Ekspertin sözlərinə görə, bahalaşmanın digər bir səbəbi isə Ukrayna və Rusiya arasında başlanan münaqişə oldu:

“Bu il fevral ayının sonundan Ukrayna ilə Rusiyanın arasında gedən münaqişə nəticəsində hər ikisi bir neçə parametr üzrə dünya birinciliyinə daxil olur. Buğda, bitki yağları və digər məhsullar üzərində zəncirvari bahalaşma prosesi getdi. İndi ən təhlükəli vəziyyətdəyik. Panika dəhlizindəyik. Belə bir vəziyyətdə bəzi ölkələr əsası oldu-olmadı istehsal etdikləri məhsulların ixracına məhdudiyyətlər, kvotalar qoyurlar”.

F.İbrahimov qeyd edib ki, bahalaşma panika dəhlizi üzrə gedəcək:

“Kvotalar qoyulduğu halda bazarlarda panika yaranır. İmpulsiv olaraq qiymət artımına şərait yaranır. Bahalaşma prosesi davam edəcək. Bunu ancaq izləmək lazım olacaq. Bahalaşma ilə bağlı proqnoz vermək çətindir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov isə əlavə edib ki, bahalaşmada əsasən iki amil özünü büruzə verir:

“Ərzaq məhsullarının bahalaşması özünü bazarlarda büruzə verir. Bahalaşmada əsasən iki amil mövcuddur. İdxal olunan bəzi məhsullar var ki, onların bahalaşması təbiidir. Çünki onu ixrac edən, satan ölkə hansı qiyməti təklif edirsə, həmin qiymət çərçivəsində də bazara daxil olur. Bu özünü taxıl məhsullarında daha çox büruzə verir”.

Deputatın sözlərinə görə, idxal olunan məhsulların qiymətlərinin daxili bazarda artması təbiidir:

“Əkin sahələrinin genişləndirilməsi, subsidiyaların və güzəştli kreditlərin verilməsi kimi tədbirlər nəticəsində ərzaq bolluğunun yaradılması istiqamətində xeyli işlər görülür. Dövlət tərəfindən qiymət artımının süni yollarla qarşısının alınması üçün tədbirlər həyata keçirilir. Payız kənd təsərrüfatı məhsullarının yığılma dövrüdür. Çox bahalaşma getmir. Bütövlükdə idxal olunan məhsullar istisna olmaqla digər ərzaq məhsullarının qiymətlərinin artmasında, hesab edirəm ki, hər hansı bir narahatlıq yoxdur”.

baku.ws




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net