“MİSLİ” və “POZ, QAZAN” qumarı da fiaskoya uğradı - Ekspert danışır
Tarix: 7-09-2022, 09:47 | Çap et
“MİSLİ” və “POZ, QAZAN” qumarı da fiaskoya uğradı - Ekspert danışır

Son aylar “Misli” və “Poz, qazan” lotereyalarına maraq kəskin şəkildə azalıb. Bunu adi müşahidələr də təsdiqləyir. Əvvəllər köşklərin qarşısında izdiham, növbələr olardı, indisə tək-tük, adda-budda şəxs həmin mərc oyununda şansını yoxlayır.

Bu da ondan irəli gəlir ki, “Azərlotereya” ASC tərəfindən təşkil edilən mərc oyunları, əslində qumar heç də insanların etimadını qazanmadı. Hər dəfə aldığı kupon boşa çıxan, uduzan, pulu gedən adamlar anlamağa başladılar ki, şirnikləndirici mahiyyət daşıyan “Poz, qazan” qumarı fırıldaqdır, aldatmaqdır, cibə girməkdir.

Əgər kupon alanlar arasında hər 10 nəfərdən heç olmasa 4 nəfəri qalib gəlsəydi, bəlkə inam yaranardı, oynayanların sayı sürətlə artardı. Amma 10 kupondan elə 10-da qumar təşkil edən qalib gəlirsə, uzaqbaşı 1 nəfər uzağı qoyduğu pulu çıxarırsa, o halda niyə yenidən bu qumara baş qoşsunlar ki?! O baxımdan “Azərlotereya”nın layihəsi batmaqdadır və küçələrdə təşkil edilən bu mərc oyunlarına daha üz tutanlar yoxdur.

Sosioloq Elçin Bayramlının TİA.Az-a bildirdiyinə görə, artıq insanların çoxu başa düşdü ki, bundan heç bir xeyir yoxdur və bu oyunlardan nadir hallarda nəsə qazanmaq olar. Onun sözlərinə görə, əhalinin lotereyalara olan inamı getdikcə azalacaq, lakin yeni, fərqli, şirnikləşdirici lotereyalar yaradacaqlar:

“Lotereya bumunun yaranması üçün adətən iki səbəb olur: birincisi, əhalinin sosial vəziyyəti ağırlaşanda insanlar çıxış yolunu bunda görürlər, ikincisi, lotereyalara əvvəlcədən buraxılan uduşları qazananda insanlar arasında bu məlumat tez yayılır və maraq yaranır.

Belə ki, ilk başda uduşlar çox buraxılır, lotereyalar kütləviləşəndən sonra isə uduşlar azalır. Artıq insanların çoxu başa düşdü ki, bundan heç bir xeyir yoxdur, nadir hallarda nəsə qazanmaq olar. Çünki bir nəfərin udması üçün neçə min nəfər uduzmalıdır”.

Sosioloq hesab edir ki, lotereya bundan artıq irəli gedə bilməzdi: “Ona görə də proses getdikcə zəifləyəcək. Bunun qarşısını almaq üçün isə yeni, fərqli, şirnikləşdirici lotereyalar yaradacaqlar ki, insanların son qəpiklərini də əllərindən alsınlar.

Ümumiyyətlə, lotereya açıq-aşkar qumardır. Faktiki olaraq yığılan pulun hələ rəsmi deyilən məlumatlarda cəmi 50 faizinin uduşa buraxıldığı göstərilir. Lotereyalar neçə insanın bədbəxtliyinə səbəb oldu, buna görə ailələr dağıldı. Bu məsələlərə olduqca ciddi yanaşılmalıdır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net