“Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın vaxtaşırı olaraq Azərbaycanın və dövlət başçısının əleyhinə səsləndirdiyi açıqlamalarda məqsəd danışıqlar prosesinə “çomaq soxmaq”, Ermənistandakı revanşizmi alovlandırmaq və Ermənistan xalqının gələcəyini məhv etməkdir”.
Bu fikirləri Bizimyol.info saytına politoloq Tofiq Abbasov son zamanlar Ermənistanın sabiq prezidenti Serjs Sarqsyanın verdiyi açıqlamaları şərh edərkən səsləndirib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında nəhayət, sülh danışıqları üçün müəyyən imkanlar yaranarkən, sabiq prezidentin mətbuatda nalayiq çıxışlar etməsi təsadüfi deyil.
“O, sadəcə olaraq yenidən gündəm yaratmaq, Ermənistan daxilində özünə xal qazanmaq istəyir. Digər tərəfdən, danışıqlar prosesinə mane olaraq Ermənistan xalqının gələcəyini məhv etməyə çalışır. O və onun sələfi Robert Köçəryan 20 il ərzində Ermənistanın iqtisadiyyatı və ordusunu məhv ediblər, “Qarabağa azadlıq” adı ilə özlərinin və yaxın ətraflarının varlanmasına nail olublar. Artıq Ermənistandakı praqmatik adamlar da yaxşı anlayır ki, Azərbaycanla sülhdən başqa yol yoxdur”,- deyə politoloq bildirib.
Politoloq qeyd edib ki, yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir.
“Bu görüşə mən pozitiv baxıram. Hərçənd, Paşinyan yenə də daxili publika üçün oynamağa, müəyyən ritorikadan istifadə etməyə çalışıb, lakin Ermənistanın danışıqlara hazır olduğu və bundan başqa çıxış yolu olmamasını anladığı şübhəsizdir”,- deyə T.Abbasov vurğulayıb.
O əlavə edib ki, danışıqların davamlı olması Ermənistan baş nazirinin siyasi iradəsindən və məsələyə yanaşmasından asılı olacaq.
“Düzdür, Ermənistan tərəfi müəyyən şərtlər irəli sürür, lakin bu şərtlər daxili publika üçün təsiredici ola bilər. Unutmaq lazım deyil ki, Ermənistanın baş naziri danışıqlarda üstün tərəf deyil və Azərbaycan qarşısında hansısa şərt qoymağa siyasi və mənəvi haqqı çatmır. Bundan bir il əvvəl Ermənistan tərəfindən Azərbaycana qarşı yeddi şərt irəli sürülməsini və sonun necə olduğunu hamımız bilirik. Əsas danışıqların başlamasıdır. Düşünürəm ki, dövlət başçılarının görüşü münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sülhün bərqərar olunmasına töhfə verə bilər”, - deyə politoloq Tofiq Abbasov söyləyib.