Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək?
Tarix: 3-10-2021, 19:00 | Çap et

Plastik və ya dəmir qablardakı içkilərin daşınması prosesində iştirak edən personal, həmçinin bəzi istehlakçılarımız düşünürlər ki, məhsulun saatlarla günəş şüaları altında saxlanılmasından heç bir zərər gəlməz.

Yayın bürküsündə susuzluğumuzu yatırmaq üçün sərin içkilərə ehtiyac duyuruq. Zövqdən, seçimdən asılı olaraq marketlərdən qazlı və ya qazsız sular, müxtəlif şirələr alıb içirik. Həmin an bu qida məhsullarının istehlakçıya çatdırılana qədər harada və necə, hansı şəraitdə saxlanılması çoxumuzu maraqlandırmır.

Daha ətraflı “Kaspi” qəzetinin araşdırmasını təqdim edirik.

Mədə-bağırsaqda fəsadlar, maya göbələkləri

Fərqinə varmırıq ki, bəzi marketlər yer darısqallığından bu məhsulları tələb olunan şəraitdə deyil, küçədə, avtomobil yolunun kənarında, toz-torpağın içində, günəşin yandırıcı şüaları altına saxlayır, sonradan soyuduculara, içəridəki piştaxtalara yığırlar. Bu isə yolverilməzdir. Çünki spirtsiz içkilər 0-20 dərəcə temperaturda saxlanılmalıdır. Meyvə şirələri və ekstraktları 0-10 dərəcə, şəkər əlavə edilmiş şirələr 0-20 dərəcə, şərbət, mors və quru konsentratlar 12-20 dərəcə temperaturda saxlanıla bilər. Günəş şüaları altında və 20 dərəcədən yuxarı saxlanılan spirtsiz içkilərin istifadəsi olduqca təhlükəlidir. Ekspertlərin qənaətinə görə, təbii meyvə-giləmeyvə ekstraktı ilə hazırlanmış spirtsiz içkilərin tərkibində minerallar, rəngləyici, digər bioloji fəal maddələr mövcuddur. Bəzi hallarda bu məhsullar saxlanma müddətindən artıq saxlanıldığından və temperatur rejiminə əməl edilmədiyindən zəhərlənməyə səbəb ola, mədə-bağırsaq sistemində fəsadlar və maya göbələkləri yarada bilər.
Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək?


Keyfiyyət və təhlükəsizlik standartları

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Keyfiyyətə nəzarət departamentinin aparıcı mütəxəssisi Emin Əfəndibəyli mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, günəş işığı qida məhsulunun keyfiyyət və təhlükəsizlik göstəricilərinə mənfi təsir edir. Onun sözlərinə görə, günəş şüalarının yaratdığı istilik və işıq vitaminlər, minerallar və bəzi turşular kimi, maddələrin kimyəvi deformasiyası zamanı "katalizator” rolunu oynayır: “Hətta bəzi hallarda günəş şüası irradiasiyaya da səbəb ola bilər. Lakin bu, nəzərə alınmayacaq qədər çox kiçik ehtimaldır. Qablaşdırılmış içkilər ən yüksək keyfiyyət və təhlükəsizlik göstəricilərinə məhz “qablaşdırıldığı zaman” malik olur. Daha sonrakı daşıma, paylama kimi proseslərdə bu məhsullar ətraf mühitin təsirinə məruz qala bilər. Günəş şüaları da bu təsirlərdən biridir. Günəş şüaları təsirinə məruz qalmış içkilərdə ən çox “rəng solğunlaşması”, “dad dəyişməsi” müşahidə oluna bilər. Bir başqa məsələ də etiketlərdir. Əgər rəng solğunlaşması etiketdə də müşahidə olunursa, bu da məhsulun günəş işığına məruz qaldığına işarə ola bilər. Əgər hər hansı məhsulun dadında “ənənəvi” dadından fərqlilik və ya rəngində fərqlilik müşahidə olunarsa, istehlakçılara tövsiyə olunur ki, bu məhsulların istehlakından imtina etsinlər”.

Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək?

“İSO 22000” qida təhlükəsizliyi

İstehsal meneceri Sayat Quliyeva bizimlə söhbətində vurğulayıb ki, Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da qida məhsullarının istehsalı və istehlakı üzrə beynəlxalq standartlar tətbiq edilir. Onun fikrincə, bunlardan ən vacibi “İSO 22000” qida təhlükəsizliyi standartıdır: “Qida məhsullarının istehsalından, yəni istehsal xəttindən istehlakçının süfrəsinə qədər olan prosesin tənzimlənməsi bu standartda öz əksini tapır. Məhsulların daşınması və saxlanması da bu prosesin bir hissəsidir. Təəssüf ki, bəzi kiçik və orta qida satışı məntəqələri, eləcə də ictimai iaşə obyektləri bu prosesin tamlığına xələl gətirirlər. Xüsusilə də, plastik və ya dəmir qablardakı içkilərin daşınma prosesində iştirak edən personal, həmçinin bəzi istehlakçılarımız düşünürlər ki, məhsulun saatlarla günəş şüaları altında saxlanılmasından heç bir zərər gəlməz. Lakin bu, belə deyil, hər bir məhsulun istehsalı, saxlanması, daşınması və istehlakı zamanı standartlar, tələb olunan qaydalar var. Onlara ciddi əməl olunmalıdır”.
Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək?


Zərərli maddələrlə çirklənmiş içkilər

Menecer bildirib ki, qablaşdırmasından asılı olmayaraq, günəşin zərərli şüalarının təsiri və yüksək temperatur şəraitində içkilərin fiziki-kimyəvi, eləcə də orqanaleptik göstəriciləri dəyişir, xarici görünüşündə deformasiyalar yaranır: “Nəticədə istehlakçının zəhərlənməsi kimi fəsadlar ortaya çıxır. Adətən rəngli içkiləri şüalardan, qazlı və qazsız suya nisbətən daha çox qoruyurlar. Lakin unutmamalıyıq ki, qazlı, yaxud qazsız olmasından asılı olmayaraq, suların qablaşması materialları şüanın və temperaturun təsirinə məruz qalır. Həmin materiallarda dəyişiklik baş verir. Bu dəyişiklik zamanı əmələ gələn və ayrılan maddələr isə məhsulun tərkibinə qarışır. Nəticədə insan zərərli maddələrlə çirklənmiş içkini qəbul edir. Bu zaman istehlakçının zəhərlənməsi, hətta gec müdaxilə edilərsə, ölməsi də baş verə bilər”.

Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək?

Qanunsuzluğa yol verənə tətbiq edilən cəza

S.Quliyeva söyləyib ki, qeyd olunan uyğunsuzluqlar “Yeyinti məhsulları haqqında” Qanunla tənzimlənir: “Qanunla vətəndaşa – istehlakçıya zərər verən subyekt müvafiq zərəri ödəməyə borcludur. Bu kimi hallarda vurulan zərərin miqyasına uyğun maliyyə cəzası tətbiq edilir. Yaxud qanunsuzluğa yol verən obyektin standartlara uyğun şəraitlə təmin olunana qədər bağlanması mümkündür. Daha ağır hallar, yəni ölüm hadisəsi baş verərsə, qanunsuzluğa yol vermiş obyekt sahibi həbs oluna bilər. Bu sahədə qanun pozuntusunun araşdırılması və müvafiq tədbirlərin görülməsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər səlahiyyətli qurumlar tərəfindən həyata keçirilir. Yaxşı olar ki, istehsalçı, logistik xidmətlər üzrə firmalar, qida satışı məntəqələri, iaşə obyektləri bu uyğunsuzluqların olmaması, insan sağlamlığının qorunması üçün üzərlərinə düşən işləri vaxtında və tam icra etsinlər”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net