“Akula Akif”in evindəki axtarış zamanı gizli bank kodları üzə çıxarıb
Tarix: 1-12-2015, 11:08 |
Çap et
Eldar Mahmudovun tutduğu vəzifədən uzaqlaşdırılması ilə böyük bir cinayətkar dəstənin dəhşətli əməlləri faş oldu. Hazırda MTN-in 19 sabiq vəzifəli şəxsi Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib. Bu günə qədər istintaqdan yayınaraq axtarışda olan şəxsin kimliyi haqda məlumat verilmirdi. “Yeni Müsavat”a istintaqa yaxın mənbələrdən daxil olan məlumata görə, iş üzrə axtarışda olan şəxs MTN-çi deyil.
Sabiq nazirin çevrəsində olan, iş adamı kimi tanınan “Akula” ləqəbli Akif Mustafayevdir. Məlumata görə, o, E.Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə uçub. A.Mustafayevin oradan da İspaniyaya getdiyi deyilir. Akif Mustafayevi tanıyanların sözlərinə görə, o, ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onların qanunsuz olaraq dindirilməsində, istintaqa cəlb edilməsində iştirak edib. Sonradan həmin iş adamlarına öz “köməyini” təklif edib.
MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alıb. O da bildirilir ki, “Akula Akif” bu “xidmətlərindən” sonra MTN-in “əlindən qurtardığı” iş adamlarının biznesinə 20-30 faiz ortaq olurmuş. Onlara “krışalıq” edirmiş. Noyabrın 1-də hüquq-mühafizə orqanlarının əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, “Akula Akif” ölkədən qaçmazdan əvvəl banklardakı hesablarının kodlarını, xüsusi açarları da gizlətməyə imkan tapıb. Onun evində axtarış aparılarkən xeyli qızıl-zinət əşyaları, daş-qaş və külli miqdarda pul müsadirə edilib. Mənzildə axtarış zamanı “Akula Akif”in unutduğu bir bankdakı seyfin açarı və kodu aşkarlanıb. Hüquq-mühafizə orqanları həmin seyfdən xeyli brilyant, qızıl, Bakıda və respublikanın bir çox yerlərində mülklərin sənədləri aşkarlanıb. Seyfdə aşkarlanan brilyant və qızıllar, sənədlər götürülüb.
Cəmiyyətdə müzakirə predmeti olan məsələlərdən biri də sabiq MTN rəhbərliyinin demək olar ki, kütləvi şəkildə məsuliyyətə cəlb edildiyi bir zamanda hələ də bu qurumda müavin vəzifələrində təmsil olunan bəzi şəxslərin - Hilal Əsədov və Nizaməddin Həmidovun öz vəzifələrində qalmalarıdır.
Tanınmış hüquqşünas Müzəffər Baxış deyib ki, H.Əsədov və N.Həmidovun işdən azad edilməməsi anlaşılmazdır və yalnız Azərbaycan reallığı ilə izah edilə bilər: “Əslində adları çəkilən hər iki şəxs haqda, xüsusilə də Hilal Əsədov barəsində KİV-də konkret şəxslər tərəfindən ciddi və əsaslı ittihamlar səsləndirilib. Mənim yadımdadır ki, ”Karvansaray" ticarət mərkəzində işçilərin başına gətirilən oyunlarda Hilal Əsədovun bilavasitə iştirak etməsi ilə bağlı ittihamlar var idi. Düşünürəm ki, bu şəxslərin bu günə qədər öz vəzifələrini icra etməsi Azərbaycan reallığı ilə bağlıdır. Hesab edirəm ki, Hilal Əsədov və Nizaməddin Həmidovu siyasi hakimiyyətdə kimsə müdafiə edir. Əks halda, onlar bu vəzifədə qala bilməzdilər. Bu şəxslərə qarşı irəli sürülən ittihamlar o qədər əsaslı və inandırıcıdır ki, düşünmürəm ki, onlar öz vəzifələrində sona qədər duruş gətirsinlər.
MTN-də rəhbərliyin özünün başçılıq etdiyi mütəşəkkil cinayətkar təşkilat fəaliyyət göstərib. Mən tam məsuliyyətlə deyirəm ki, orada çalışan demək olar ki, bütün işçilər mütəşəkkil dəstənin təsiri altında olub. Bu, mümkün deyil ki, MTN-də mütəşəkkil dəstənin başında rəhbərliyin özü dayansın, kimsə də həmin dəstənin qanunsuz göstərişlərini icra etməsin.
Bu, Azərbaycan reallığında mümkün olmayan bir işdir. Ola bilsin ki, texniki sahədə çalışan hansısa ağıllı bir şəxs bu dəstə tərəfindən verilən hansısa göstərişi icra etməkdən yayınsın. Lakin tam məsuliyyətlə deyirəm ki, bütün əməliyyat işçiləri bu və ya digər şəkildə mütəşəkkil dəstənin qeyri-qanuni göstərişlərinin icrasında bilavasitə iştirak edib. H.Əsədov və N.Həmidov qeyri-qanuni göstərişlərin həm də bilavasitə icraçısı olublar. Ola bilsin ki, bu şəxslərin siyasi hakimiyyətdə bu və ya digər şəkildə dayaqları olduqları üçün hazırda öz vəzifələrində qalıblar. Yəqin ki, məhz bu səbəbdən onlar haqqında tədbir görülmür. Məndə məlumat var ki, prokurorluqda H.Əsədov və N.Həmidov haqda ciddi ittihamlar var. Lakin təəssüflər olsun ki, bu vaxta qədər həmin şəxslərlə bağlı ittiham verilməyib. Əgər “MTN işi” çərçivəsində məsələlərə ədalətlə yanaşılacaqsa, o zaman bu şəxslərə qarşı da ittiham irəli sürüləcək".
Bu arada “MTN işi” ilə bağlı daha bir maraqlı məlumat yayılıb. Həmin məlumata görə, “mahmudovçular” sahibkarları talamaqla əldə etdikləri sayı-hesabı bilinməyən pulları etibarlı şəkildə mühafizə etmək kimi problemlə üzləşiblər. Buna görə də sabiq MTN rəhbərliyi, vəziyyətdən çıxış yolu kimi maraqlı üsula əl atıb.
Belə ki, üst-üstə qalaqlanan tonlarla pulun nəmişlik və havasızlıqdan sıradan çıxmasını önləmək, onları bir neçə il sonra belə istifadə üçün yararlı vəziyyətdə saxlamaq üçün Avropa ölkələrindən birindən xüsusi valyuta konteynerləri sifariş edilib. Bank sektorunda istifadə edilən və kifayət qədər baha olan bu konteynerlərdə pulun uzunmüddətli mühafizəsi üçün xüsusi sistem mövcuddur və bu sistem ora yığılan pulların etibarlı şəkildə qorunmasını təmin edir.
Bilgili qaynağın sözlərinə görə, sabiq MTN rəhbəri E.Mahmudovun dönəmində Azərbaycana xeyli sayda bu cür konteynerlər gətirilib ki, hazırda həmin konteynerlərin harda olması, onların içərisində nə qədər vəsaitin cəmləşməsi məlum deyil. Hələlik məlum olan bir şey varsa, bu da yerlərdə gizlədilən bu konteynerlərin istintaq qrupu tərəfindən aşkara çıxarılacağı günü gözləməsidir.