Gigiyena və Epidemiologiya Mərkəzində kritik vəziyyət
Tarix: 27-05-2015, 10:46 | Çap et
Gigiyena və Epidemiologiya Mərkəzində kritik vəziyyət
Bu gün elə dövlət qurumları var ki, onlar öz nöqsanlı fəaliyyətləri ilə ayrı-ayrı sahibkarlara, biznes strukturlarına əngəllər törədir, bu və digər müəssisənin işinə süni maneələr yaradırlar. Misal kimi, Akif Əlibəyovun direktoru olduğu Respublika Gigiyena və Epidemiologiya Mərkəzini (RGEM) göstərmək olar.

Belə ki, adıçəkilən mərkəz və onun bir sıra yerli şöbələri vaxtaşırı həm paytaxtda, həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən kafe, restoran, şadlıq evi, çayxana, marketlərdə, eləcə də digər ticarət obyektlərində yeri gəldi-gəlmədi yoxlamalar aparır, onlar tərəfindən irəli sürülən "şərt"lərə əməl etməyən sahibkarları müxtəlif bəhanələrlə cərimələyirlər. Məhz elə bu kimi səbəblər üzündən son dövrlər RGEM-in fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilir.

Nəzərinizə çatdıraq ki, ötən ilin sentyabr ayında Hesablama Palatasının Respublika Gigiyena və Epidemiologiya Mərkəzində apardığı yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. Belə ki, RGEM tərəfindən hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlərə görə müəyyən olunmuş haqların ödənilməsinin düzgünlüyü yoxlanıldıqda məlum olub ki, adıçəkilən qiymət cədvəlində bəzi xidmət növləri, o cümlədən "laboratoriya müayinələrinin qiyməti nəzərə alınmadan gigiyenik sertifikatın, sanitariya pasportlarının, gəmi şəhadətnamələrinin və s. verilməsi" xidmət növləri üzrə ödənilən haqların məbləği əvvəlki illərlə müqayisədə əsas olmadan növbəti il üçün bir neçə dəfə azaldılıb. Hesablama Palatası bu növ halların aradan qaldırılması, habelə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən göstərilən ödənişli tibbi xidmətlərin dəyərinin aparılan laboratoriya müayinələrinin dəyəri ilə uyğunlaşdırılması məqsədilə laboratoriya müayinələrinə sərf olunan bütün xərclərin (əməkhaqqı xərclərinin, materialların, o cümlədən reaktivlərin və s.) məbləğlərinin nəzərə alınmasını məqsədə müvafiq hesab edib.

Mövzu ilə bağlı məlumatlı şəxsin verdiyi bilgilərdə o da qeyd olunur ki, hazırda prokurorluq orqanlarının əməkdaşları tərəfindən Respublika Gigiyena və Epidemiologiya Mərkəzində genişmiqyaslı yoxlamalar aparılır: "Bir neçə gün öncə Respublika Prokurorluğunun əməkdaşları Akif Əlibəyovun direktoru olduğu mərkəzdə yoxlamalara başlayıblar. Deyilənlərə görə, yoxlamalar Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı qaldırılan cinayət işi çərçivəsində aparılır. Belə ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 2012-ci ildə 15 nəfərin ölümü ilə nəticələnən faciəyə səbəb olmuş poliuretan üzlüklərə keyfiyyət sertifikatı verdiyi məlum olub. Odur ki, bu cinayət işi çərçivəsində başlayan həbslərin Respublika Gigiyena və Epidemiologiya Mərkəzini də əhatə edəcəyi istisna edilmir. Artıq təhlükənin yaxınlaşdığını görən mərkəzin direktoru Akif Əlibəyovun yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün nüfuzlu şəxslərdən birinə minnətçi düşdüyü də deyilir. Görünür, o, həbs olunacağından ehtiyat edir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının adıçəkilən qurumda son vaxtlar əməkhaqlarının vaxtında verilməməsi və əlavə yardımların kəsilməsindən narazı olduqlarını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, son aylar RGEM-də ciddi maliyyə böhranı baş qaldırıb: "Nədənsə son zamanlar mərkəzin əməkdaşlarının əməkhaqları vaxtlı-vaxtında verilmir. Bundan başqa, qurumun göstərdiyi müxtəlif pullu xidmətlərdən əldə olunan gəlirlərdən əməkdaşlara əlavələrin hesablanması da demək olar ki, dayandırılıb. Məsələn, ayda təxminən, 100-150 manat əlavə hesablanırdısa, indi 10-15 manat hesablayırlar. Deyilənlərə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyov işçilərin sosial vəziyyətinə təsir edən bu qərarların qəbulunu birinci Avropa Oyunları ilə əlaqələndirib. Görəsən, Səhiyyə Nazirliyinin bundan xəbəri var?.."

Bu arada, RGEM-in əksər rayon şöbələrinin özəl sektorun fəaliyyətinə qanunsuz müdaxilələr etdiyini deyən məlumatlı şəxs bildirir ki, bu cür hallar sahibkarların normal fəaliyyət göstərmələrinə ciddi problem yaradır: "Deyilənlərə görə, sahibkarlar gigiyena və epidemiologiya mərkəzlərinin əməkdaşlarının "qara siyahı"sına düşməmək üçün irəli sürülən "tələb"lərlə razılaşmaq məcburiyyətində qalırlar. Yəni biznesini real təhlükə qarşısında qoymaq istəməyən iş adamları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilə "danışıqlar"a getməli olurlar. Odur ki, heç kim bundan boyun qaçıra bilməz. Əks təqdirdə, Akif Əlibəyovun rəhbərlik etdiyi qurumun əməkdaşları qısa müddət ərzində həmin obyektdə müxtəlif nöqsanlar aşkarlaya və nəticədə qapını möhürləyə bilərlər…"





Xəbərlər
 
 
 
08-08-2020 04:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2020 16:21
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net