Leyla Yunus məhkəmədə səs-küy saldı
Tarix: 28-07-2015, 12:19 | Çap et
Leyla Yunus məhkəmədə səs-küy saldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə veriblər.

Taksi sürücüsü İlqar Ağayev bildirib ki, Yunusovlar ailəsinin qeyri-rəsmi sürücüsü olub. Bu xidmətinə görə ona ayda 300-350 manat məvacib verilib. Göstərdiyi xidmətlə bağlı hər hansı müqavilə olmayıb.

Digər şahid Adilə Manafova Leyla Yunusla SDİ-nin yeni yarandığı vaxtlarda tanış olduğunu deyib. Təşkilatın xarici donorların maliyyə yardımı ilə fəaliyyət göstərdiyini bildirən şahid 1999-cu ildən bu sektordan uzaqlaşdığını qeyd edib. Bu səbəbdən təşkilata ayrılan qrantların məbləğindən, necə xərclənməsindən xəbərsiz olduğunu vurğulayıb.

Şahid Zemfira İsmayılova Leya Yunusu 20 ildən artıqdır, tanıdığını, SDİ ilə hər hansı əlaqəsinin olmadığını deyib. Şahid SDİ-nin təsis olunmasına dair sənəddə imzasının olması ilə bağlı suala cavabında bildirib ki, həmin imza saxtadır.

Leyla Yunus prosesdə iş üzrə zərərçəkmiş Rəna Səfərəliyevanın nümayəndəsi Şöhrət Allahmanovu yenə təhqir edib, səs-küy salıb.

Həbsdə olan Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva da şahid qismində dindirilib. O, jurnalistdən 2011-ci ildə boşandığını, evli olduğu vaxtlarda Leyla Yunusun tez-tez Rauf Mirqədirovla telefonda danışdığının şahidi olduğunu bildirib. Şahidin sözlərinə görə, Leyla Yunus Rauf Mirqədirovla tez-tez müxtəlif yollarla Ermənistana səfər ediblər.

Bundan sonra məhkəməyə fasilə elan edib.

Proses avqustun 3-də davam etdiriləcək.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır. (Apa)





Xəbərlər
 
 
 
 
 
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net