Şərq intibahının zirvəsinə yeni baxış – “Nizami Gəncəvi ili”
Tarix: 16-01-2021, 12:27 | Çap et
 Şərq intibahının zirvəsinə yeni baxış – “Nizami Gəncəvi ili”


Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami Gəncəvi İli” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımız və mədəniyyətimizin görkəmli simalarının təbliği sahəsində atılan növbəti addımdır. Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, poetik aləmin dühası hesab edilən Nizami Gəncəviyə dövlət səviyyəsində verilən dəyər, onun çoxşaxəli irsinə təkrarən işıq salınması üçün də yeni fürsətdir. Nizaminin əsərlərindəki milli köklərə bağlılıq ideyası, dövlətçilik ənənələri, ədalət prinsipi, nəsihətləri, poemalarının hər birinin süjetindəki mənəvi dəyərlər indiki zaman üçün də öz aktuallığını qoruyub saxlayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin “Nizami Gəncəvi İli”nə həsr etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.

Orta əsrlər Şərqinin yetişdirdiyi ən böyük şairlərdən olan Nizami Gəncəvinin yaradıcılığına aid hər bir nümunə özlüyündə böyük bir tarixi dövrün çatışmazlığını ortaya çıxaran təhlildən ibarətdir. Sirr deyil ki, onun poemaları ədəbi tarixə yeni nəfəs gətirib. Bu səbəbdən ulu öndər Heydər Əliyevin himayəsi ilə 2002-ci ildə "Xəmsə"nin yenidən bərpasına başlanılıb. Hesab edirəm ki, bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi yeni tarixi qələbəmizin fonunda təkcə bədii deyil, həm də siyasi cəhətdən önəm daşıyır.

Qeyd etdiyim kimi, klassikin əsərlərində təbliğ edilən ideyalar bu gün də öz aktuallığını qoruyur və bu gün yaşanan hadisələrə sanki bir güzgü salır. Misal üçün, “İsgəndərnamə” poeması onun ideal, ədalətli və bərabər cəmiyyət konsepsiyasında insan haqları ideyasının təcəssümüdür. O, sonuncu poemasında yaradıcılığı boyu əsas götürdüyü ədalətli, humanist, peşəkar hökmdar obrazını, nəhayət, İsgəndərin timsalında zirvəyə çıxara bildi. Şair hesab edirdi ki, yalnız yüksək insani keyfiyyətlərə malik olan şəxs dövlət idarə edə bilər. Bu baxımdan əsərin aktuallığının müasir dövr və şəxslər üzərində təzahürünü görmüş oluruq.

Məsləhətə möhtacdır ədalət hər bir zaman,

Xalqa zülmün amansız cəzasından dad, aman.

Can yandırsan orduna, məmləkətə, yurduna,

Arxalana bilərsən öz xalqına, orduna.

Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,

Ədalət səadətlə abad eylər ölkəni.

Nizaminin əxlaq və əxlaq tərbiyəsi ilə bağlı dəyərli fikir və ideyaları, hikmətli sözləri bütün dövrlərdə insanların mənəvi tərbiyəsində önəmli rol oynayıb. Hətta Höte dahi şairin əsərlərindəki bu cəhəti yüksək qiymətləndirərək yazırdı ki, Nizaminin əxlaqi məsələlərə həsr edilmiş əsərlərində bədii bir səmimilik var. Onun yaradıcılığında əxlaqi görüşlərlə paralel olaraq estetik tərbiyə ideyası da irəli sürülüb. Nizamiyə görə insanın zahiri, hərəkətləri, sözü və əxlaqı da gözəl olmalıdır. Eyni zamanda, onun üçün söz həm də sufi ənənələrinə uyğun olaraq peyğəmbərin sözüdür, çünki sufi üçün poeziya - peyğəmbərin dini ibadəti deməkdir. Sufizm də özünün mütərəqqi ideya və motivləri ilə Nizami üçün cəlbedici fikir qaynağı olub desək yanılmarıq. Şair bu qaynağa biganə qalmamış, sufi ideya və motivlərindən istifadə etmişdir. Lakin sufizmdən yaradıcı şəkildə bəhrələnib.

Şərq intibahı zirvəsi sayılan Nizami Gəncəvini müasir dövr dili ilə həm də tolerant adlandıra bilərik. Çünki onun üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi tamamilə rədd edən şairin əsərlərində bunu açıq şəkildə görmək olur. Onun qəhrəmanları içərisində türk, fars, hind, ərəb, çin, zənci, yunan və s. xalqların nümayəndələrinə də rast gəlirik. Humanizm prinsipini əsas götürən şair müxtəlif dinlərə mənsub bu obrazların heç birinin milliyyəti, yaxud dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

Həmişə dünyada yaxşılıq axtar,

Yaxşı ad almaqla əbədiyyət var.

Yaxşı ad almışla yaxşı ol müdam,

Yoxsa axır özün olarsan bədnam.

Nizami Gəncəvi həm də vətənpərvər şəxs idi. O, təsvir etdiyi bütün hadisələri vətəni Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışıb. Onun vətən məhəbbəti yaradıcılığında doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Nizami yaradıcılığındakı şər qüvvələr, nankor qonşular, zülmkar, xəyanətkar obrazlara nəzər saldıqda düşünürsən ki, sanki dahi şəxsiyyət bütün bu obrazları bugünkü Azərbaycanı düşünərək yazıb. Yaradıcılığındakı hər bir nümunə - istər poemalar, istərsə qəzəlləri və divanı əsrlər keçsə də, öz mahiyyəti itirməyərək aktual qalıb.

Dünyanın işini yaxşı düşün sən,

Nə əksən onu da sən biçəcəksən.

Yaxşı iş də görsən, pis iş də, inan,

Unutmaz onları bu qoca dövran.

Bildiyiniz kimi, Prezident İlham Əliyev hər zaman ədəbiyyat və mədəniyyət nümayəndələrinə xüsusi qayğı ilə yanaşmış, onların həyat və yaradıcılıqlarının öyrənilib gələcək nəsillərə ötürülməsi üçün müvafiq bütün tapşırıqlarını vermişdir. Dövlət başçısının ədəbiyyatımıza və mədəniyyətimizə böyük məhəbbəti, hörmət və sevgisi bütövlükdə, Azərbaycan xalqına və milli dövlətçiliyimizə sonsuz sevgisindən qaynaqlanır. Prezidentin bu istiqamətdə verdiyi sərəncamlardan irəli gələn, həyata keçirilən bir sıra tədbirlər bunun bariz nümunəsidir. M.F.Axundzadənin, Xurşidbanu Natəvanın, Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin, Rəsul Rzanın, İlyas Əfəndiyevin, Almas Yıldırımın, Mikayıl Müşfiqin və başqa görkəmli şəxsiyyətlərin möhtəşəm yubiley tədbirləri bu istiqamətdə atılan addımlardır.

Dövlət başçısının diqqətinin nəticəsidir ki, hələ 2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi İli” elan edilmişdi. Şübhəsiz ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi isə yaradıcılığı bütün dövr ədəbiyyat tarixinə işıq salan Nizami Gəncəvi dühasının irsinin öyrənilməsi və təbliği üçün yeni imkanlar açacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net