Gədəbəydə icra başçısı da yanğın təhlükəsizliyi tələblərinə əməl etməyib
Tarix: 22-05-2015, 15:20 | Çap et
Gədəbəydə icra başçısı da yanğın təhlükəsizliyi tələblərinə əməl etməyib
Məlum olduğu kimi prezident İlham Əliyev Bakının Binəqədi rayonunda baş verən yanğın hadisəsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib: “İndi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir. Ona görə, ilk növbədə, bir daha demək istəyirəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Bu materiallar təhlil edilməlidir. Əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binalarda üzlüklər sökülməlidir. Bunu tez bir zamanda etmək lazımdır. Bir həftə, maksimum iki həftə ərzində bütün binaların üzlükləri sökülməlidir, bundan sonra təmir olunmalıdır. Əgər bütün işlər düzgün qurulsaydı, bu hadisə baş verməzdi. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar və günahkarlar kimdir? Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq? Hər kəs nəticə çıxarmalıdır, hər bir məmur öz məsuliyyətini dərk etməlidir. Bir də qeyd edirəm ki, heç kim cəzasız qalmayacaq. Günahkarlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək”.Biz belə bir məqamı da diqqət mərkəzinə çəkməyi lazım bilirik ki, əksər bölgələrdə aparılan təmir-tikinti işlərində də bu penaplast materialından istifadə olunub. Və hətta bir müddət bundan əvvəl Bakıda, Zığ şossesində bu materialla üzlənmiş binada baş verən yanğın hadisəsindən sonra da penaplastın istifadəsindən imtina olunmadı. Halbuki, bu materialın istifadəsinə Fövqəladə Hallar Nazirliyinin ekspertləri tərəfindən rəy verilmədiyi artıq məlum idi. O cümlədən Gədəbəy rayonunda da bütün mədəniyyət mərkəzləri, bir çox obyekt və binalar məhz penoplast örtüklərlə üzlənib. Əlbəttə, fəaliyyəti davamlı olaraq bir çox ciddi qanun pozuntuları ilə müşayiət olunan, öz şəxsi mənfəəti naminə yerli sakinlərin hüquqlarını daima pozan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun hansısa yanğın təhlükəsizliyi tələblərinə əməl etmək üçün öz mənfəətindən əl çəkəcəyini gözləmək sadəlövhlük olardı. Dövlətimizin qanunlarını, konstitusiyamızı çeynəyən bu icra başçısı artıq neçə müddətdir ki, Gədəbəy şəhərində onlarla sahibkarın qanuni inşa olunmuş, bütün müvafiq sənədləri olan, hətta artıq özəlləşdirilmiş obyektlərini söküb talan etməklə məşğuldur. Hansi ki, heç yerdə işləməyən bu kasıb insanlar ailələrini həmin kiçik mağazalardan gələn çörək pulu ilə dolandırırdılar. Həm də Ramiz Yediyarovu bu qanunsuzluğa təhrik edən iki əsas səbəb var. Bunlardan biri başçının sökdüyü obyektlərin yerləşdiyi torpaq sahələrini mənimsəmək istəyi, digəri isə onun özünə məxsus olan Ticarət Mərkəzini işlətmək məqsədilə sahibkarların zorla oraya köçürmək ideyasıdır. Təbii ki, belə bir əqidəyə malik Ramiz Yediyarov Gədəbədə aparılan təmir-tikinti işlərində də binaların təhlükəsizliyinə biganə qalaraq, heç bir nəzəratə fikir vermədən bu işləri görmüşdür. Bir nüansı da xüsusi qeyd etmək istəyirik ki, tezalışan tərkibə malik üzlük materialları Gədəbəydə daha çox dövlət binalarında istifadə edilmişdir. Bu məsələ də araşdırılmalıdır ki, Gədəbəy şəhərindəki binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib və ya haradan idxal olunub! Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli bu binalar qanunsuz şəkildə təmir olunub. Yəni, bütün bu məsələlər ciddi şəkildə araşdırılarsa, məlum olacaq ki, istifadə olunan üzlük materiallarının mənşəyinə və keyfiyyətinə dair belə heç bir qanuni sənəd və ya ekspertiza rəyi yoxdur. Hətta əksər hallarda təmir işlərini aparan şirkətlərlə müvafiq müqavilə belə bağlanmamışdır. Ramiz Yediyarovu isə nə dövlətin, nə də xalqın maraqları deyil, yalnız külli-miqdarda qanunsuz pullar qazanmaq üçün vasitələr maraqlandırır. Bu məmurun əməlləri göstərir ki, onun kimliyi, harada anadan olması və daha bir çox məqamlar ciddi şəkildə araşdırılmalıdır. İnsanlara bu qədər zülm edən bir şəxsin icra başçısı işləməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur!





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net