İrəvan və Tiflis Bakıya qarşı məkrli anlaşma içində
Tarix: 30-10-2015, 10:41 | Çap et
İrəvan və Tiflis Bakıya qarşı məkrli anlaşma içində
Gürcüstanın qaz bazarı ətrafında maraqlı, eyni zamanda Azərbaycanın mənafeyinə toxunan proseslər davam edir. Xəbər verildiyi kimi, az öncə ölkənin energetika naziri Kaxa Kaladze Gürcüstanın təbii qaza olan ehtiyacını Azərbaycanın ödəmək gücündə olmadığını bəyan edərək, Rusiyanın “Qazprom” şirkəti ilə əlavə qaz alınmasına dair danışıqlar aparıldığını bildirib.

SOCAR-dan dərhal bu iddianı təkzib edən açıqlama gəlsə də, ardınca məlum oldu ki, rəsmi Tiflis Rusiya ilə qaz tədarükü yönündə danışıqları dayandırmayıb. Sonuncu belə bir görüş İtaliyanın Milan şəhərində Kaladze ilə “Qazprom” şirkətinin icraçı direktoru Aleksey Miller arasında olub.

İlk baxışda Gürcüstan hökumətinin soyuq qışın astanasında qaz satıcılarının sayını artırmaqla daha ucuz mavi yanacağa ümid eləməsi anlaşıqlı görünə bilər. Ancaq mavi yanacaq artıq çoxdan postsovet məkanı və Avropa ölkələri üçün geosiyasi amil, Kremlin rəqib dövlətlərə təzyiq və şantaj vasitəsi rolundadır. Bunu kim bilməsə də Qərbə, Avropa Birliyinə, NATO-ya inteqrasiya kursu götürmüş gürcü hökuməti çox yaxşı bilir.

Elə işin başqa bir maraqlı tərəfi də prezident Georgi Marqvelaşvilinin hökumətin Rusiya qazı ilə bağlı apardığı danışıqlardan narahat olmasıdır. Qəribədir ki, prezident bir neçə dəfə bu məsələni hökumətin toplantısında müzakirə eləməyi tələb eləsə də, istəyinə nail olmayıb.
***
Bu arada Kaladze gündəmə düşə biləcək daha bir açıqlama verib. Nazir söyləyib ki, Gürcüstan öz qaz bazarının ehtiyaclarını ödəmək üçün İranın resurslarından da istifadə edə bilər və bu məqsədlə o, noyabrın ortalarında Tehrana səfər etməyi planlaşdırır.

Burdaca vurğulayaq ki, İran üzərindən sanksiyaların götürlməsindən sonra onun Avropa qaz bazarı üçün də önəmi artıb, ən azından qitənin Rusiya qazından asılılığını azaltmaq fürsəti ortaya çıxıb. İran qazının Avropaya hansı marşrutla çıxarılacağı bu xüsusda müzakirə ciddi mövzularından biri olaraq qalır.

Diqqətçəkicidir ki, nazirin İran açıqlamasının ertəsi günü Ermənistan prezidenti Serj Sərkisyanın öz arvadı ilə oktyabrın 30-da Gürcüstana işgüzar səfərə gedəcəyi barədə xəbər yayılıb. Gürcüstan KİV-nin bildirdiyinə görə, Sərkisyan öz həmkarı Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili və parlamentin spikeri David Usupaşvili ilə görüşəcək. Dövlət başçıları mətbuat üçün birgə bəyanat verəcəklər.

Gürcü qaynaqlarının iddiasına görə, ikitərəfli danışıqlarda əsas müzakirə mövzusu yəqin ki, İran qazının Gürcüstana çatdırılımasına dair regional layihədə Ermənistanın iştirak mümkünlüyünü müzakirə eləməkdir. Xatırlatmaq yerinə düşər ki, səfərdən bir gün öncə İran qazının Gürcüstana Ermənistan ərazisindən keçəcəyinin mümkünlüyü haqda gürcü KİV-lərində məlumatlar gedib.

***
Belə olacaqsa, bu, artıq Gürcüstanın işğalçı Ermənistanın da iştirakı ilə həm SOCAR-ı (Azərbaycanı) Gürcüstanın qaz bazarından sıxışdırması və ya onun payını minimuma endirməsi demək olacaq, həm də təcavüzkar ölkənin Gürcüstan hesabına özünün energetik durumunu yaxşılaşdırması və büdcəsinə əlavə vəsaitlər alması anlamına gələcək. Çünki tranzit qaz kəmərinə görə Tiflis və Tehran İrəvana haqq ödəməli olacaq.

Beləcə, İrəvan və Tiflis - Azərbaycanın düşməni ilə Rusiyanın düşməni faktiki, Bakıya qarşı məkrli qaz anlaşması içində imiş kimi görünür. Böyük ehtimalla, bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin Serj Sərkisyandan cəmi 4 gün sonra Tiflisə edəcəyi səfərin əsas mövzularından olacaq.

Hər halda, vaxtilə Gürcüstanı donmaqdan xilas eləmiş Azərbaycanın qonşu ölkədən bu yöndə gözləntisi var və haqqı çatır ki, qərb qonşumuzun təcavüzkar Ermənistanı gücləndirməsinə görə Tiflisdən hesab sorsun və ya ən azı, ondan izahat istəsin. Şübhə yox ki, baş nazir İrakli Qaribaşvilinin bu ayın əvvəlində təcili şəkildə Bakıya səfər edərək, İlham Əliyevlə 3 saat danışıq aparması da situasiyanın həssaslığı və mürəkkəbliyindən xəbər verir.

***
Məsələnin başqa bir maraqlı tərəfi əlbəttə ki, qazla bağlı Tiflis-Tehran-İrəvan üçbucaqlı mümkün işbirliyinə Moskvanın hansı reaksiyanı verəcəyi ilə bağlıdır. Belə baxanda Rusiya öz forpostunun iqtisadi təcriddən qismən qurtulmasında maraqlıdır - ən azı o səbəbə ki, daxildə Kremlə qarşı neqativ erməni ictimai ovqatı səngisin - lakin o biri yandan İran qazı Gürcüstan bazarında “Qazprom”a rəqib olsa və bununla da Tiflisin Moskvadan gözlənilən asılılığı azalsa, üstəlik, yeni regional qaz projesi Ermənistanın daha müstəqil siyasət yürütməsinə gətirsə, Rusiya məmnun qalmayacaq.

Burdaca yeri var onu da qeyd edək ki, amerikalı və avropalı siyasət adamları, ekspertlər və diplomatlar, dəfələrlə və açıq şəkildə bəyan ediblər ki, Moskvanın təsirindən qurtulmaqdan ötrü İrəvan ilk növbədə Rusiyadan energetik asılılığını azaltmalıdır.

Görək, Kremlin reaksiyası nə olacaq. O, satellit Ermənistana göz ağardacaqmı? Yada salaq ki, indiyədək Ermənistanın Rusiya qazına alternativ qismində qonşu İrandan qaz almaq planlarına Moskva həmişə əngəl yaradıb və imkan verməyib.

Siyasət şöbəsi





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net