SOKAR-ın “Neft Daşları”ndakı 600-ə yaxın işçisindən etiraz
Tarix: 31-03-2015, 12:03 | Çap et
SOKAR-ın “Neft Daşları”ndakı 600-ə yaxın işçisindən etiraz
Xəbər verdiyimiz kimi, tezadlar.az saytının martın 24-ü buraxılışında NHMT-nin sədri Mirvari Qəhrəmanlının elektron poçtuna daxil olmuş, ARDNŞ-nin “Neft Daşları”NQÇİ-dən olan bir qrup neftçinin onlara zor ilə verilən yeməklərə etiraz müraciəti dərc edilmişdi.
Etiraz edən neftçilərdən yeni bir şikayət aldıq. M.Qəhrəmanlıya göndərilmiş müraciət, həmçinin onun tərəfindən “Təzadlar”a təqdim edilmişdir. Aşağıda təqdim edirik;
Hörmətli Mirvari xanım!
Hörmətli “Təzadlar” kollektivi!
Salam, öncədən bütün neftcilər adından sizin bayramınızı təbrik edir, Allahdan uzun ömür, can sağlığı diləyirik. Yazdığımız məktubu işıqlandırdığınız üçün sizə “Çox sağ olun” deyirik.
Mirvari xanım, “Neft daşları”nın sosial məsələlər üzrə rəis müavini var, Əhməd Musayev, o qədər qorxunc bir adamdır ki, gecə saat 3-də belə yatdığımız yerdə qapıya açar salıb otağa girir. Halbuki onun vəzifəsi bizim sosial problemləri həll etməkdir, bizə əlavə problem yaratmaq yox... Bizə verilən yemək isə lap dözülməz keyfiyyətdədir, üstəlik, bizi məhz yeməkxanada yeməyə məcbur edirlər. Biz də neçə gün bundan qabaq mart ayının 17-də qərara gəldik ki, hamımız naharda, saat 12-da gedək yeməkxanada yeyək, görək axı bunlar bizi necə yedirdəcək? Və elə də etdik, 600-ə qədər işçı girdik yeməkxanaya. 50 nəfər yeməmişdi ki, yemək qurtardı, başladılar yeməklərə su əlavə etməyə... Biz də bunu görüb yeməyi kollektiv şəkildə götürüb apardıq NQC-nin rəislər olan binasına. Tələbimiz də bu oldu ki, bizə rəva bildiyiniz yeməyi siz də yeyin, heç olmasa Əhməd Musayev yesin! Yemədilər, lakin əksinə, bizim işçilərdən bəzilərini axşam saat 18:00 radələrində “Neft daşları”nın Nəqliyyat idarəsinin rəisi cağıraraq dedi ki, Qocəli Mahmudovun əmri ilə bu etirazı təşkil etdiyiniz üçün işdən çıxarmalıyam. Güya burada mitinq olub və bəzi işçilər mitinqin təşkilatçısıdır. Halbuki biz heç kimə rəva görmədikləri yeməyin bizə verilməsinə etiraz edirik. Tərkibi bilinməyən, xüsusi qoxusu olan yağda bişirilmiş yeməkdən dəfələrlə işçilərimiz qarın ağrısına tutulub, günlərlə işə çıxa bilməyiblər. Biz istəmirik ki, işçilər arasında kütləvi xəstəlik yayılsın. Məgər bu pis addımdırmı?
Açıq bildiririk ki, “Neft daşları”nda acınacaqlı vəziyyətdir, burada dillənənin dilini, sözünü təsdiqləyənin isə kələyini kəsirlər. Axı bizə yemək pulu kimi hər günə 10 manat kompensasiya verilir, ona da göz dikirlər. Bu pulu isə SOKAR vermir, Nazirlər Kabinetinin qərarı əsasında büdcədən verirlər. Bu pulu hansısa boynu yoğuna verməkdənsə, aparıb özümüz bir imkansıza, ehtiyacı olana könüllü verərik. Qalmışıq bu dövlətdə, bu məmləkətdə aciz, kimə dərdini deyirsən, deyirlər əmr yuxarıdandır. Yuxarıda isə bir Allahı tanıyırıq, bir də Prezidenti, ikisinə də əlimiz çatmır.
Biz neft ölkəsində yaşayırıq, biz neft çıxarırıq, ölkəmizin qüdrətlənməsi, çiçəklənməsi üçün əziyyət cəkirik, bu da bizə verilən qiymət. Bütün bayramlarda burada konsert olur, amma fəhlə sinfi kənardan baxır, rəhbərlik isə yeməkxanada böyük miqyasda yeyib-içmək, konsertə canlı baxıb qürrələnmək imkanına malikdir. Hətta qapını içəridən bağlayırlar ki, birdən bir fəhlə gəlib içəri girər. Amma başa düşmürlər ki, bu pulu fəhlə qazanır.
Nə isə, yazmaqla qurtaran deyil, Mirvari xanım, hörmətli “Təzadlar”! İndi biz Prezidentimizə, prokurorluğa geniş məktub yazmışıq, 400-ə qədər neftçi imzalamışıq, nə edək, bizə köməklik edin. Bu müraciəti zor ilə əlimizdən almaq istəyirlər, imdad istəyirik! “Azneft” İB-nin direktor müavini İkram Əliyev, onun himayə etdiyi Əhməd Musayevin biz neftçilərin yeməyinə göz dikməyindənsə, bizim sosial rifahımzı təmin etməyini istəyirik. Bizimlə heyvan kimi davranırlar. Buna son qoymağı xahiş edirik!

Neftçilər Prezidentə müraciət etdi...

Dünən qəzet çapa hazırlanarkən ARDNŞ-nin “Neftqaztikintiquraşdırma” Trestinin 400-ə yaxın işçisinin imzaladığı və Prezident İlham Əliyevə, ARDNŞ Prezidenti Rövnəq Abdullayevə, Azərbaycan Həmkarlar Konfederasiyasının sədri Səttar Mehbalıyevə, həmçinin ARDNŞ-nin “Neftqaztikintiquraşdırma” Trestinin rəisi Mirkazım Abbasova ünvanlı şikayət məktubu redaksiyamıza çatdırıldı. Müraciət bu günlərdə, daha dəqiq desək, martın 17-də 600-ə yaxın neftçinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sosial məsələlər üzrə rəis müavini Əhməd Musayevin rəhbər işçiyə yaraşmayan hərəkətləri ilə sadə neftçilərin canını boğazına yığması, işçilərə digər sosial məsələlərin həllində kömək etmək əvəzinə, əksinə, onları ələ salıb təhqir etməsi, mənəvi əzab verməsi və s. qeyd edilir. Müraciəti ixtisarla təqdim edirik: “Cənab Prezident! Biz-bu şikayəti imzalayan 400-ə yaxın sadə nefçi, bildiririk ki, Əhməd Musayevin hər bir davranışı və hərəkəti bizə təhqirdir. Nazirlər Kabinetinin qərarı ilə bizə verilən kompensasiya məbləği əvəzində biz özümüzün səhhətimizə, iştahımıza görə otaqlarımızda yemək hazırlamaq və az da olsa ailə büdcəmizə qənaət etmək istəyirik. Əhməd Musayev isə açıq şəkildə deyir ki, mən Nazirlər Kabinetinin qərarını tanımıram, yeməyi mərkəzi yeməkxanada yeməlisiniz! Sanki hərbi düşərgədə yaşayırıq və Əhməd Musayev də “KONSLAGER”in rəisidir, biz isə hərbi əsirlərik... Bu insan bizi dövlətdən narazı salır, idarə rəislərimizi pis vəziyyətə qoyur. Biz əməyimizə layiq yemək, istirahət tələb edirik, Ə.Musayev isə cibini düşünür. Mal-qaraya verilməli çürümüş kartofu, yarmanı bizə satan adama nə deyək? Gecə yatdığımız yerdə otaqlarımıza hücum çəkir. Elə bil həbs düşərgəsinin rəisidir. Açıq şəkildə deyir ki, mən Daşqın İskəndərova, Mikayıl İsmayılova bağ tikdirirəm, neyləyim? Təzəlikcə isə deyir ki, “Toqqalarınızı bərkidin, 1-ci Avropa Oyunları üçün pul yığmalıyıq!”. Bu düşmən sözüdür! Bizim canımız da bu dövlətə qurbandır, amma bilirik ki, Əhməd Musayev təxribatla məşğuldur, erməni dəyirmanına su tökür!
Odur ki, onun belə qanunsuz hərəkətlərinə etiraz edərək martın 17-də dustaqlara belə verilməsi mümkün olmayan nahardan qəti imtina etdik. Yüzlərlə işçi həmin gün naharsız işlədi.
Əhməd Musayevin təxribat xarakterli hərəkətləri barədə, həmçinin ARDNŞ-nin prezidenti R.Abdullayevə, ARDNŞ-nin “Neftqaztikintiquraşdırma” Trestinin rəisi Mirkazım Abasova şikayət etmişik. Nəticə yoxdur. Bunu bilən Əhməd Musayev bizə xəbər göndərdi ki, şikayətlərinizin xeyri yoxdur, çünki onun arxasında “Azneft” Birliyi rəisinin müavini İkram Əliyev durur... Doğrudanmı belədir???
Əhməd Musayevin diqqətinə çatdırırıq ki, qoy İkram Əliyev onun arxasında dayanıb müdafiə etsin! Bizim isə arxamızda cənab Prezident İlham Əliyev dayanıb və şikayətimizin nəticəsini tezliklə görəcəyik! Ya Əhməd Musayev buradan uzaqlaşdırılacaq, ya da... Ya da onu əməllərinə görə həbs edəcəklər! Başqa yol qoymayıb.

Hörmətlə:
ARDNŞ-nin “Neftqaztikintiquraşdırma” Trestinin işçiləri-Həbib Quliyev, İsmayıl Fərzəliyev, Taleh Həmidov, Elnur İsmayılov, Məhəmməd Nəsirov, İlqar Xaliqov, Sərxan Fərziyev, Zöhrab Əsədov, İlham İsmayılov, Yaqub Çobanov və başqaları (Cəmi-400 imza).





Xəbərlər
 
 
 
 
 
 
 
 
28-05-2020 13:17
 
 
 
 
 
 
 
28-05-2020 11:10
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net