Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvada mətbuat konfransı zamanı Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məsələlərindən danışarkən dediyi sözlər yəqin ki, çoxlarını təəccübləndirib. Budur sitat:
"Biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasına mümkün qədər tez başlanılmasının tərəfdarıyıq. Bu, Qarabağ regionu və orada nizamlanma məsələlərinə aid deyil, bu, sırf ikitərəfli məsələdir və biz onun üzərində işləməyə başlamağı təklif edirik. Rusiya Baş Qərargahında və digər strukturlarda Sovet İttifaqının formalaşmasının müxtəlif mərhələlərini, onun respublikalarında ərazi dəyişikliklərini əks etdirən xəritələr olduğunu nəzərə alaraq, bu delimitasiya və demarkasiya üçün komissiya yaradaraq və özünü bu komissiyaya məsləhətçi kimi təqdim etməklə, bir ildir ki, bu təklifi mütəmadi olaraq səsələndiririk”.
Onun sözlərinə görə, Rusiya Ermənistanın komissiya ilə bağlı təkliflərini Azərbaycana çatdıracaq və onun yaradılması məsələsinin tezliklə həllinə ümid edir.
Burada hər şey qaydasındadır, bircə bir ifadədən başqa – bu, “sırf ikitərəfli məsələdir” və “Qarabağ regionu və nizamlanma məsələlərinə aidiyyəti yoxdur”.
Lavrovun bu sözlərindən hansı nəticələr çıxır? Tamamilə açıq görünür - Rusiyanın xarici işlər naziri qeyd etməyi üstün tutur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan Ermənistan-Azərbaycan dövlət sərhədinin dəqiq koordinatlarını hansısa yolla razılaşdırmaq olar. Yəni, İrəvan tərəfdən Qarabağın Azərbaycana məxsus olduğunu tanımadan (Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Prezident Əliyevdən fərqli olaraq hələ də “tənzimləmə məsələləri”nin qaldığına inanır).
Burada, əlbəttə ki, sual yaranır: bunu necə etmək olar? Aydındır ki, Lavrov ermənilərin “Artsaxın müstəqilliyi” mövzusunda növbəti fərziyyələri yaşatmaları üçün Laçın dəhlizinin girişindəki sərhəd hissəsini delimitasiyasız qoymağı təklif edir. Təbii ki, Rusiya hərbçilərinin hələ də orada qalacağı ümidi ilə. Sadəcə olaraq onun sözlərinin başqa izahı yoxdur.
Amma Azərbaycan buna razı olmayacaq. Nə üçün komissiya yaradıb, onun saxlanılmasına, işçi iclaslarının keçirilməsinə pul xərcləyəsən və axırda yenə eyni sınıq-salxaq təknə qarşısında qalasan? Sərhədin 99%-nin delimitasiyası ilə niyə tələsək ki? Onsuz da həmin bu 99% heç kimdə şübhə doğrumur, amma mübahisəli 1%-i qalsa, Azərbaycanın ərazi bütövlüyü tanınmamış qalacaq.
Biz Dağlıq Qarabağı dövlətimizin bir hissəsi hesab edilməməsi şəraitində danışıqlara niyə davam etməliyik ki? Bu, sadəcə olaraq, sülh prosesinin bir növ imitasiyasıdır. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri hansı cavaba layiqdir və rəsmi Bakı bunu açıq şəkildə səsləndirməyə cəsarət edəcəkmi? DİA.AZ xəbər verir ki, mövzunu AYNA-ya Rusiyanın “Demokratik Seçim” partiyasının həmsədri, Qaydar adına İqtisadi İnkişaf İnstitutunun (Moskva) baş eksperti Sergey Javoronkov şərh edib:
“Xahiş edirəm, məni düzgün başa düşün. Mən Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləmirəm, mənim mövqeyim bundan qat-qat mürəkkəbdir. Nədir? Məncə, Azərbaycan oxucusunu az maraqlandırır, çünki onun mövqeyi çoxdan formalaşıb. Ona görə də mən kənar müşahidəçi kimi Rusiya Xarici İşlər Nazirliyinin mövqeyini şərh edə bilərəm.
Rusiya Xarici İşlər Nazirliyi, Sovet dövründə dedikləri kimi, “dialektik” olaraq, dövlətlərin ərazi bütövlüyü prinsipləri ilə xalqın öz müqəddəratını təyinetmə hüququ arasında ziddiyyətlə bağlı dünya hüququnda çoxdan məlum olan məsələyə son dərəcə seçici yanaşır. Məsələn, qızğın şəkildə “Ukraynanın federallaşdırılmasını” tələb etməklə yanaşı, eyni zamanda, elə həmin 2014-cü ildə Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmağa çağırışlara görə Rusiya Cinayət Məcəlləsinə 280.1-ci maddə daxil edilib. Yəni Ukraynanın ərazi bütövlüyünün pozulması yaxşıdır, Rusiyanınkı isə pisdir.
Qarabağa gəlincə, Putinin 2004-cü ildə “biz bu münaqişəyə qarışmaq istəmirik” bəyanatına baxmayaraq, mən hesab edirəm ki, Putin tüstülənən münaqişə vəziyyətindən kifayət qədər razıdır. Bundan əlavə, Putinin beynəlxalq vəziyyətə ölkələrin rəhbərləri ilə şəxsi münasibətlər prizmasından baxdığını vurğulamaq lazımdır. O, Köçəryanla dost idi (həbsdə olduğu dövrdə diplomatiya üçün unikal olan addım atırdı: bayramları münasibətilə təbrik edirdi), amma postsovet məkanında daha bir inqilabi nümunənin təcəssümü kimi Paşinyanı bəyənmir. Ona görə də əgər 2016-cı ildə Putin Azərbaycana təzyiq edib, onu hücumu dayandırmağa məcbur edibsə, 2020-ci ildə bunu yalnız Ermənistan bu ərazinin yarısını itirəndən sonra edib.
Lakin Ermənistanın dəstəkdən tamamilə imtina etməsi, Moskvanın fikrincə, risklərlə doludur: Ermənistanda iki hərbi bazanın itirilməsi (və bazalar Rusiya hakimiyyətinin fetişidir: bu, "biz demək olar ki, Amerika qədər qüdrətliyik" deməkdir), Azərbaycandan fərqli olaraq çox güclü şəkildə təmsil olunduğu Ermənistanda Rusiya biznesinin problemləri və ümumiyyətlə, Ermənistanın Qərbin tərəfinə keçməsi mümkünlüyü.
Sərhədin demarkasiyasına gəlincə, təkcə Laçın dəhlizi məsələsi deyil, həm də Zəngəzur dəhlizi münaqişəli məsələdir – Azərbaycan hakimiyyətinin bəyanatlarına əsasən, Bakı da ümumiyyətlə, respublikalar arasında 1988-ci ildəki sərhədlərin hipotetik bərpası ilə kifayətlənmir. Lakin Qarabağı müstəqil dövlət kimi heç kim rəsmən tanımırsa, Ermənistanın cənub sərhədlərini KTMT çərçivəsində öhdəlikləri olan Rusiya qoruyur.
Ona görə də hesab edirəm ki, Rusiya diplomatiyası bir müddətdən sonra yuxarıda adı çəkilən Zəngəzur dəhlizinin yaradılması müqabilində Azərbaycana hazırkı status-kvonu fiksasiya etməyi təklif edəcək. Aydındır ki, Azərbaycanın ümid bəslədiyi heç də bu deyil. Ancaq birdən Qarabağ hərbçilərinin əlində Donbasda olduğu kimi çoxlu sayda tank, artilleriya və sonsuz döyüş sursatı olan hava hücumundan müdafiə sistemləri olarsa (Putin Donbasda izah etdi ki, bu silahları ukraynalılardan “şaxtyorlar və traktorçular” alıb), hərbi yolla irəliləyişləri davam etdirə biləcəkləri barədə qərar vermək Azərbaycan hakimiyyətinin səlahiyyətindədir. Və bu, təcrübənin göstərdiyi kimi, olduqca realdır”.