İrəvan sülh sazişi yox, ermənilərə xəyali status arzusundadır - Okeanın o tayından ilhamlanaraq...
Azərbaycanın beş sülh təklifinə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sərgilədiyi mövqe İrəvanın “sülh sazişi imzalamağa hazırıq” bəyanatlarının blef olduğunu göstərdi. Mirzoyan Bakıdan gələn təkliflərə “Dağlıq Qarabağ ərazi yox, hüquq məsələsidir. Bizim üçün əsas olan Qarabağ ermənilərinin hüquq və azadlıqları, Qarabağın statusudur” deyərək cavab verib. Bu da özlüyündə göstərir ki, Ermənistan prosesi acı bağırsaq kimi uzatmağa meyillidir və böyük sülh müqaviləsi bağlamaq istəyində həvəsli görünmür. Üstəlik, erməni nazirin açıqlamasından belə nəticə hasil olur ki, İrəvanın sülh sazişi üçün “vazkeçilməz şərtləri” gorbagor olmuş statusdan ibarətdir.
Ümumiyyətlə, son günlər xüsusilə ABŞ-ın “status məsələsində” canfəşanlığı artıb. ABŞ Konqresinin Nümayəndələr Palatası Qarabağda olan qondarma “artsax”a qarşı hərbi əməliyyatların mümkünlüyü barədə hesabat tələb edən qanun layihəsi də qəbul edib. Nəticədə 2022-ci maliyyə ilinin xərclərini ümumiləşdirən, Ermənistana ən azı 45 milyon dollar və “artsax”da humanitar minatəmizləmə üçün 2 milyon dollar nəzərdə tutan layihə qəbul olunub. “Belə hesabat hər bir Cənubi Qafqaz ölkəsinin strateji balansının və hərbi hücum imkanlarının qiymətləndirilməsini əhatə etməlidir”, - qanun layihəsində deyilir. Prezident Bayden bu qanunu artıq imzalayıb.
ABŞ dövlət katibi Entoni Blinken isə erməni baş nazir Nikol Paşinyanla telefon söhbətində “həll edilməmiş bütün məsələlərin” hərtərəfli həlli yollarını tapmaq üçün diplomatik fəaliyyəti gücləndirməyə çağırıb. Aydındır ki, “həll edilməmiş bütün məsələlər” dedikdə onların sırasında əsassız “status” məsələsi də var. Ukrayna müharibəsindən əvvəl Rusiyanın qondarma “DXR”və “LXR”i tanıması, indi isə Kiyevdən onların da “müstəqilliyini” tələb etməsi erməniləri ruhlandırıb. Onlar düşünürlər ki, Rusiyanın istinad etdiyi “öz müqəddəratını təyin etmə hüququ” Bakı qarşısında da qaldırıla bilər, bəlkə də bu “tarixi şansdır”.
Məhz bu səbəbdən ermənilər son günlər Qarabağda vəziyyətin pisləşməsi, ermənilərin “iqtisadi blokadası” haqda təxribatçı iddialar irəli sürürlər. Ermənistanın sülh müqaviləsinin hazırlanması üçün Minsk Qrupunu “köməyə çağırmasının” arxasında da status kələyi durduğu şübhə doğurmur. Bütün bu baş verənlərin təhlili isə onu deməyə əsas verir ki, Ermənistan sülh sazişinin yox, ermənilərə xəyali status arzusundadır. Təəssüf ki, ABŞ da bu oyunda əvvəlki qərəzli mövqeyini almaqdadır. Qarabağdakı vəziyyətin ABŞ-ın kəşfiyyat rəisinə tapşırılması, Blinkenin ikibaşlı “həll edilməmiş məsələlər” deməsi regionda vəziyyəti gərginləşdirməyə hesablanıb. Qəribədir, ABŞ-ın Rusiyanın nüfuz dairəsində, sülhməramlıların olduğu bölgəyə bu cür müdaxiləsinin səbəbləri nədir?
“Burada Rusiya faktoru önəmli rol oynayır. Rusiya aktiv vasitəçilik təşəbbüsü ilə çıxış etdiyi, sülhməramlıları bölgəyə yerləşdiyi üçün Amerikada qıcıq oyadır. Ona görə ABŞ-ın son günlər bu addımları həm də Rusiya əleyhinə yönəlib və Ermənistan vəziyyətdən sui-istifadə edərək öz maraqlarından çıxış edir. Çünki Rusiyanın başı Ukraynaya qarışıb və dünya onun üstünə gedir, belə zamanda Ermənistan öz məkrli siyasətini davam etdirməyə çalışır”. Dia.az xəbər verir ki, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a Blinkenin mövqeyini belə şərh edib. Ekspertin sözlərinə görə, Rusiyanın başının qarışdığını görən İrəvan Qərbə üz tutub ondan imdad istəyir: “Azərbaycanın Ermənistana göndərdiyi 5 sülh təklifində ərazi bütövlüyü, sərhədlərin tanınması və digər məsələlər qaldırılıb ki, bunlar da yeni deyil. Yəni Bakı təzə heç nə qoymayıb ki, Ermənistan təəccüblə qarşılasın. Amma onlar Minsk Qrupunu önə çəkməklə status məsələsini qabardırlar və sülh müqaviləsini arxa plana keçirirlər. Halbuki Antalya Diplomatiya Forumunda Çavuşoğlu Mirzoyanla görüşdə dedi ki, sülh müqaviləsi üçün üçüncü tərəfə ehtiyac yoxdur. O deməkdir ki, Minsk Qrupunu çağırmaq lazım deyil. Ona görə Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan, qarşılıqlı şəkildə müzakirə aparıb münasibətləri tənzimləyə, sülh sazişi bağlaya bilər. Ancaq görünür ki, İrəvanın niyyəti sülh müqaviləsi deyil, məqsəd üçüncü tərəfi qoşmaqla prosesi uzatmağa hesablanıb”. Siyasi şərhçi hesab edir ki, ABŞ-ın addımları Rusiyaya qarşıdır, Ermənistanın da Vaşinqtonla sinxron hərəkətləri təsadüfi deyil: “Azərbaycanla Ermənistanın münasibətləri normallaşmasa, Türkiyə ilə bu ölkənin sərhədləri açıla bilməz. Əgər Ankara İrəvanın qeyri-konstruktiv siyasət apardığını görsə, o halda çarter reyslərini də dayandıra bilər. Hərçənd İrəvan Türkiyə ilə normallaşma prosesini bizimlə məsələdən ayırmağa çalışır, amma qardaş ölkə ilə Ermənistanın münasibətlərinin yaxşılaşması Azərbaycanın Ermənistanla əlaqələrinin tənzimlənməsindən asılıdır”.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevin qəzetimizə dediyinə görə, Azərbaycan və Türkiyədən başqa heç bir tərəf prosesin bitməsini istəmir. Partiya sədrinin fikrincə, çünki bütün qüvvələr bu məsələdən maşa kimi istifadə edirlər. F.Quliyev hesab edir ki, bir iki amerikalı məmurun söyədikləri heç də ABŞ-ın dövlət mövqeyi kimi dəyərləndirilə bilməz. Üstəlik, Vaşinqtonun müttəfiqi Ankara və ona yaxın olan Bakı ilə birgə addımlamaq istəyində göründüyünü deyən F.Quliyev hesab edir ki, məsələni Rusiyanın inhisarından çıxarmaq niyyəti güdülür.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yazıb ki, Paşinyan yenə telefonu götürüb şikayət zənglərinə başlayıb: “Şikayətlənir ki, Azərbaycan Ermənistanı sülh müqaviləsi bağlamağa məcbur edir. Daha sonra Blinken İlham Əliyevə zəng vurur və Paşinyanın ”Minsk prosesi" ideyasını dəstəkləyir. Soruşursunuz niyə? Cavab sadədir - ABŞ-a da, Rusiyaya da nəticə yox, münaqişə prosesinin özü mühümdür".
Sabiq nazir bildirib ki, bu məntiq Ukraynadakı hadisələrdə də istifadə olunur: “Onların xoşuna gəlmir ki, Azərbaycan Prezidenti Türkiyə və İsrail arasında münasibətlərin normallaşması üçün vasitəçilik edir. Xoşlarına gəlmir ki, Türkiyə Prezidenti bizim dövlət başçısı ilə birgə Rusiya və Ukraynanı danışıqlar stolu ətrafında oturtmaq üçün çalışırlar. Onlar istəmirlər ki, Qarabağda rus sülhməramlılarını türklər əvəz etsin. Ona görə zəng vururlar”.