Zəngəzur dəhlizinə alternativ və ya Bakıdan İrəvanla Moskvaya mesaj - NƏ BAŞ VERİR?
Martın 11-i Bakıda Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalandı. Bu sənəd İran ərazisindən keçməklə, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantısının yaradılmasını ehtiva edir. Memorandumun məqsədi Naxçıvanla yeni dəmir və avtomobil yolu əlaqələrinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.
Sənədin bəzi detallarında belə qeyd edilir:
– Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək;
– İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirir;
– Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə işçi qrup yaradılacaq;
– Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər Tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edir, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirirlər;
– Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətinə hazırlanıb, tərəflərin hökumətlərinə təqdim ediləcək və s.
Anlaşma Memorandumu ilə bağlı ekspertlərin fikirləri müxtəlifdir. Bəzi analitiklər bildirirlər ki, bu sənədlər faktiki olaraq Zəngəzur dəhlizinin açılması arxa plana keçdi. O mənada ki, 44 günlük Vətən müharibəsini bitirən 10 noyabr Üçtərəfli Birgə Bəyanatda bölgədə kommunikasiyaların blokdan çıxarılmasını nəzərdə tutan bənd var idi. Azərbaycan tərəfinin israrla Zəngəzur dəhlizi dediyi, Ermənistanın isə kommunikasiya xətti adlandırdığı dəhlizlə Azərbaycan Ermənistan üzərindən Naxçıvana, oradan Türkiyəyə çıxış əldə edəcəkdi.
Bəyanatın həmin bəndində qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.
Müharibənin bitməsindən keçən müddət ərzində Ermənistan bu bəndin icra olunmasından faktiki olaraq imtina etdi. Rəsmi İrəvan Ermənistan ərazisindən dəhliz məntiqi ilə Naxçıvana və Türkiyəyə avtomagistralın və dəmir yolunun çəkilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib.
Bəzi politoloqlar isə Azərbaycanın İranla Naxçıvana kommunikasiya əlaqəsinin yaradılmasını nəzərdə tutan Memorandumla Ermənistanın “ofsayd”a salındığını iddia edirlər və bunun Zəngəzur dəhlizini əvəzləyəcəklərini bildirirlər.
Əksər analitiklər isə bu fikri qəbul etmirlər. Bildirilir ki, Zəngəzur dəhlizi gündəmdə qalır və Ermənistan razılaşacağı təqdirdə ora açılacaq. Azərbaycan sadəcə İranla razılaşaraq Zəngəzur dəhlizinə alternativ bir yol qazanmış oldu və Bakı bununla İrəvana, eyni zamanda, 10 noyabr Üçtərəfli Birgə Bəyanatda imzası olan Moskvaya mesaj verir - “Alternativimiz var və Zəngəzur dəhlizindən asılı qalmayacağıq”. DİA.AZ-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-ya şərhində bildirib ki, rəsmi Bakı İrəvanı oyundankənar vəziyyətə salmış oldu: “Anlaşma Memorandumu bölgədə yeni düzənin yaranması ilə nəticələnəcək. Faktiki olaraq Ermənistan kommunikasiya xəttindən kənarda qalır ki, məncə, günah elə Ermənistan hakimiyyətinin özündədir. Ermənistan Rusiyaya güvənərək Zəngəzur dəhlizinin açılması məsələsini gecikdirdi. Azərbaycan isə həm Ermənistanı təcrid edir, həm də İrana imkan yaradır ki, yeni dəhliz vasitəsilə bölgədə rolunu və gəlirlərini artırsın, böyük arteriyanın tərkib hissəsinə çevrilsin”.
“Ermənistanın Zəngəzur dəhlizindən mütəmadi olaraq imtina barədə bəyanatları, Rusiyanın bunu qeyri-rəsmi dəstəkləməsi nümunəsi var. Əslində isə Moskva İrəvana təzyiq etməli idi ki, dəhliz məsələsi həllini tapsın. İranla Anlaşma Memorandumu Bakının İrəvan və Moskvaya bir mesajıdır ki, Zəngəzur dəhlizi açılmasa belə, alternativimiz var. Amma əlbəttə, bu o demək deyil ki, Azərbaycan Zəngəzur dəhlizindən imtina edir. Bu istiqamətdə də Azərbaycan dialoqun davam etməsinə hazırdır. Sadəcə Rusiyaya və Ermənistana deyirik ki, “biz sizdən asılı deyilik””, - politoloq vurğulayıb.
Mərkəz rəhbəri qeyd edib ki, burada incə bir sual var – əsgər İranla gələcəkdə Azərbaycanın münasibətlərində kəskinləşmə olarsa, vəziyyət necə olacaq? Şahinoğlu hesab edir ki, İran Azərbaycanın daxili işlərinə qarışmasa, problem yaranmayacaq: “Həm də ki, bu kommunikasiya xətti işə düşəndən sonra iqtisadi maraqlar iki dövləti daha yaxın mövqeyə sövq edəcək. Bu yol Azərbaycan üçün də faydalıdır, İran üçün də. Çünki Ermənistan və Rusiyanın dəhlizlə bağlı asılılığından qurtuluruq. İran da bununla dünyaya açılır, gəlir əldə edəcək”.
“Azərbaycanla İran arasında imzalanan yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu regionda Prezident İlham Əliyevin növbəti diplomatic qələbəsi oldu”. Bu sözləri isə Memorandumla bağlı fikirlərini AYNA-ya bildirərkən deputat Bəhruz Məhərrəmov deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın inkişaf tempi, iqtisadi müstəqilliyinin tam bərqərar olması siyasi suverenliyimizin güclənməsinə də gətirib çıxarıb: “Mürəkkəb geosiyasi şəraitdə inkişafın kökündə bir tərəfdən dövlət başçısının qətiyyəti dayanırsa, digər tərəfdən ölkəmizin iqtisadi inkişafının şaxələndirilməsidir. Yəni ki, Prezidentin bütün hallarda alternativlər taparaq Azərbaycanın kiminsə iradəsindən asılı olan deyil, alternativlər arasından seçim edən dövlətə çevirir. Belə olan halda, hər hansı layihə üzrə işləri dayandırmaq təhdidindən qurtulmaqla yanaşı, rəsmi Bakı layihəni kiminlə davam etdirəcəyi barədə müstəqil qərar verən gücə çevrilir”.
Deputat qeyd edib ki, İranla imzalanan Anlaşma Memorandumu Qərbi Zəngəzurdan keçəcək dəhlizə etibarlı alternativ olsa da, Azərbaycanın Zəngəzur dəhlizindən vaz keçəcəyi demək deyil: “Bölgədə diktə edən güc və qalib tərəf kimi diktə və seçim edən Azərbaycandır və heç bir dövlət, ələlxüsus da məğlub Ermənistan rəsmi Bakı qarşısında şərt qoyacaq güc və imkanda deyil. Bu mənada, İran ərazisindən keçəcək alternativ kommunikasiya bağlantılarına Azərbaycanın yeni seçimi yox, nəqliyyat-kommunikasiya imkanlarımızı genişləndirən və bizə alternativ imkan yaradan və iqtisadi suverenliyimizə güc qatan vacib və zəruri alternativlərdən biri kimi yanaşmalıyıq”.
“Anlaşma Memorandumunun əhəmiyyəti təbii ki, aydındır. Lakin bəzi məqamların xüsusi qeyd edilməsinə ehtiyac var. Birincisi, Prezident İlham Əliyev bu sənədlə Azərbaycanın çevik və müstəqil siyasi qərarvermə imkanlarını ortaya qoydu. Təsəvvür edin, avtomobil yolu ilə bağlı layihə sənədləri bir ay, dəmir yoluna dair təkliflər isə cəmi 6 ay müddətinə hazırlanacaq. İkincisi, Azərbaycan elə müstəqil və balanslaşdırılmış siyasi xətt yürüdür ki, qonşuları ilə ən ciddi layihələr üçün belə uzunmüddətli danışıqlara gərək qalmır. O cümlədən artıq İran Azərbaycanı güc, Prezident İlham Əliyevi milli maraqları rəhbər tutaraq təkstandartlı, açıq siyasət yürüdən, sabit və etibarlı siyasi tərəfdaş kimi qəbul edir, Bakıdan öz maraqları üçün təhdid görmür. Üstəlik, çoxsaylı sanksiyalara məruz qalan Tehran əvvəlki dövrdən fərqli olaraq bölgədə dalana dirənmiş Ermənistanla deyil, məhz Azərbaycanla daha sıx əməkdaşlığın faydalı olduğunun fərqindədir”, - deyə Məhərrəmov vurğulayıb.
“Anlaşma Memorandumu ilə rəsmi İrəvan bir daha dalana dirənmiş oldu. Ermənistan Zəngəzur dəhlizi üzərində mövcud olan kiçik təsir imkanından məhrum oldu. Eyni zamanda, ciddi tranzit və gömrük gəlirləri əldə etməsi perspektivi Azərbaycanın iradəsindən asılı vəziyyətə düşdü”, - deyə millət vəkili fikrini tamamlayıb.
REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli isə bildirib ki, Anlaşma Memorandumu ilə Azərbaycanın xarici siyasətdə növbəti doğru addım atdığını söyləmək olar: “İranla əhatəli əməkdaşlığa imkan verən yeni sənəd bir çox aspektdən önəmlidir, hətta ciddi iqtisadi fürsətlər yaradır. İmzalanmış sənədə görə Ermənistan-İran sərhədinə pararlel Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur ki, həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Həmçinin tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsi nəzərdə tutulur. Yeni kommunikasiya xəttində hər iki tərəf, həm Azərbaycan, həm də İran qarılıqlı söz sahibi olacaq, yeni sərhəd keçid məntəqələri, sərhədyanı ticarət üçün yeni fürsətlər yaranacaq”.
“Bu sənəd Ermənistan və Rusiyanın əlində təzyiq vasitəsi olan və Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizinin əhəmiyyətini azaldır. İndi artıq bu təzyiq alətindən Moskva istifadə edib müəyyən güzəştlər qoparmağa çalışmayacaq. Zatən o dəhliz həyata keçsə, yeganə söz sahibi Rusiya olacaqdı. Yollar, kommunikasiyalar Moskvanın tam nəzarətində olacaqdı. İndi isə top Ermənistan və Rusiya tərəfdədir. Yeni regional logistik layihələrin iştirakçısı olmaq istəyirlərsə, daha yumşaq şərtlərlə Zəngəzur dəhlizinin açılmasına razı olmalıdırlar”, REAL yetkilisi qeyd edib.
İqtisadçı hesab edir ki, hətta gələcəkdə Zəngəzur dəhlizi işə düşsə də, mütləq alternati olmalıdır: “Kremlin nəzarətində, Ermənistanın ərazisində olan kommunikasiya xəttləri daim təhlükədə ola, həmişə təzyiq vasitəsinə çevrilə bilərdi. İrandan keçən alternativ kommunikasiya xəttləri bu təzyiqi amortizasiya etməyə kömək olacaq”.
“Sənədin imzalanması geosiyasi anlamda İranın Ermənistandan üz çevirməsi deməkdir. Bu gün Ermənistan mediası İranı günahlandırır, Tehranın İrəvana arxadan zərbə vurduğunu söyləyirlər. Anlamırlar ki, İran qədim diplomatiya ənənələrinə, öz maraqlarını qorumaq üçün addımlar atan ölkədir və geosiyasət elə qurulub ki, daimi dostlar olmur, daimi maraqlar olur, maraqlar həmişə sentimentlərə qalib gəlir”, - Cəfərli əlavə edib.
İqtisadçı onu da xatırladıb ki, İranla Qərb arasında yeni istiləşmə gözlənilir: “Enerji anlamında Avropa bazarında Rusiyaya rəqib ola biləcək yeganə ölkə məhz İrandır. Rusiyanın beynəlxalq aləmdən təcrid edilməsi və enerji resurslarından gələcəkdə tam imtina edilməsi üçün Qərbin İrana ehtiyacı var. Düşünürəm ki, Azərbaycanla İran arasında bağlanan yeni müqavilə bizim dövlət tərəfindən Türkiyə, Avropa Birliyi, Böyük Britaniya və ABŞ-la, hətta İsrail ilə məsləhətləşmələrdən sonra ərsəyə gəlib. İranın Qərbə açılması üçün əsas logistik və maliyyə, texniki mərkəz Azərbaycan, Bakı ola bilər. Bu ölkəmizə çox böyük yeni fürsətlər, iqtisadi dividentlər gətirə bilər”.