Ermənistanın investisiya öhdəliklərində defolt ehtimalının artmasının əsasları – Təhlil
“Fitch's” reytinq agentliyi Ermənistanın bir çox indikatorlar üzrə emitent defolt reytinqlər (IDR) səviyyəsinin aşağı endirildiyini bildirib. Emitent defolt reytinqlər müəssisənin və ya dövlətin maliyyə öhdəliklərinin yerinə yetirilməməsi səviyyəsinin müəyyənləşdirilməsində fikir formalaşdırılmasını təmin edir.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Səmərəliliyin qiymətləndirilməsi departamentinin rəhbəri Yusif Səfərovun şərhini təqdim edir.
Agentliyin analitiklərinin apardığı hesablamaların nəticəsində Ermənistanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqi “BB-” səviyyəsindən bir pillə aşağı “B+”ə endirilib, ümumi mənzərənin isə “sabit” olduğu bildirilib. “BB” reytinqi öhdəliklərin yerinə yetirilməsində spekulyativ yanaşmanın olduğunu göstərdiyi halda, “B” reytinqi bu öhdəliklərin icrasında yüksək spekulyativliyin olduğunu bildirir. Həmçinin “B” reytinqi məhdud bir təhlükəsizlik marjası qalmaqla maddi defolt riskinin mövcud olduğunu göstərir. Hazırda maliyyə öhdəlikləri yerinə yetirilməsinə baxmayaraq, bu öhdəliklər üzrə davamlı olaraq ödəmə qabiliyyəti iqtisadi və biznes mühitinin pisləşməsinə hədsiz dərəcədə həssasdır. Bütün bunlar Ermənistan hökümətinin defolt riski ilə üz-üzə qaldığını göstərir.
Department rəhbərinin sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarda apardığı işğalçı siyasət nəticəsində hazırda münaqişə zonasında həyata keçirilmiş genişmiqyaslı hərbi əməliyyatlar da Ermənistanın investisiya öhdəliklərinin yerinə yetirilməsində defolt olma ehtimalının armasına əsas yaradır. Hazırda ölkədə baş verən hadisələri nəzərə alaraq, Dağlıq Qarabağla bağlı gərginliyin davam etməsi təqdirində hadisələr ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək və iqtisadiyyatın tənəzzülünü dərinləşdirəcək. Bu ilin ilk yarısında gözləniləndən daha sürətli iqtisadi daralma baş verib, ümumi dövlət borcunu aprel ayında dərc edilən icmalda nəzərdə tutulan proqnozdan daha yüksək həddə çatıb. Agentlik hazırkı dövrdə dövlət borcunun daha yüksək həddə çatacağını və orta müddətli dövrdə azalmasının qeyri-mümkünlüyu ehtimalına əminliyini bildirib.
COVID-19 pandemiyasının yenidən dirçəlməsi ilə əlaqədar yeni məhdudlaşdırma tədbirləri və xüsusi ilə də Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli dövrə keçməsi əsasında ölkə iqtisadiyyatına yaradacağı mənfi təsirlər iqtisadi proqrozlarda neqativ risklərin artımı ilə nəticələnir. Agentlik tərəfindən aprel ayında 0,5 faiz ÜDM artımının proqnozlaşdırılmasına baxmayaraq, hazırkı proseslər əsasında artıq Ermənistan iqtisadiyyatının bu il 6,2 faiz daralacağı proqnozlaşdırılır. Baş vermiş münaqişənin davam müddəti artdıqca iqtisadi tənəzzülün proqnozlaşdırıldığında daha da yüksək həddə çatacağı qaçınılmazdır. Həmçinin ümumi dövlət borcunun ÜDM-ə nisbəti 2019-cu ilin sonunda 53,5 faiz təşkil edirdisə, hazırki dövrdə bu rəqəmin 2020-ci ilin sonunda 63,9 faizədək yüksələcəyi və 2021-ci ilin sonunda isə 65,6 faizədək artacağını proqnozlaşdırılır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, dövlət borcunun 76 faiz xarici valyutadadır, bu isə münaqişənin davam etdiyi sürətdə ölkənin idxal asılığını nəzərə alaraq hökümətin xarici valyutada öhdəliklərinin yerinə yetirilməməsində riskini daha da artırır.
Qeyd olunanlar bir daha göstərir ki, hazırkı dövrdə yüksək olan və daha da böyüyən Ermənistanın xalis borcu, böyükmiqyaslı cari əməliyyatlar balansındakı defisit yuxarıda qeyd edilən bu öhdəliklərin yerinə yetirilməsində öz mənfi təsirini göstərəcək və müharibənin təsiri ilə daha da pisləşəcək.