Ehtiyatlı olun, gün vura bilər
Tarix: 24-06-2015, 11:50 |
Çap et
Bu gün Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirirlər ki, paytaxtda gündüz saatlarında temperatur 36, aran rayonlarında isə 42 dərəcəyə qədər yüksələcək. Bu isə çoxillik iqlim normasından yüksəkdir.
Bu cür istilər insanlar üçün problemlər yaradır. Belə havalarda günvurma və istivurmadan şikayətlər artır.
May ayından bu günə qədər 10 nəfər günvurma səbəbindən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.
Bunu virtualaz.org saytına stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev deyib: “Onlardan 2-si xəstəxanaya yerləşdirilib. Müraciət edənlərin əksəriyyəti orta yaşlı insanlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə gün vuran insanların sayında elə bir artım yoxdur. Qiymətləndirmə mövsümün sonunda aparılır. Bu dövr üçünsə son günləri çıxsaq, hələ ki, yayın o qədər də isti keçdiyini demək olmaz”.
15 dəqiqədən çox gəzməyin
Həkimin sözlərinə görə, bu cür hallardan qorunmaq üçün məsləhətlərə hər kəs əməl etməlidir: “Baş örtüyü olmadan açıq havaya çıxmaq lazım deyil. Günəşin zərərli şüalarından qorunmaq lazımdır. Yay aylarında, isti havalarda maye qəbulunu artırmaq, sərinləşdirici mayeləri çoxaltmaq, yağlı qidalardan imtina etmək məsləhətdir”.
Açıq havada gəzməyə gəlincə, bu cür isti havalarda 15 dəqiqədən artıq gün altında qalmaq təhlükəlidir. Ümumiyyətlə, saat 11:00-lə 17:00 aralığında bayıra çıxmamaq, qapalı yerdə qalmaq tövsiyə olunur.
Amma işinə görə açıq havada çox vaxt keçirməyə məcbur olan insanlar var. Odur ki, isti havada çox vaxt keçirənlər ehtiyatlı olmalı, özlərini pis hiss edən, hərarətlərinin qalxdığını bilən kimi həkimə müraciət etməlidirlər.
Günvurmanın da dərəcəsi var
Günvurma və istivurmanın üç dərəcəsi olur - yüngül, orta və ağır dərəcəli. Yüngül dərəcəli günvurma zamanı xəstənin bədən hərarəti qalxmır, yalnız başağrısı olur, zəiflik hiss edilir, dəri örtüyü nəmlənir, tənəffüs tezləşir.
Belə olanda həkimə ehtiyac yoxdur, xəstə özünü müalicə edə bilər. Bunun üçün kölgəyə çəkilmək, maye qəbul etmək, hava almaq lazımdır. Belə xəstənin ətrafında sıxlıq yaratmaq olmaz.
Orta dərəcəli istivurmada artıq bədən temperaturu 39-40 dərəcəyə kimi qalxır. Başağrısı, ürəkbulanma, qusma, hətta huşun itirilməsi də ola bilər. Bu zaman təcili yardıma ehtiyac var. Həkim gələnə kimi xəstəni sərin yerə aparmaq, sərin maye içirtmək, alnına soyuq kompres qoymaq lazımdır.
Ağır dərəcəli günvurmada bədən temperaturu artıq 40 dərəcəni keçir, huşu itirmək, qıcolma mümkündür. Bu zaman dəri örtüyü tam quruyur, hətta dəridə yanıq ola bilər. Burda mütləq həkim müdaxiləsinə ehtiyac var, xəstə mümkün qədər tez müddətdə xəstəxanaya yerləşdirilməlidir.