
ABŞ mərkəzli avtomobil nəhəngi "Tesla"nın Baş direktoru Elon Mask şirkətinin "Samsung Electronics" ilə 16,5 milyard dollarlıq çip təchizatı müqaviləsi imzaladığını açıqlayıb.
Vertikal.az Bizimyol.info-ya istinadla xəbər verir ki, bu böyük razılaşma, "Samsung"un son dövrlərdə zərər edən müqaviləli istehsal (foundry) bölməsinə mühüm dəstək verə bilər.
Anlaşmanın elanından sonra, "Samsung"un səhmləri 6,8%-ə qədər artaraq, 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb. "Tesla"nın səhmləri isə ABŞ bazarlarında açılışdan əvvəl 1,9% artıb.
Mask "X" platformasında etdiyi paylaşımda, "Samsung"un Texas ştatının Taylor şəhərində yerləşən yeni çip fabrikasında "Tesla"nın yeni nəsil "AI6" çiplərinin istehsal ediləcəyini bildirib. Mask: "Bildirim ki, "Samsung" "Tesla"nın istehsal səmərəliliyini artırmağa kömək edəcəyini qəbul etdi. Bu çox vacibdir. Lazım gələrsə, istehsal xəttini özümdə yoxlayacağam. Üstəlik, fabrik evimə də yaxındır", - deyə qeyd edib.
Başqa bir paylaşımında isə: "16,5 milyard dollar yalnız minimum dəyərdir. Əsl istehsal həcmi bunun bir neçə qatına çata bilər", - deyə yazıb.
"Samsung"un Texasdakı fabrikinə uzun müddət böyük müştəri tapılmadığı məlum idi. Keçən il "Reuters" şirkətin bu fabrikə tətbiq olunan qabaqcıl ASML maşınlarının təhvil verilməsini təxirə saldığını və fabrikin açılışını 2026-cı ilə qədər yubadacağını bildirmişdi.
"NH Investment & Securities"dən analitik Ryu Young-ho: "Taylor fabrikasının indiyə qədər demək olar ki, heç bir müştərisi yox idi. Bu sifariş son dərəcə vacibdir", - deyib.
Yeni "AI6" çiplərinin istehsal cədvəli hələ açıqlanmayıb. Mask daha əvvəl "AI5" çiplərinin 2026-cı ilin sonunda istehsal ediləcəyini söyləmişdi. Analistlər "AI6"nın istehsalına 2027 və ya 2028-ci illərdə başlanılacağını proqnozlaşdırır. Ancaq "Tesla"nın əvvəlki illərdə bir çox istehsal hədəfini gecikdirdiyi məlumdur.
Hazırda "Samsung" "Tesla"nın "AI4" çiplərini istehsal etməyə davam edir. Bu çiplər "Tesla"nın Tam Avtonom Sürüş (Full Self-Driving) sisteminə güc verir. "AI5" çipləri isə Tayvan və Arizonadakı tesislərdə "TSMC" tərəfindən istehsal ediləcək.
"Samsung" dünyanın ən böyük yaddaş çipi istehsalçısı olmasına baxmayaraq, müqaviləli istehsal (foundry) bazarında yalnız 8% bazar payına sahibdir. Bazarda lider olan "TSMC" isə 67%-lik payla böyük bir fərqlə öndədir. "TSMC"nin müştəriləri arasında "Apple", "Nvidia" və "Qualcomm" kimi nəhənglər yer alır.
"Samsung" bu müqaviləni əvvəllər açıqlamış, lakin müştərinin kimliyini gizli saxlamışdı. "Reuters"ə danışan üç mənbə müştərinin "Tesla" olduğunu təsdiqləyib.
Bu inkişaf, "Samsung"un xüsusilə süni intellektə yönəlik çip istehsalı sahəsində rəqabət təzyiqi ilə üzləşdiyi bir dövrdə baş verib. Şirkət bu sahədə "TSMC" və "SK Hynix" kimi rəqiblərini geridə qoymaqda çətinlik çəkir. Analistlərə görə, bu da onun gəlir və səhmlərinə mənfi təsir göstərir.
"Samsung" bu ayın əvvəlində açıqlamasında, ikinci rübdəki əməliyyat mənfəətinin əvvəlki ilə nisbətən 56% azaldığını bildirmişdi. Analist Pak Yuak, şirkətin foundry bölməsinin ilin ilk yarısında 5 trilyon von (təxminən 3,6 milyard dollar) ziyan etdiyini təxmin edir.
"Samsung"-"Tesla" razılaşmasının, Cənubi Koreya ilə ABŞ arasındakı davam edən ticarət danışıqları ilə əlaqəli olub-olmaması hələ dəqiq deyil. Cənubi Koreya, ABŞ ilə çip və gəmi inşası sahələrində tərəfdaşlıqlar qurmağı istəyir. Bu təşəbbüs, bəzi məhsullara tətbiq oluna biləcək 25%-lik ABŞ tariflərini əngəlləməyi hədəfləyir.