Tarixi təşəbbüskar- Heydər Əliyev!
Tarix: 21-04-2022, 16:58 | Çap et
Tarixi təşəbbüskar- Heydər Əliyev!

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması, inkişafı yönündə əvəzsiz xidmətlər göstərmiş, xalqın milli düşüncəsinin düzgün istiqamətini müəyyənləşdirmiş, dəyərlər sistemini qloballaşmanın təsirlərindən qorumağa çalışmışdır.
Belə milli dəyərlərimizin ən gözəl nümunələrindən biri, bəlkə də birincisi XX əsrin əvvəllərində təqiblərə məruz qalan “Kitabi Dədə Qorqud” eposudur. 1950-ci illərə qədər “Kitabi-Dədə Qorqud” Sovet İttifaqında qadağan edilmişdir. Ancaq 1950-ci illərdən sonra Azərbaycan alimlərinin səyləri nəticəsində bu əsər tədqiq edilməyə başlanmışdır. 1970-ci il, 1980-ci illərin əvvəllərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə əsərin təbliği, onun sovet, dünya ictimaiyyətinə çatdırılması ilə bağlı konkret qərarlar qəbul edilmişdir. Ulu Öndərin tövsiyəsi ilə bədii film çəkilmişdir.
1995-ci ilin 27-28 avqustunda bir qrup Azərbaycan ziyalısı ilə qırğız xalqının “Manas” dastanının 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edən Prezident Heydər Əliyev geri döndükdən sonra ziyalılarla məsləhətləşmələrdən sonra “Kitabi Dədə Qorqud” dastanlarının 1300 illiyinin keçirilməsi ilə bağlı qərar verdi. Azərbaycan mədəniyyətinə, tarixinə, ədəbiyyatına xüsusi diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev 1997-ci il aprel ayının 20-də Azərbaycan və digər türk xalqlarının milli-mənəvi dəyərlərinin, tarixi köklərinin böyük abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında fərman imzaladı.
Bu vaxta qədər isə Ulu öndər Dədə Qorqudun adını digər sahələrdə əbədiləşdirdi - ən önəmli qazma quyulardan birinə ulu ozanın adını verdi. Beləliklə, 24 avqust 1996-cı ildə “Dədə Qorqud” qazma quyusu fəaliyyətə başladı. Ulu Öndər Heydər Əliyev Dədə Qorqudun heykəlinin ucaldılması haqqında Sərəncam verdi. Heydər Əliyevin ön sözü ilə 2000-ci ildə 2 cilddə "Kitabi-Dədə Qorqud" ensiklopediyası çap olundu. Bütün bunlar bir daha onu göstərirdi ki, Ümummilli Lider Heydər Əliyevin timsalında “Kitabi Dədə Qorqud” dastanları dövlət səviyyəsində geniş tədqiq və təbliğ olunurdu.
Hələ 1996-cı il oktyabrın 21-də Daşkənddə Türkdilli Dövlətlər Başçılarının növbəti forumundakı nitqində Ümummilli Liderimiz “Manas”, “Alpamış” kimi dastanlarla yanaşı “Dədə Qorqud”un adını çəkir və onları ümumi mədəni sərvət, türk xalqlarının yüksək mənəviyyatının və əxlaqının təməli, onları xeyirxahlıq və humanizm ruhunda yetişdirmiş ümumi qaynaqlar adlandırır. Elə həmin ilin noyabr ayının 6-da Bakıda keçirilən Türk Dünyası Yazıçılarının Qurultayındakı nitqində də Heydər Əliyev bu dastanların xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirdiyini xüsusi vurğulayır, 25 dekabr 1997-ci ildə Dünya Azərbaycanlılarına müraciətində “Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanlarını haqlı olaraq xalqımızın möhtəşəm sənət abidəsi kimi yüksək zirvələrə qaldırır.
Təbii ki, bütün bunlar ən vacib addıma hazırlıq idi. 1997-ci ilin aprel ayının 20-də “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında fərman imzalayan Ulu öndər YUNESCO-nu da bu işə cəlb etməyi unutmamışdır. Bu barədə O, 5 sentyabr 1998-ci ildə Türkiyədə Prezident sarayında layiq edildiyi “Dədə Qorqud”, “İnsan haqları” mükafatlarının, “İpək yolu” vəqfinin üzvü diplomunun və mükafatının təqdimetmə mərasimindəki çıxışında da söyləmişdir: “Dədə Qorqud” mükafatı mənim üçün əzizdir. Çünki Dədə Qorqud bizim hamımızın babamızdır, atamızdır. Azərbaycanda da Dədə Qorqud adı hamı üçün əzizdir. Türkiyədə məlumdur ki, mən “Dədə Qorqud” dastanının 1300 illik yubileyini keçirmək məqsədi ilə mühüm qərarlar qəbul etmişəm, yubiley komissiyası təşkil olunubdur. Biz bunu YUNESCO ilə birlikdə beynəlxalq səviyyədə keçirəcəyik...”
Nəhayət, gözlənilən an gəlib çatdı–2000-ci ildə Bakıda “Kitabi Dədə Qorqud” dastanlarının 1300 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirildi. Burada çıxış edən Ulu Öndər yubileyin belə yüksək səviyyədə keçirilməsini tarixi köklərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram, milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramı adlandırdı. Yubileyin belə möhtəşəm keçməsinin bir səbəbi də elə həmin ərəfədə Türkdilli Dövlətlər Birliyinin (indiki Türk Dövlətləri Təşkilatı) Bakı Zirvə görüşünün iştirakçısı olan bütün türk dövlətləri rəsmilərinin və ziyalılarının iştirakı oldu. Təbii ki, bu da yaxşı düşünülmüş uzaqgörən siyasətin nəticəsi idi. Nələr demədi həmin gün öz nitqində Ulu Öndərimiz Dədə Qorqud haqqında: “Kitabi Dədə Qorqud” bizim ana kitabımızdır. Dədə Qorqud bizim ulu babamız, əcdadımızdır. Biz fəxr edirik ki, “Kitabi Dədə Qorqud” kimi tarixi abidəmiz vardır, fəxr edirik ki, “Kitabi Dədə Qorqud” kimi ulu əcdadımız vardır”...
Biz də fəxr edirik ki, Heydər Əliyev kimi Ulu Öndərimiz, Ümummilli Liderimiz var!

Tarix elmləri doktoru, AMEA-nın Arxeologia,
Etnoqrafiya və Antropologiya İnstitutunun
“Türk xalqlarının etnoqrafiyası”
şöbəsinin rəhbəri Güllü Yoloğlu






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net