Nazir: "Əfqanıstan və Avropanı birləşdirməliyik"
Tarix: 13-05-2015, 17:14 |
Çap et
"Qardaş Türkiyədə və Qətiyyətli dəstək missiyasında qoşunlarımız Türkiyənin kontingenti tərkibində xidmət edirlər. Azərbaycan qoşunlar, çoxtəyinatlı tranzit imkanları, təlim və maliyyə yardımı ilə nəzərəçarpacaq dərəcədə Qətiyyətli dəstək missiyasına töhfə verir. 2012-ci ildə Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun etimad fonduna bir milyon avro dəyərində töhfə vermiş və 2017-ci ilin sonuna qədər bu etimad fonduna əlavə iki milyon avro töhfə verəcək".
ANS PRESS-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclasında çıxışında deyib.
O bildirib ki, əvvəlki illərin təcrübəsi göstərir ki, yalnız hərbi yardım Əfqanıstanda davamlı sülhün bərqərar olması üçün kifayət deyil:
"Ona görə də ölkəmin Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarına cəlb olunmaqdan daha genişdir. Təhsil, təlim, infrastrukturun inkişafı, sərmayələr və maliyyə yardımı sahəsində praktiki töhfələri artıraraq, Əfqanıstanın özünə güvənini dəstəkləyirik.
Azərbaycanda ADA Universiteti NATO təlim kurslarına əlavə olaraq, Əfqanıstandan olan rəsmilər üçün illik idarəçilik təlimləri keçirir, Minalardan Təmizləmə Agentliyi minalar üzrə maarifləndirici layihələr icra edir, Fövqəladə Hallar Nazirliyi Nazirliyin Akademiyasında Əfqanıstan vətəndaşlarının dörd illik təhsil almalarını təmin edəcək memorandum imzalanma ərəfəsindədir və tərəfimizdən Əfqanıstanda məktəb tikintisi həyata keçirilir. Bütün xərclər Azərbaycan tərəfindən ödənilir".
Nazir qeyd edib ki, əfqan hökumətinə müfəssəl islahatlar gündəliyinin reallaşmasında kömək etməliyik: "Bu gündəliyin ən mühüm tərkib hissəsi nəqliyyat infrastrukturudur. Biz mümkün ən qısa yol vasitəsilə Əfqanıstan və Avropanı birləşdirməliyik. Xəzər dənizinin Azərbaycan hissəsindəki yeni Ələt dəniz limanı və Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu bu baxımdan, eləcə də tarixi İpək Yolunun bərpası baxımından çox önəmlidir".
XİN rəhbəri vurğulayıb ki, Əfqanıstanın gələcəyi böyük ölçüdə qonşu dövlətlərdən asılıdır və biz bunun uğurlu alınması prosesinə birlikdə yardımçı olmalıyıq.