“Bu təkcə idman tədbiri deyil, diplomatik uğurdur”
Tarix: 13-05-2015, 15:06 |
Çap et
“Gələn ay keçiriləcək ilk Avropa Oyunları Azərbaycanın əldə etdiyi diplomatik uğurdur və bu ölkəmizin qarşısında yeni imkanlar açacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib.
Onun sözlərinə görə, Azərbaycan çox qısa müddətə bu yarışmaya ən yüksək səviyyədə hazırlaşıb:
“Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın rəhbərliyilə fəaliyyət göstərən Təşkilat Komitəsi hazırlıq işlərini yekunlaşdırıb. Bir-birindən gözəl, göz oxşayan, ən müasir standartlara cavab verən idman kompleksləri tikilib istifadəyə verilib. Qonaqların qarşılanması üçün bütün imkanlar yaradılıb. Ölkəmizin inkişaf etdiyi, dünya miqyaslı tədbirlərə ev sahibliyi etdiyi bir dövrdə bəziləri bizi qaralamağa çalışır, hər vəchlə Azərbaycanın əleyhinə kampaniya aparırlar. Çox təəssüf ki, öz şəxsi maraqları üçün hər şeyi qurban verməyə hazır daxili satqınlar da bu kampaniyada yer alırlar. Heç şübhəsiz onlar öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan Avropa Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi edəcək və ölkəmiz bu sınaqdan üzüağ çıxacaq”.