“Ərim sənətimi qəbul etsə, onu kişi yerinə qoymaram”- Aytən
Tarix: 9-05-2015, 12:49 | Çap et
“Ərim sənətimi qəbul etsə, onu kişi yerinə qoymaram”- Aytən
“Qafqazinfo”nun “Ulduzlar hər yerdə” layihəsinin bu dəfəki qonağı rəqqasə Aytəndir. Müsahibimizlə söhbətimizə yaşadığı binanın stadionunda başladıq.

(Elvin ilk sualını vermək istəyirdi ki, Aytən balaca iti Lusi ilə oynamağa başladı. Nəhayət, rəqqaəsini bir yerdə saxlayıb suallarımızı vermək imkanı tapdıq).

Elvin: Aytənin hansı yenilikləri var?

Aytən: Hələ ki, yenilik yoxdur. İşdən evə, evdən işə gedirəm. Yenilik Türkiyədə olacaq, orada fəaliyyət göstərəcəm. Hazırda məni gözləyirlər. Amerikaya gedəcəyim üçün Türkiyədəki fəaliyyətimi bir müddətlik təxirə saldım. Amerikaya ailəmlə istirahət etməyə, həm də klip üçün alış-veriş etməyə gedirəm.

Elvin:Yeni klip rəqslə bağlı olacaq, yoxsa yenə də mahnı oxuyacaqsız?(gülür)

Aytən: Rəqs olacaq, mahnı oxumayacam. İndi hamı oxuyur, oxuyanların çoxunu bəyənmirəm (gülür). Yeniliyim evimi təmir etməyimdir. Mən boş-boş danışmağı sevmirəm. Gec-gec yenilik edirəm, amma gördüyüm iş partlayış yaradır.

Könül: Aytən də Türkiyə şou-biznesinə qatılır? Asena ilə yeni işbirliyi olacaq?

(Bu vaxtı Aytən yenə Lusisini əzizləməyə başlayır)

Aytən: Asena ilə fotosessiya etdirdik. Amma fotoları Azərbaycanda təqdim etmədik. Asena ilə bikinidə kamera qarşısına keçdik, bu oriyentala məxsus şəkil deyildi. Asena öz şəkillərini Türkiyədə yayımladı. Düşündüm ki, Azərbaycanda çox söz-söhbət yaradacaq, ona görə mən öz fotolarımı üzə çıxarmadım. Daha əvvəlki kimi qalmaqal istəmirəm, yorulmuşam. Amma nə vaxtsa, şəkilləri yayımlaya bilərəm.

Könül: Xarici ölkələrdə sənət adamları siyasətə qatılır. Sizin belə fikriniz yoxdur?

Aytən: Yox bacı, mənim siyasətlə işim olmaz.

Könül: Məsələn, Aytən deputat olsa...

Aytən: Adamın gərək marağı olsun. Yaxınlarım deyir ki, özünə biznes qur. Mənim başqa işlərə həvəsim yoxdur. Mən alver edə bilmərəm. Mən qurduğum işi batıraram. Mənim evimə gələn pulu 3-4 ailəyə bölürəm, tək başıma deyiləm.

Könül: Yaşadığın ərazi Nəsimi rayonunun nəzdindədir. Yaşadığınız rayondan seçilmiş deputatı tanıyırsınız?

Aytən: Tanımıram.

Elvin: Könül, bəlkə, bir az mən də sual verim? Aytən kinli qadındır?

Aytən: Kinli insan deyiləm. Elə şeylər var ki, onları bağışlaya bilərəm.

Könül: Aytən tanınan oriyental rəqqasələrdən biridir. Azərbaycanda niyə oriyental rəqqasələr azdır, rəqqasələr bu sahəyə meyl etmirlər?

Aytən: İstəyirəm ki, rəqqasələr oriyental rəqsə meyl etməsinlər, mən tək qalım. Azərbaycanda oriyental rəqqasə çoxdur, sadəcə efirə çıxmırlar, özlərini reklam edə bilmirlər. Klublarda, xınayaxdılarda oynayır. Onlar ucuz qiymətə tədbirdə rəqs edirlər. Aytən mərasimə min manata gedirsə, onlar 50 manata gedir.

(Bu dəfə Lusini Elvin qucağına alır, sığal çəkir. Könül də foto çəkməyi unutmur)

Könül: Dediniz ki, kifayət qədər Azərbaycanda oriyental rəqqasə çoxdur. Bəs niyə bu sahə inkişaf etmir? Bunun səbəbi oriyental rəqqasələrə pis gözlə baxılmasıdır?

Aytən: Azərbaycanda rəqqasələr sevilmir. Milli rəqs edənə də, oriental oynayana da pis gözlə baxırlar. Kim desə ki, Azərbaycanda rəqqasələr sevilir, deməli, yalan danışır.

Elvin: Sizcə, bu təxəyyül nə zamana kimi davam edəcək?

Aytən: Bundan sonra da rəqqasələrə pis gözlə baxacaqlar. Amma başqaların fikri rəqqasələrin vecinə deyil. Rəqqasələr öz kefindədir, oynayıb pullarını qazanırlar. Mənə və ya həmkarıma pis baxılması vecimə deyil. Mən öz işimdəyəm. Mənə pis gözlə baxan qapımı döyüb mənə 3-5 manat pul vermir. Pis baxanın ailəsinə baxsan, bəlkə də düzgün adam tapmazsan.

Könül: Məclislərdə hər hansı xoşagəlməz hadisə, qadın qısqanclığı ilə qarşılaşmısınızmı?

Aytən: Çox xoşbəxt adamam. Məclislərdə xoşagəlməz hadisə başıma gəlməyib.

Könül: Oriyental rəqqasələrin sinələrinə pul qoyurlar. Bu hərəkət birmənalı qarşılanmır.

Aytən: İndi sinəmə pul qoymurlar, səhnədə oynayıram. Rəqqasəliyə yeni başlayanda isə olub, pulu elə qazanırdım. Şabaş məsələsini Azərbaycanda müzakirə edən ilk rəqqasə mən oldum, indi isə masaya yağınlaşıb şabaş almıram. Amma efirdə olmayan qızlar şabaş üçün masalara yaxınlaşırlar. Mən buna pis baxmıram. Bu rəqsin üçüncü gözəlliyidir. Toya gedirəm, bəy məni çağırır, bəylə gəlinin masasına yaxınlaşıram. İndi qonaqların masasına yaxınlaşmaq mənə yaraşmaz. Mən Azərbaycanın bir nömrəli rəqqasəsiyəm və artıq Türkiyəyə addım atıram.

Könül: Ən çox nə qədər şabaş veriblər?

Aytən: Vallah bilmirəm. Amma bir məclisdən ən çox qazandığım pul 28 min dollar olub.

(Hər ikimizin gözü Aytənin üzərində olan qızıllara sataşır)

Elvin: Hər bir xanım kimi Aytən də zinət əşyalarını sevirmi?

Aytən: Qazancımın 50 faizinə qızıl alıram. Türkiyədə aldığım evim təmir olunur. Ona görə geyimə çox pul xərcləmirəm. Geyimlərimin hamısı bahalı markalardandır, ucuz paltar sevmirəm. Səyahətə də çox pul xərcləyirəm. Hər il tətilə xarici ölkələrə gedirəm.

Elxan: Aytən daima deyirsən ki, mən sözün düzünü deyirəm. Bu xüsusiyyətin başına bəla olurmu?

Aytən: Təbii ki, elə şeylər olur, efirdə də buna görə mübahisə yaşamışam. Düzgünlüyü sevən insanam. Yalanı yalnız ailəmə danışa bilərəm, bu yalanda ağ yalandan ibarət olur. Asena ilə klip çəkdirəndə bəziləri dedi ki, montajdır, Asena klipdə rol almayıb. Asena Azərbaycana gəldi, iki gün mənim evimdə qaldı. Heç kimin xəbəri olmadı. Başqa rəqqasə və ya ulduzlarımızdan biri olsaydı, Asenanın gəlişini reklam etmişdi. Mənim reklama ehtiyacım yoxdur, evdə oturduğum yerdə mənə söz atırlar, qalmaqal yaranır. Heç kimlə işim yoxdur, haqsızlığı sevmirəm. Kiminsə arxası ilə danışmaram. Sadəcə mənə toxunmasınlar. Mənə toxunana sözlə cavab verə bilmərəm, gedib evindən çıxarıb yolub ayağımın altına qoyaram, parçalayaram, arxamca danışanın bütün nəslini kökünü çıxarıb ortaya qoyaram.

(Könül ənənəvi qadın suallarına başladı)

Könül: Aytən formasını necə qoruyur?

Aytən: Özümə 4 aydır ki, 1500 manata it almışam, adı Lusidir. Hər gün 2 dəfə Lusi ilə stadionda qaçıram. Axşam yemək yemirəm, bütün günü hərəkətdə oluram. Yediklərimə diqqət edirəm.

Könül: Küsülü olduğunuz həmkarınız var?

Aytən: (Bir az düşünür). Heç kimlə küsülü deyiləm. Həmkarlarımla münasibətim əladır.

Elvin: Şou nümayəndələrinin çoxu sizdən qorxur.

Aytən: Heç kim məndən qorxmur. Sadəcə çəkinirlər. Mən sözün düzünü deyirəm. Mənim yanımda kimsə başqasına da haqsızlıq etsə, onun ağzını yumaram.

Elvin: Aytənin ailə qurmaq fikri var?

Aytən: Düşünürəm ki, ailə qurmaq planla deyil. Amma hazırda ailə qurmaq fikrim yoxdur. Burdan çıxarkən elə biri qarşıma çıxar ki, sevərəm və evlənərəm.

Elvin: Aytənin həyatında özəl şəxs yoxdur?

Aytən: Mənə belə suallar verməyin ( gülür).

Könül: Oxuculara sənət adamlarının özəl həyatı daha maraqlıdır. Sual verməsək olmaz.

Aytən: Sevgilim var. Amma bu haqda çox danışmaq istəmirəm. Mənə ciddi münasibət lazımdır. 3-5 illik ailə lazım deyil. Bəzi şəxslər birlikdə yaşamağı və bunun müqabilində məni saxlamağı təklif edirlər. Ailə qursam, gərək sənətimi atım. Ailə qurduğum şəxs sənətimi qəbul etsə, onu kişi yerinə qoymaram.

“Ərim sənətimi qəbul etsə, onu kişi yerinə qoymaram”- Aytən

Elvin: Deməli, Aytən həyat yoldaşının ona qadağa qoymasını istəyir.

Aytən: Təbii ki, həyat yoldaşımın qadağası ilə razılaşaram, bir şərtlə ki, maliyyə cəhətdən məni təmin edəcək.

Könül: Dünyada, Azərbaycanda baş verən hadisələri izləyirsinizmi?

Aytən: Bizim kanallara baxmıram, bəzən xəbərləri izləyirəm. Ötən həftə Aytac adlı qızı keçmiş sevgilisi öldürmüşdü. Mənə pis təsir etdi. Çoxları isə qızın öldürülməsini kənara qoyub, keçmiş sevgilisi ilə fotolarını reklam etdilər və qızı qınamağa başladılar. 17-18 yaşlı qızın sevgilisi olması, kimisə bəyənməsi normaldır. Bu hadisədə tək qınanılası qətldir, hansıki gənc qızın həyatına son qoydu.

Elvin: Verilişlərimiz sizi qane edirmi?

Könül: Həftənin əvvəlində Mətanət Əliverdiyeva “Gündəlik” verilişində suyu ağzına alıb müğənni Rəhim Rəhimlinin üzünə “tüpürdü”.

Aytən: Rəhim nə reaksiya verdi?

Könül: Ayağa qalxıb Mətanəti qucağına alıb, studiyadan çıxartdı.

Aytən: Orda Mətanət suyu ağzına alıb, geri qaytarıb. Tüpürməyib ki? Bu mədəniyyətsizlik deyil.

Könül: Sizcə, doğru hərəkətdir?

Aytən: Efirdə var-yox söyüşü söymək düzgündür, su tüpürmək düzgün deyil? Efirdə var-yox söyüşü söyüləndən sonra hər şey düzgündür. Bunu belə də yazın.

(Qonağımız bizi şirniyyat süfrəsinə qonaq etdi)

Elvin: Aşıq Ədaləti məhkəməyə vermişdiz. Fikrinizi niyə dəyişdiniz?

Aytən: Bu söhbəti uzatmaq mənim üçün ayıb olardı. Mənə çox zənglər gəldi. 77 yaşlı kişinin üzünə məhkəmədə dura bilməzdim. Mən böyüklüyümü etdim. Məndən telefonda üzr istəmək lazım deyildi, gərək çıxıb efirdən üzr istəyərdi.

Elvin: Təsəvvür edin ki, bir verilişdə qonaqsınız. Rəqs etdikdən sonra aparıcı rəqsinizi bəyənmir. Keçən dəfə də Mətanət Fatimə Fətəliyevanın rəqsini bəyənmədi, Fatimə ağladı.

Aytən: Mən ağlamaram, mən yerində səviyyəli şəkildə cavab verərəm. Hər şey 4-4-lük ola bilməz. Canlı efirdə bəzən rəqs unudulur. Hər şeyi yadda saxlamaq mümkün deyil. Biz uşaq deyilik ki, ağlayaq.

Könül: Aytən özünü aktrisa kimi sınamaq istəmir?

Aytən: Müğənnilik də, aktrisalıq da, aparıcılıq da etmişəm. Aktrisalıq qabiliyyətim var. Amma mənim üçün bir nömrə rəqsimdir.

Elvin: Oynamaq istədiyiniz, obraz varmı?

Aytən: Elə Aytən rolunu oynamaq istəyərəm.

Könül: Hansı obrazı oynamazsız?

Aytən: Çox pul təklif etsələr də, açıq-saçıq obrazda oynamaram.

Sonda selfi çəkdirməyi də unutmadıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net