Gənc jurnalist Kürçaylı Məmmədov iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqda hazırladığı süjeti paylaşıb. Axar.az xəbər verir ki, jurnalist süjeti hazırlamasıyla bağlı öz Feysbuk hesabında bu sözləri paylaşıb: “Düz beş il hər səhər, təxminən saat 9-10 arasında Lənkəranda kirayədə qaldığım evə bu səs-musiqi sədaları dolardı: "Siz Həzini unutmayın". Səhər tezdən coşqu olardı parkda, möhtəşəm tədbir olardı. Elə indi də var, amma mən orada deyiləm. Yenə də mahnıdan yadımda qalan o cümlə: "Siz Həzini unutmayın" sədalanır orda. Kirayə qaldığım mənzildə, eşitdiyimə görə, zabitlər qalır. İndi onlar eşidir bu səsi, bir də otaqlar, divarlar. Həzi Aslanov parkının bir addımlığında yaşayırdım. Böyük generalın böyük heykəli ucalan park Lənkəranın ən sevdiyim məkanları sırasındadı. Sonra xatirə süjeti hazırlamaq qərarına gəldim Böyük General haqqında.
Lənkəranın Gərmətük qəsəbəsindən başladım həyatının izinə düşməyə. Bu süjetə görə onlarla lənkəranlı, ümimilikdə cənub zonasının adamları tərəfindən dəfələrlə təşəkkür aldım. Onlar hamısı qeyd edirdi ki, mənə qədər CTV-də çox adam general haqqında süjet hazırlasalar da, beləsi olmamışdı. İsti və vətənpərvər adamlar. Həzi Aslanov kimi...” Faşizm üzərində qələbənin 70 illiyi günündə Həzi Aslanovu anmaq yerinə düşər deyə, sözügedən süjeti təqdim edirik: