Erməni vandalizmi və Şuşa hotelləri (FOTO)
Tarix: 8-05-2015, 16:43 |
Çap et
Bu gün Azərbaycanın tarixi torpağı olan Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 23 il ötür.
Axar.az xəbər verir ki, ermənilər bu illər ərzində Qarabağın tacı Şuşada Azərbaycan mədəniyyətinə aid bir çox tarixi abidələri və məscidləri dağıdıblar. Erməni işğalı zamanı Şuşada Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev muzeyləri, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun, Bülbülün xatirə muzeylərinin eksponatları məhv və talan edilib. Şəhərdə 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzeyi, Şərq musiqi alətləri fabriki dağıdılıb.
Ermənilər bu vandallıqlarını ört-basdır etmək üçün isə Şuşada yeni hotellər, şirkətlər və kilsələr inşa edirlər.
Ermənilərin Şuşada tikdikləri hotellərlə bağlı qısa araşdırma apardıq. Araşdırmamızın nəticəsinə görə, Şuşada hazırda 4 hotel fəaliyyət göstərir. Bunlardan ən məşhuru “Shushi Grand Hotel”dir. Hotel 2011-ci ildə açılıb. Tikinti işlərini Livan və ABŞ-dan olan ermənilər maliyyələşdirib. Maraqlıdır ki, turizm saytlarında hotelin Azərbaycanın ərazisində yerləşdiyi göstərilir.
Şuşadakı digər hotel “Avan Shushi Plaza Hotel”dir. Bu hotel də 2011-ci ildə istifadəyə verilib.
“Noyan Tapan” hoteli isə dağların başında, meşəliklərin içində tikilib.
“Shushi Hotel” də Şuşada fəaliyyət göstərən hotellər sırasındadır, lakin onun fəaliyyəti barədə ətraflı məlumat yoxdur.