Lesbiyan qız necə ərə getsin? –Cavid Nəbiyev
Tarix: 7-05-2015, 15:10 |
Çap et
Tibb elmi müəyyən edib ki, insan bədənində qadın və kişi cinsinə aid olan hormonlarda dəyişiklik olduqda, bu, cinsi azlıqlarla bağlı problem ortaya çıxarır. Belə ki, bəzilərində bu hormonların miqdarının pozulması, qarşı cinsə deyil, öz həmcinsinə meyl yaranmasına səbəb olur. Bu zaman Allahın yaratdığının əksinə olan yeni aralıq cins yaranır. Anadangəlmə faktorlarla yanaşı, sonradan cəmiyyətdə baş verən hadisələrin təsiri nəticəsində də hormon dəyişikliyi baş verə bilir. Bunun da nəticəsində homoseksuallıq, geylik, lesibiyanlıq və digərləri yaranır. Avropa ölkələrində olduğu kimi artıq Azərbaycanda da homeseksuallar qeyri-ənənəvi cinsi oriyentasiyalarını gizlətmirlər. Yəni əvvəl bunu hiss edən şəxs utanırdısa, indi əksinə, bunu nümayiş etdirir. Hətta cinslərini dəyişdirib, özlərinə toy edənlər də var. Yeri gəlmişkən, artıq cinsi dəyişmək də bir çox ölkələrdə adi hala çevrilib.
Homoseksuallıq müalicəyə tabe olmur
Həkim-sekspotoloq Məhəmməd Ələkbərov bu barədə Analitik.az-a bildirdi ki, homoseksuallığın yaranmasının müxtəlif səbəbləri var. Bu kimi problemlərdə məktəb və ailə tərbiyəsi də rol oynayır: “Bu xəstəlik anadangəlmə, hansısa hormonal balansın pozulması nəticəsində də əmələ gələ bilər. Amma bu, çox cüzi bir faiz təşkil edir. Digər səbəblər sonradan qazanılır. Psixoloji dəyişikliklər, insanların düşdüyü mühit bu kimi halların yaranmasına gətirib çıxara bilir. Homeseksuallığın ciddi xəstəliklər siyahısından çıxarılmasına baxmayaraq, bizim cəmiyyət üçün böyük bir bəladır."
M. Ələkbərov vurğuladı ki, bu xəstəliyin aradan qalxması üçün psixoloq və sekspotoloq yardımına ehtiyac var: “Yəni, bunun müalicəsini tək bir həkim bacarmaz. Bu, müalicəyə tabe olan xəstəlik də sayılmır. Müalicə ilə aradan qalxması çox çətin məsələdir”.
3-4 bacısı olan oğlanlarda xanımlara xas xüsusiyyətlər formalaşa bilir
Psixoloq Elnur Ağayev da deyir ki, homoseksuallıq psixoloji səbəblərdən də yarana bilər: “Tibbi cəhətdən hormonlardan asılı olaraq kişilərdə, qadınlıq cəhətlərinin üstün olması özünü göstərir. Psixoloji olaraq isə uşaqlıqda zorakılığa məruz qalanda, natamam, alkaqol, norkoman ailədə böyüyəndə, eləcə də uşağa diqqət düzgün ayrılmayan ailələrdə bu hallar baş verir. Məsələn, 3-4 bacısı olan oğlanlarda xanımlara xas xüsusiyyətlər formalaşa bilir. Bunun üçün valideynlərin vaxtında profilaktik tədbirlər görməsi lazımdır.”
Onun sözlərinə görə, psixoloji faktorlarla yaranan homoseksuallığın müalicəsi var. Sadəcə, zamanında tədbir görmək lazımdır. E. Ağayev qeyd edib ki, homoseksual insana daha çox təzyiq göstərilməsi yaxşı sonluqla nəticələnmir: “Bu tip insanlar da kimliyindən asılı olmayaraq, əslində cəmiyyətin eyni hüquqlu üzvüdür. Ona görə də onlara hər hansı qadağa və yaxud təzyiq etmək olmaz. Lakin fahişəlik cinayət olduğu kimi, homoseksualların da özlərini ictimai yerlərdə nümayiş etdirməsi, hətta örnək olaraq göstərməsinin qarşısı mümkün qədər alınmalıdır.”
Universiteti qırmızı diplomla bitirmişəm, amma işə götürmürlər
Lesbiyan, gey, biseksual, transgender (“NƏFƏS LGBT”) təşkilatının rəhbəri Cavid Nəbiyev isə açıqlamasında onlara olan münasibətdən narazı olduğunu əməkdaşımıza bildirib: “Azərbaycan cəmiyyəti heç də homoseksualları birmənalı qarşılamır. İnsanlar fahişəliyi tənqid edir, homoseksuallara isə nifrət edir. Fərqinə varmadan heteroseksist cəmiyyət, nifrət etdikləri şəxsləri özləri tənqid etdikləri bir işə sürükləyirlər. Bir transgender xanımla söhbətdə dedi ki, mən Bakı Dövlət Universitetini qırmızı diplomla bitirmişəm. Amma heç kəs məni olduğum kimi işə götürmür. Mənə də bu cür istismar olunmaq lazım deyil. Heç bir yerdən sosial təminat da almıram. Bəs mən maddi tələbatımı necə təmin edim?!”
C. Nəbiyevin sözlərinə görə, geylər sosial baxımdan ictimailəşməyə nail olduqlarından, onlara qarşı təzyiq daha çox görünür. Bir çoxları çəkinmədən öz kimliyini ifadə edir: “Amma lesbiyanların problemləri geylərdən az deyil. Hətta daha çoxdur. Hər ikisinə gey və lesbiyan kimi yox, qadın və kişi kimi baxaq, eyni zamanda cəmiyyətimizdə bütləşən bir tendensiyanı da nəzərə alaq. Oğlanın evlənməmə kimi bir seçimi var. Onu heç kəs ittiham etməyəcək. Əgər o geydirsə belə, onun üçün bu problem deyil. Amma qız, müəyyən bir yaşa çatdıqdan sonra mütləq ərə getməlidir. Cəmiyyət özü onu buna məcbur edir. Təsəvvür edin, bir qız ailəsinə lesbiyan olduğunu deyə bilmir. Məcburən evləndirilir. Nəticədə ömür boyu həmin şəxs psixoloji və arzu etmədiyi bir cins tərəfindən cinsi zorakılığa məruz qalır.”
O, qeyd edib ki, Azərbaycanda cinsi azlıqların işə düzəlməsində də problemlər var. Təşkilat sədri ötən il ölkədə keçirdikləri sorğunu da nəzərə çatdırdı. Vurğuladı ki, təşkilatın üzvləri müxtəlif bank, turizm, səhiyyə, təhsil müəssisələrində, ticarət mərkəzləri və QHT işçiləri arasında, cəmi 500 nəfərdən sorğu keçirib. Sorğu zamanı məlum olub ki, LGBT insanlar, xüsusilə də gey və transgender şəxslər, çoxlu sayda problemlərlə üzləşirlər. Cəmiyyətimizin cinsi azlıqlara münasibəti belədir: “Respondentlərin 64 %-i LGBT insanlarla birlikdə işləmək istəmir, onların əksəriyyətinin cinsi azlıqlara münasibəti neqativdir. 60% respondent əgər sahibkar olarsa, geyləri və digərlərini işə götürməyəcəyini deyib. Respondenlərin 52 % -i homoseksuallıq və biseksuallığı anadangəlmə xəstəlik , 28 %-i isə sadəcə həmin şəxsin özünün seçdiyi həyat tərzi kimi qiymətləndirib. Heç kim bunun insanın təbii fizioloji quruluşu kimi dəyərləndirməyib. 12% respondent isə bunun ailə və ya ətraf mühitdən gələn psixoloji və fiziki təsirin nəticəsi kimi qiymətləndirib.”
İslamda öncə onları maarifləndirmək var, öldürmək yox
Bizim cəmiyyətdən fərqli olaraq bir çox müsəlman ölkələrində cinsi azlıqlara daha qəddar münasibət bəsləyənlər də var. Yeri gəlmişkən, son vaxtlar tez-tez eşidirik ki, İŞİD adlı terrorçu qurum, cinsi orientasiyaları şübhəli olanları vəhşicəsinə məhv edir, hətta hündür binaların damından ataraq öldürür. Burada isə istər-istəməz sual yaranır, ümumiyyətlə, İslam dinində belə insanlara münasibət necədir? Dinimiz onları vəhşicəsinə öldürməyə icazə veririmi?
İlahiyyatçı Ceyhun Şükürov bu barədə Analitik.az-a bildirdi ki, orientasiyası fərqli insanlarla, xüsusilə homoseksual olanlar barədə Qurani - Kərimdə bəhs olunur. Həmin tayfaya Həzrəti Lut peyğəmbəri Allah göndərib ki, onları bu çirkin işdən uzaqlaşdırsın. Qurani-Kərimdə Allah Təalə bildirir ki, onlara qədər bu çirkin əməli edən olmayıb. Allah bu əməli ən pis əməllərdən sayıb və bundan əl çəkməyənləri də əzabla qorxudub: “Lutu da Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, pozğun bir camaat idilər. (Ənbiya 74) Lut tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) Artıq Allahdan qorxun və mənə itaət edin!Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!”Onlar dedilər: “Ey Lut! Əgər son qoymasan, mütləq qovulacaqsan!”(Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm! Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!”Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik.(Şüara 160-170)”
C. Şükürov deyir ki, cəza hüququnda insan ölümü ilə əlaqəli bəzi hökümlər var. Bunlar qəsdən adam öldürən şəxsi məhkəmənin qərarı və öldürülən şəxsin tələbi ilə mümkündür. Həmçinin evli şəxsin zinasına görə təyin olunan cəza var: “Həmçinin də homoseksuallara da bu cəza tətbiq edilir. İlk öncə onlar həbs olunur. Sonra sürgün edilir. Əgər bu əməllərindən əl çəkmirlərsə, cəmiyyətin salamatçılığı üçün onlar öldürülür. Amma bunu hər kəs edə bilməz. Yalnız məhkəmənin qərarı, hakimin hökmü ilə mümkündür. Ümumiyyətlə, İslam dini insanların mallarını, canlarını və namuslarını qorumaq üçün göndərilib. Cəmiyyətin salamatçılığı üçün zina, oğurluq, qəsbkarlıq, homoseksuallıq və digər böyük günahlar qadağan edilib. Cəzaların tətbiqi də insanları bu əməldən uzaqlaşdırmaq üçündür. Oğrunun əlinin kəsilməsi digər insanların bu əməldən uzaqlaşdırılması üçündür və yaxud əli kəsilən insan bir də bu əməli etməyəcək. Həmçinin digər cəzalar da bu qəbildəndir. Bütün bunlar sivil İslam ölkələrinə aiddir. İŞİD isə tamamilə İslam qaydalarına müxalif olaraq davranır. İslam ilk öncə onlara, yəni o əməl sahiblərinə İslam ölkəsində yaşamaq istəyirsə, onun qayda qanunlarına tabe olmağa çağırır.Onları maarifləndirir və İslami qayda qanunlar öyrədilir. İŞİD kimi öyrədir?! Əksinə, əlinə keçəni meydanda linç edir... ”