Brejnev qızının rəsmi nikahını niyə pozdurdu?
Tarix: 7-05-2015, 09:38 | Çap et
Brejnev qızının rəsmi nikahını niyə pozdurdu?
Yəqin sovetlər dönəmində və ondan sonrakı dövrdə siyasi xadim və ulduz olmadan, lakin onlar qədər uzun illər diqqət çəkən, 16 il SSRİ dövlətinin birinci şəxsi olmuş Leonid İliç Brejnevin qızı Qalina kimi ikinci insan xatırlamaq çətin olardı. Ömrü boyu xoşbəxtlik, sevgi axtarışında olan bu qadın, nəyin bahasına olursa olsun, istəklərinin dalınca qaçırdı. Çox adam elə düşünürdü ki, o, hər şeyi əldə etməyə qadirdir - məhəbbət, pul... Əvvəllər Qalina Brejnevanın arxasınca elita danışırdısa, sonradan jurnalistlərin milis idarəsindən və müxtəlif vasitələrlə əldə etdikləri məlumatlar sayəsində söz-söhbətlər bütün ölkəyə yayılırdı. Sevdiyi kişlər ondan daha çox istifadə etdilər, alkoqol isə onu səfil həyata, qəbrə doğru sürüklədi...

Artıq 17 ildir ki, Qalina Brejneva dünyada yoxdur. Lakin onun haqqında hələ də süjetlər, verilişlər, filmlər çəkilir, memuarlarda xatırlanır. İndi artıq heç kim nəyin həqiqət, nəyin bəzədilmiş mif olduğunu dəqiq təsdiqləyə bilməsə də, Analitik.az çoxlarının xoşbəxt sandığı, lakin uğursuz tale yaşayan bu qeyri-adi cazibədar qadın haqqında real faktlara əsaslanaraq, həyatı və onun adı ilə bağlı ən səs-küylü qalmaqalları yada salacaq.

Qalina həddi-bulağa çatan kimi, Moldovanın birinci katibi Leonid İliç anlayır ki, sevimli qızı yolagətiriləsi mümkün olmayan çətin xasiyyətli yeniyetmə kimi böyüyüb. Ata qızını instituta, işə düzəltsə də, Qalya bütün gününü teatlarda, sirkdə, əyləncədə keçirirdi. Sonralar ömrünün sonunda Qalina etiraf edəcək: “Məni yalnız sevgi maraqlandırırdı.” Onun ilk əri Yevgeni Мilanov olur, Milanov sirk artisti, pəhləvan olub. 1951-ci ildə Kişinyova səyyar sirk çadırı ilə birlikdə qastrol səfərinə gəlir. Milanov Moldova rəhbərinin 22 yaşlı qızı Qalina Brejnevanın birinci əsl sevgisi olur. Yevgeni sevgilisindən 20 yaş böyük idi. Saşa və Nataşa adlı iki uşağı vardı, anaları doğuş zamanı ölmüşdü. Yeri gəlmişkən, həmin uşaqlar sonradan öz analıqlarına xəyanət edəcəklər. Sanballı qonarar müqabilində artıq xəstə, daim sərxoş olan Qalinanın evinə İngiltərə teleşirkətinin çəkiliş qrupunu gətirəcəklər. Bundan sonra bədbəxt qadın haqqında çəkilmiş iyrənc film bütün Qərbə yayılacaq...

22 yaşlı qız pəhləvana qoşularaq qaçır. Bu hadisə Moldovanın birinci katibi üçün əsl qalmaqal idi. Doğma evinə Qalina yalnız bir il sonra, artıq rəsmi əri və balaca qızı Viktoriya ilə birlikdə qayıdır. Brejnev kürəkənini qəbul edir və ona karyerasında da yardımçı olur. Amma bu, nikahı xilas etmir. Qalinanın dostları danışırlar ki, Milanov sirkdə işləyən bir qadınla ona xəyanət edir. Elə Qalinanın özü də ərindən geri qalmır. 32 yaşında Qalina Brejneva 18 yaşlı sehrbaz İqor Кioya vurulur. Öz nüfuzundan istifadə edərək, o, bir neçə gün ərzində Milanov ilə boşanma haqda sənədləri rəsmiləşdirərək, Кiо ilə izdivaca girir. Sevgilisinin yaşını artıraraq, atasına, "Mən vurulmuşam. Onun 25 yaşı var ", - yazaraq Soçiyə qaçır. Lakin bu nikah rəsmən cəmi 10 gün çəkir. Leonid İliç qızının dalınca adam göndərərək onu qaytarır, pasportdakı nikahı pozdurur. Buna baxmayaraq, onların məhəbbəti atası baş katib olanadək 3 il çəkir.

Bir neçə il qısa məhəbbət məcarələri yaşayan Qalina, 1969-cu ildə yeni qalmaqal və söz-söhbətlərin təməlini qoyacaq ailə həyatı qurur. Bu dəfə onun seçimi hərbçi Yuri Çurbanov olur. Vəzifəpərəst Yuri, təsadüfən tanış olduğu “sərfəli” qızla evlənmək üçün həyat yoldaşı və iki uşağını atır. Sonralar həm Qalina, həm də Çurbanov etiraf edəcəklər ki, bu evlilik onların iradəsi ilə olmayıb. Qalina ürəkdən ona nifrət edirdi, dəfələrlə deyirdi ki, ərinin soyadı onun mənəvi keyfiyyətləri ilə tam uyğundur. Brejnev isə əksinə, bu evlilikdən çox razı idi. O, yeni evlənənlərə gözəl mənzil, bağ, maşın hədiyyə edir. 1977-ci ildə Çurbanov artıq Daxili İşlər nazirliyinin generalı idi.

Heç kim Qalinanın nə vaxt içməyə başladığını dəqiq bilmir, amma onun Çurbanovla ailəliyi dövründə klinik içki düşgününə çevrilməsi danılmaz faktdır. Bəlkə də cütlüyün onları bir-birinə bağlayacaq ortaq övladları olsaydı, taleləri tamam başqa cür ola bilərdi... Lakin tezliklə Brejnevanın 29 yaşlı "Romen" teatrının artisti qaraçı-müğənni Boris Buryatse ilə sevgi romanı başlayır. Ərinə o qədər nifrət edirdi ki, onun xəbəri ola-ola yeni sevgilisi ilə ölkə kurortlarını gəzirdi. Onlar bir-birinə çox yaraşırdılar və həyat tərzləri çox uyğun idi. Hər ikisi gözəl geyinməyi, qızıl, brilliantı sevirdilər. Onlar faktiki olaraq vətəndaş nikahı ilə yaşayırdılar. Heç kimdən gizlənməyərək, bütün təntənələrdə birgə iştirak edirdilər.
Bura bir faktı da qeyd edək ki, deyilənlərə görə, o dövrdə cütlük ehtiyacı olan incəsənət xadimlərinə kömək də edirdi. Borya Buryatse tezliklə Böyük teatra müğənni-stajçı vəzifəsinə işə düzəlir. Moskvanın mərkəzində antikvar əşyalarla bəzədilmiş böyük mənzil, xarici markalı maşın alır. Deyirlər ki, bütün bunları Qalina Leonidovnanın köməyi ilə edir. Və burada həqiqət var idi.

Qalina varlı qadın idi. O, yaxın rəfiqəsi olan Svetlana Şelokova ilə brilliant və qızıl məhsullarının qiymətinin artırılacağını əvvəlcədən bildiyindən, külli miqdarda zinət əşyaları alaraq, sonra onlardan xeyli gəlir götürürdülər. Bu yerdə xatırladaq ki, Svetlana Şelokova o dövrdə SSRİ Daxili İşlər nazirinin arvadı olub. Ərinin vəzifəsini itirdikdən sonra, hər ikisi intiharla həyatlarına son qoyurlar.

Boris və Qalinanın brilyantlara ümumi sevgiləri onları məhv edir. Gəzən söz-söhbətdən bezən Çurbanov, nəhayət hərəkətə keçir. Buryatse SSRİ xalq artisti, heyvan təlimçisi İrina Buqrimovanın brilyantını oğurlamaqda ittiham olunaraq, həbs edilir. Həbs edilərkən onun evindən Buqrimovanın brilliantları çıxmır. Əvəzində isə o dövr üçün möhtəkirlik sayılan şuba, xarici siqaret, cürbəcür elektrik avadanlıqları tapılır. Ona 5 il həbs verilir. Buyatse 1987-ci ildə, azadlığa çıxdıqdan az sonra pankratitdən dünyasını dəyişir.

Atasının ölümündən sonra Qalinanın həyatı sürlətlə uçuruma doğru yuvarlanır. Təkcə Buryatse deyil, onun əri Çurbanovu da tuturlar. Lakin onu artıq başqa işlərə görə, “pambıq işi” ilə bağlı həbs ediblər. Çurbanov korrupsiyada ittiham olunur. Həmin illərdə SSRİ-nin lideri Andrey Andropov irimiqyaslı antikorrupsiya kampaniyasına başlamışdı. Çurbanovu bütün əmlakı da müsadirə olunmaqla 12 il müddətinə həbs edirlər. O, cəza müddətinin yarısını çəkərək, azadlığa çıxır. Qalina bu müddətdə onun yanına həbsxanaya belə getmir. Halbuki, Buryatseni həbsdən çıxanadək ziyarət etmişdi... Qalina Brejneva 1990-cu ildə məhkəmə vasitəsilə müsadirə olunmuş əmlakının yarısını qaytara bilir. Lakin onlar Çurbanov hələ həbsdə olarkən, artıq boşanmışdılar. Bundan Çurbanov heç də məyus olmur. Yenidən ailə qurur, özünə münasib iş tapır. Çurbanov jurnalistlər üçün o dövrün həm də canlı şahidinə çevrilir. Tez-tez mətbuatda çıxış edir, Brejnev və öz şefi Şelokov haqqında xairələrini danışır. Yuri Çurbanov 2013-cü ildə 76 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edir.
Qaraçı icması Brejnevlər ailəsinə Boris Buryatsenin vaxtsız ölümünü bağışlamır. Deyilənlərə görə, Qalina Brejnevanın Buryatseni həbsxanadan qurtara bilmədiyi üçün qaraçılar Brejnevlər ailəsinə lənət oxuyurlar. Onlar Qalina Brejnevanı, onun qızı Viktoriyanı və Brejnevin qadın xətti ilə bütün nəslini lənətləyirlər. Artistin dostlarından biri bildirib ki, Qalinanın bütün nəsli lənətlənəcək və o özü tək-tənha öləcək. Təsadüfdür, ya yox, hər şey məhz belə də oldu...

Dəbdəbəli həyat sürməyə öyrəşən sovet kraliçası, hər şeyini itirəndən sonra içkiyə qurşanır. O dövrdə Rusiya, eləcə də xarici mətbuat onun haqqında xoşagəlməz yazılar yayır. Deyirlər ki, SSRİ-nin birinci xanımı Raisa Qorbaçova Qalinanı heç bir kübar məclislərə dəvət etməməyi əmr edir. Onlar arasında münasibət hələ Brejnevin sağlığında ikən korlanmışdı. Sanki hamı və hər şey ondan intiqam alırdı... 1988-ci ildə Qalina birdən Moskvadan yoxa çıxır. Onu bir köçəri qaraçı taborunda tapırlar. Qalinanı onda Moskvaya gətirib müalicə üçün pxisiatrik xəstəxanaya yerləşdirilrlər. Sonralar o, bu xəstəxanaya dəfələrlə qayıdacaq...

Sonra isə Viktoriya anasını birdəfəlik gizlətmək qərarına gəlir - o, xarici jurnalistlər üçün bir tapıntıya çevrilmişdi, o dövrdə hamı baş katibin qızının acınacaqlı həyatı haqqında film çəkmək həvəsinə düşür. Qızı tərəfindən psixi xəstəxanaya yerləşdirilən Qalina, bir müddət dostlarına onu buradan çıxarmaq üçün yalvarsa da, köməyinə heç kim gəlmir. 1998-ci ilin iyununda, keçmiş sovetlərin qüdrətli Baş Katibinin qızı Qalina Brejneva bu xəstəxananın palatasında, qaraçının dediyi kimi tək-tənha dünyasını dəyişir. Onun dünyasını dəyişdiyi vaxt alovlu məhəbbət yaşadığı sevgililərindən ikisi sağ idi : Yuri Çurbanov və İqor Kio. Lakin heç biri dəfndə iştirak etmir... Qaraçı lənəti bununla bitmir. Qızı Viktoriyanın taleyi də açınacaqlı olur. Onu Qorbaçovun qeyri-rəsmi əmri ilə işdən çıxarırlar, evini satmağa məcbur olur, uzun müddət məhrumiyyətlər içində yaşayır. Baş katibin nənəsinin şərəfinə Qalina adlandırılan nəticəsi isə eyniylə özünün taleyini təkrarlayır. Uğursuz nikah, ev-eşiksiz, işsiz, səfil həyatı... Sonda tanışları artıq psixikası pozulan Qalyanı xəstəxanaya yerləşdirir. Bir vaxtlar nənəsinin sonuncu dayanacağı olan xəstəxana, uzun illər Qalyanın da yeganə sığınacaq yeri olur...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net