“Azercell” şirkətində kütləvi maliyyə fırıldaqları
Tarix: 1-10-2015, 10:09 |
Çap et
Sentyabrın 3-də virtualaz.org saytında “Odda yanmaz, suda batmaz “Azercell”: 5 verir, 3 alır...” başlıqlı araşdırma yazısı dərc olunmuşdu.
Həmin məqalədə ölkənin ən böyük mobil rabitə operatoru olan “Azercell”in çoxsaylı maliyyə maxinasiyalarından söhbət açılırdı.
Şirkət bu yazıya reaksiya verdi. Amma necə?! “Azercell” konkret faktları təkzib və ya etiraf etmək əvəzinə bütün günahları başqalarının üstünə yıxmağa, özünü “süddən çıxan qaşıq” kimi göstərməyə çalışdı. Bu, həm də redaksiyamızı “köhnə faktlardan istifadə etmək”də günahlandırmaq cəhdləri idi.
Qazaxıstanda ələ aldılar. Bəs Azərbaycanda?
Bütün Azərbaycan KİV-lərini müxtəlif yollarla ələ alan bu şirkətin fəaliyyətinə dair neqativ faktları əldə edib yaymağın nə qədər çətin olduğu ilk məqaləmizdə də yazılmışdı.
Doğrudur, əlimizdə “Azercell”in təsisçisi olan İsveç-Finlandiya şirkəti “TeliaSonera”nın Qazaxıstan, Özbəkistan və digər ölkələrdə olduğu kimi yerli məmurları satın almasına dair hər hansı ifşaedici fakt yoxdur. Lakin bu şirkətin Azərbaycanda da yüksək mənsəbli hamilərinin olması istisna deyil. Ola bilsin ki, biz hüquq-mühafizə orqanlarının göstərilən faktlara reaksiyasını məhz buna görə hələ də görə bilmirik. Amma istənilən halda şirkətin əsassız cavabı bizi öz jurnalist araşdırmalarımızı davam etdirməyə və bu zaman əsas diqqəti onun rəhbərliyinə yönəltməyə məcbur etdi.
Kadrların yerdəyişmə və əvəzlənməsi bütün şirkətlərdə, o cümlədən iri şirkətlərdə müşahidə olunur. Əksər vaxtlarda bu yerdəyişmə özünə daha rahat və layiqli iş yeri axtaran aşağı ranqlı işçilərə aiddir. Hələ heç rəhbər işçiləri demirik, orta ranqlı işçilər bu prosesdə daha az iştirak edir...
“Azercell”də isə işlər tam tərsinə gedir. Burada şirkətin prezidenti hər 2-3 ildən bir dəyişir. Özü də onların hamısı nədənsə xaricilər olur. Baxmayaraq ki, Azərbaycanda bu gün hər sahədə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksək səviyyəli təcrübəli menecerlər var.
Bizim də diqqətimizi elə bu fakt çəkdi. Bu, nə ilə bağlı ola bilər? Doğrudanmı yenə də maliyyə maxinasiyaları ilə?
Yeni araşdırmalarımız nəticəsində əminliklə deyə bilərik ki, bəli! Onların hər biri rəhbərlikdə olduğu müddətdə o qədər maliyyə pozuntularına yol verib ki, hətta məşhur “Bandotdel”in də onları araşdırmağa gücü çatmayıb. Onlar öz postlarını ona görə belə tez tərk etdilər ki, heç kim kütləvi və irimiqyaslı maliyyə maxinasiyalarını ifşa edə bilməsin. Və onların hamısı “TeliaSonera” rəhbərliyi tərəfindən dəstəkləndi. Bu da təsadüfi deyildi.
“Azercell”in rüsvayçılıqla qovulan başçısı
Belə deyək: “Kcell” (“TeliaSonera”nın törəmə müəssisəsi) mobil rabitə şirkətinin Qazaxıstandan biabırçılıqla qovulmuş başçısı Cem Səlcuq Ərsoy Azərbaycanda nəyə görə o dəqiqə sığınacaq tapa bildi? Axı onun adı Qazaxıstanda böyük maliyyə qalmaqalında hallanırdı.
Qazaxıstanın hüquq-mühafizə orqanları Ərsoyu məmurları pulla ələ almaqda və digər korrupsiya qalmaqallarında ittiham edirdi. Söhbət 150 milyon dollarlıq (bu rəqəm 800 milyon dollara da çata bilər) maxinasiyadan gedir.
Lakin Türkiyə vətəndaşı olan Ərsoy Qazaxıstanda mühakimə olunmaqdan hansısa yolla yayınaraq Azərbaycanda yerləşməyə nail oldu. Burada isə onu “TeliaSonera”nın digər törəmə müəssisəi olan “Azercell” öz himayəsinə götürdü.
Yox, reputasiyası korlanmış bu adamı “Azercell”də işə götürmədilər. Amma ona məhz... “Azercell” şirkəti ilə bağlı geniş fəaliyyət imkanı yaratdılar. Ərsoy 2011-ci ildə “Piramida inşaat” və “Mobasis” şirkətləri yaradaraq “Azercell”dən iri sifarişlər alır.
Təkcə onu demək kifayətdir ki, “Azercell” şirkəti “TeliaSonera”nın göstərişi ilə “Piramida inşaat”a 3 il ərzində 65 milyon manat ödəmişdi. Niyə? “Görülən işlərə və göstərilən xidmətlərə” görə...
Halbuki buradakı maliyyə maxinasiyalarında əsas məqsəd pulların qanunsuz olaraq nəqdləşdirilməsi idi. Sınaqdan çıxarılmış üsuldur: məbləğ süni şəkildə şişirdilir, qiymətlər bazar dəyərindən dəfələrlə yüksək göstərilir...
Xərclərin 95 faizi silinib
“Piramida inşaat” materiala xərclənən vəsaitin 95 faizini silib. Hərçənd ki, şirkətin əsas xərcləri işçilərə maaş verməyə yönəldilməli idi. Bu da xərclərin real işlərdən nə qədər uzaq olduğunu bir daha göstərir. Bu üsul yüksək texnologiyalar sahəsinin işbazlarına öz aralarında hər il 3-4 milyon manatı bölüşdürmək imkanı verirdi.
Lakin “Azercell” təkcə Ərsoya stavka etmirdi. “SMART solitions” müəssisəsi ilə sənədlərin arxivləşdirilməsi və başqa işlər üzrə müqavilə bağlayan “Azercell” naməlum səbəblərdən bir bina alır (bu işlər orada həyata keçirilirdi).
Nəticədə Sumqayıtda yerləşən arxiv binası üçün... 11 milyon manat ayrılmışdı. Əlbəttə, “TeliaSonera”nın rəhbərləri Tero Kevisiari və Halim Atəşin təzyiqləri sayəsində...
Yeri gəlmişkən, Kevisiari 2007-ci ildən etibarən “TeliaSonera”nın Avrasiya regionu üzrə prezidenti vəzifəsini tutub. 2013-cü ildə isə o, cinayət işi ilə bağlı bi vəzifədən azad olunub. Həmin cinayət işi İsveç prokurorluğu tərəfindən Özbəkistandakı korrupsiya qalmaqalı ilə bağlı açılmışdı.
Sumqayıtdakı arxiv binası məsələsinə qayıdaq. Bu bina “Azercell”in o zamankı prezidenti, hansısa fiziki şəxs olan Ağan Əli tərəfindən imzalanmış müqavilə əsasında “Azercell”in balansına keçmişdi. Beləliklə, real bazar dəyəri uzağı 5 milyon manat olan binanın qiyməti iki dəfədən çox şişirdilir.
Maraqlı şəxslər hətta belə bir hesablama da aparır: binanın hər kvadratmetri 2100 manata sənədləşdirilir, halbuki o vaxt Sumqayıtda qeyri-yaşayış sahəsinin 1 kv.metrinin real bazar dəyəri 500-800 manat arasında idi. Anbar kimi istifadə olunan və real bazar qiyməti 100-300 manat olan tikilinin 1 kv.metri isə 700 manata sənədləşdirilir. Üstəlik binanın avadanlıqları və ofis mebeli 4 milyon manat dəyərində qiymətləndirilir ki, bu da real bazar dəyərindən 2-3 dəfə çox idi.
Ən maraqlısı da budur ki, Ağan Əli bu sövdələşmədən sonra Qazaxıstanın “Kcell” şirkətinin rəhbəri olur. Lakin oğrunun tövbə etməsi, əlini oğurluqdan saxlaması çətindir. A.Əlinin adı burada da tender qalmaqalına bulaşır. Ona görə də bu postu təcili tərk etməli olur. Halbuki onu Azərbaycandan lap elə bu yaxınlarda şan-şöhrətlə, bəh-bəhlə yola salmışdılar!
Jurnalist araşdırmalarımız nəticəsində daha bir heyrətamiz faktı üzə çıxardıq. “Azercell” rəhbərliyi sahiblərinin toplam borcu 2 milyon manata çatan 210 rəqəmi ilə başlayan telefon nömrələrini təkrar satışa çıxarmağa qərar vermişdi.
Normal qərardır. Bu qərardan xəbər tutan çoxsaylı distribütor və dilerlər həmin nömrələri almağa cəhd göstərdilər. Bu nömrələrin satışından gələn gəlirlə borcları bağlamaq imkanları vardı.
“World Telecom” şirkəti isə “Azercell”ə bütün borclu nömrələri 2 milyon manata ona satmağı təklif etmişdi. Lakin “Azercell”in növbəti xarici prezidenti Kirill Qaburiç bütün nömrələri cəmi 600 min manata satmaq barədə göstəriş verdi ki, bu da 1,4 milyon manat ziyan demək idi.
Qaburiçin fırıldaqları
Qaburiçin niyə belə etdiyi müəmma olaraq qalır. Amma dünya praktikası da göstərir ki, mobil telefon nömrələrinin təkrar satışı zamanı şirkət bundan yalnız fayda götürür.
“Azercell” isə əksinə hərəkət etdi, yəni öz nömrələrini “naməlum” səbəblərdən real bazar dəyərindən azı 6 dəfə ucuz satdı.
Mütəxəssislərin hesablamalarına görə, “Azercell” müxtəlif rəqəm kombinasiyalarına uyğun olaraq azı 500-800 manat qiyməti olan bu nömrələri bazar qiymətinə satmaqla azı 2,5-3 milyon manat vəsait əldə edə bilərdi. Lakin onların hər biri yalnız 100 manata satıldı.
Adı ölkəmizdə yaxşı məlum olan Qaburiçin maxinasiyalarından baş çıxarmaqda təkcə azərbaycanlı İKT mütəxəssisləri yox, həm də onun öz ölkəsinin - Moldovanın hüquq-mühafizə orqanları çətinlik çəkir.
Moldovada hələ də bu məsələnin üstündə baş sındırırlar ki, heç tam orta təhsili də olmayan bu adam bu ölkədə hansı yolla, necə baş nazir postuna qədər yüksələ bilmişdi...
Lakin bu, moldovanların problemidir. Bizi isə başqa məsələ maraqlandırır: saxta ali təhsil diplomu əldə edən Qaburiç “Azercell” kimi nəhəng şirkətin prezidenti postunu hansı yolla tuta bilmişdi?
Axı hər bir iri şirkətin rəhbərinin,- illah da o, xarici vətəndaşdırsa,- bütün sənədləri çox ciddi şəkildə yoxlanılmalıdır. Qaburiçin işi isə elə idi ki, onun Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün vacib informasiyalara çıxışı vardı. Bu amil onunla bağlı bütün məlumatların dönə-dönə, diqqətlə və xüsusi həssaslıqla yoxlanmasını sadəcə olaraq tələb edirdi.
Lakin görünür, heç bir xüsusi yoxlama olmamışdı. Və burada bütün postsovet məkanında öz çirkin əməlləri ilə bədnam şöhrət qazanmış “TeliaSonera”nın da rolu olmamış deyildi.
“Azercell”in daha bir şişirtməsi
Nəhayət, “Azercell”in abonentlərini son vaxtlar narahat edən daha bir məqam barədə. Son illərdə xaricdə, xüsusən də Avropada olan və öz qacetinin mobil funksiyasını (3G mobil internetdən istifadə nəzərdə tutulur, bu xidmət isə Azərbaycan ərazisində 20 manatdır) diqqətsizlik ucbatından söndürməyən şəxslər “Azercell”dən 6 rəqəmli borc bildirişləri almağa başlayıblar. Rouminqdən istifadə edən şəxslər 2-3 min, bəzənsə 5 min manatlıq bu borcların haradan və necə yarandığını anlamaqda çətinlik çəkirlər.
“Azercell”dən belə izah verirlər ki, bu borclar Avropa ərazisindəki internet xidməti xərcləri ilə bağlı yaranır. Yəni smartfonundakı mobil funksiyalar söndürülməmiş halda qalan və Avropadakı mümkün sürpriz barədə şirkət tərəfindən xəbərdarlıq almayan şəxs vətənində arzuolunmaz vəziyyətlə üzləşir. “Azercell” ona ağlasığmaz məbləğdə borc bildirişi göndərir. Özü də rouminq istifadəçilərinin çoxu bu zaman internetdən o qədər də fəal şəkildə istifadə etməyiblər, mesajlara facebook və vatsapda cavab veriblər.
Lakin “Azercell” iddia edir ki, səbəb Avropa operatorlarının yüksək tarifləridir. Bu isə ağlasığmaz izahdır.
Məsələn, buna necə baxırsınız ki, “Azercell” şirkəti bir müştəriyə internetdən istifadə üçün 5 günə 800 manatdan artıq borc yazıb?! Yəni bu müştəri uzağı 50 manatlıq danışır, amma bundan az qala 20 dəfə çox məbləğdə internetdən istifadə edir.
Hələ bunu da nəzərə alaq ki, həmin müştəri pulsuz wi-fi xidmətindən daha çox istifadə etdiyini şirkətə sübut edib.
“Francetelekom” şirkətinin nümayəndəsi virtualaz.org saytının müxbiri ilə söhbətində “Azercell”in bu tariflərini “inanılmaz, ağlasığmaz və dəhşətli dərəcədə şişirdilmiş” adlandırıb.
Fransız şirkətindən bildirdilər ki, “Francetelekom” şirkəti “Azercell” müştərilərinə Fransa ərazisində mobil internetdən istifadə üçün belə tariflər təklif və təqdim etməyib.
İndi özünüz fikirləşin: “Azercell” tərəfindən müvafiq xəbərdarlıq almayan, ümumiyyətlə, bu maliyyə fırıldağı barədə məlumatı olmayan nə qədər adam tələyə salınır və min manatlarla vəsait itirir? Onların sayı milyonlarladır. Bəyəm bu, maliyyə fırıldağı deyil?
Belə görünür ki, “Azercell” öz cəzasızlığına tam əmindir. Lakin bu da var ki, “TeliaSonera”nın “Azercell”ə bir-birinin ardınca təyin etdiyi rəhbərlər öz postlarını hətta nəzərdə tutulan vaxtdan da əvvəl tərk etməyə məcbur oldular.
Bu isə onu sübut edir ki, Azərbaycanda bu şirkətin rəhbərliyinə gəlməkdə hər halda çoxunun gözü vardı.
Azərbaycanın ən iri mobil rabitə operatorunun strukturlarındakı, hətta rəhbərliyindəki irimiqyaslı maliyyə maxinasiyaları, açıq fırıldaqçılıq əməlləri ölkənin hüquq-mühafizə orqanlarının marağına səbəb olmalıdır.
Əgər Azərbaycanın hüquq-mühafizə və güc strukturları inadla susmaqda davam edirsə, onda sual yaranır: korrupsiya ilə, maliyyə maxinasiyaları ilə məşğul olan bu şirkətə kim himayədarlıq edir? Axı “Azercell” şirkəti adi vətəndaşların da cibinə girir! Onların çox böyük, demək olar ki, transmilli iştahasını görmək vaxtıdır artıq!