30 neftçimizi udan “Günəşli” faciəsinin şok təfərrüatları
Tarix: 7-12-2015, 10:12 |
Çap et
Dekabrın 4-də saat 17:40 radələrində “Günəşli” yatağının 10-cu Dərin Dəniz Özülündə baş vermiş dəhşətli faciə Azərbaycanı yasa qərq etdi. Hadisənin baş verməsinə səbəb kimi güclü külək nəticəsində qaz borusunun qırılması və dəhşətli yanğının baş verməsi göstərilir.
Məlumatlara görə, yanğından qorunmaq istəyən fəhlələr platformada olan rezin qayıqları dənizə sallayaraq xilas olmağa çalışıblar. Platformadakı iki rezin qayıq kəndirlərlə dənizə buraxılıb. Lakin şiddətli küləyin yaratdığı 6-7 metrlik dalğalar qayıqların suya salınmasına imkan verməyib.
Birində 30-a yaxın, digərində isə 36 neftçinin olduğu qayıqlar saatlarla platformanın kənarında asılı qalıb. İddialara görə, neftçilərin bəzilərində xilasedici jiletlər olmayıb. Hündür dalğalar qayıqları platformaya çırpıb. Neftçiləri xilasa gələn vertolyotlar güclü yanğın, gəmilər isə güclü külək və dalğa səbəbindən platformaya yaxınlaşa bilməyiblər.
Hadisə baş verən zaman özüldə 64 nəfərin xidmətdə olduğu deyilir. Onlardan 33 nəfərin xilas edildiyi bildirilir. 2 nəfərin isə öldüyü rəsmən təsdiqlənib. 29 nəfər itkin düşmüş sayılır. İtkin düşənlərin həlak olmasına artıq heç kəsdə şübhə qalmır. Dəhşətli hadisədə xilas edilənlər 5 dekabr tarixində Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Xəstələrdən 22 nəfəri, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Xilas edilənlərdən birində yanıq xəsarətləri olduğu üçün o, 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq Şöbəsinə yerləşdirilib; vəziyyəti stabildir. Dekabrın 6-da səhər saatlarında səhiyyə naziri Oqtay Şirəliyev xəstələrə baş çəkib. O, hər bir xəstənin vəziyyəti ilə maraqlanaraq, palatalarında olub.
Səhiyyə Nazirliyindən bütün yaralılar üçün zəruri tədbirlərin görüldüyü bildirilib.
Hadisə baş verən zaman platformada olanların sayının 60-dan çox olduğunu yaralılardan biri mətbuata açıqlayıb. Faciəni öz gözləri ilə görən yaralı dəhşətli hadisəni belə nəql edib: “ Qayıqlara minib oturduq, bundan sonra da FHN gəldi bizi xilas etdi. Orda olanların dəqiq siyahısını deyə bilmərəm, amma təxminən 60-dan yuxarı olmalıydı. Dalğanın hündürlüyü 8 metr idi, heç bir texnika yaxınlaşa, helikopter düşə bilmirdi. Havanın küləkli olması təxliyə olmamıza mane olurdu”.
Hadisə zamanı iki qabırğasının sınığı və kəllə-beyin travması ilə xəstəxanaya qəbul edilən Mərdan Rəcəbov bunları deyib: “İşləyirdik, birdən bizə dedilər ki, təcili hər kəs xilasedici jileti geyinsin. Biz də tez geyindik. Sonra qayıqla bizi aşağı salladılar. Güclü külək var idi. Dalğaların hündürlüyü 10 metrə qədər idi. Bizim qayığı dalğa vurub dəmirlərin arasına saldı. Qayıqda 26 nəfər idik. Mənimlə birlikdə digər işçilər də məhz qayığın platformanın dəmirlərinə çırpılması nəticəsində xəsarət aldılar. Dəhşətli mənzərə idi. Bizim qayıq dəmirlərə ilişdiyi üçün sağ qaldıq. Biz olan qayıqdan başqa birini də aşağı sallamışdılar. O qayıqda da olardı təxminən 30 nəfər. Onların qayığında gəminin yan alması üçün xüsusi yer var idi. Həmin yerə çırpılıb. Dalğalar o qədər hündür idi ki, hadisənin necə baş verdiyini anlaya bilmirdik. Hələ indiyə qədər elə dalğa görməmişdik. Deyirlər ki, axırıncı dəfə 1953-cü ildə dənizdə belə dalğa olub”.
1971-ci il təvəllüdlü Məlahət Əliyeva necə xilas edildiklərini müxbirimizə belə anladıb: “İşimizi bitirib dincəlirdik. Nəsə qəribə səs eşitdim. Çölə çıxanda gördüm ki, hər tərəf tüstü içindədir. Hansı qapıya yaxınlaşırdıq alov vururdu üstümüzə. Birtəhər çıxıb, xilasedici formanı geyinib qayıqlara tərəf qaçdıq. Qayığa biz mindiyimizdə saat 18:00 radələri idi. Növbəti gün saat 14:00 radələrində gəlib bizi xilas etdilər. Xilasedicilər dalğalara görə qayığa yaxınlaşa bilmirdilər. Oradan sağ çıxmağımız özü bir möcüzədir”.
Neftçiləri qayıqlara mindirən platformanın rəisi Allahverdi Məmmədov da müsavat.com müxbirinə baş verənlərdən danışıb: “Saat 17 radələrində platformadakı xətlərdən birində qəza yarandı. Birdən möhkəm səs eşitdik. Xətlər bir-birindən aralandı, alov püskürdü. Güclü şimal-qərb küləyi əsirdi, ona görə də yanğın çox qısa müddətdə bütün platformaya yayıldı. Tez işçiləri təxliyə etməyə başladım. İşçiləri qayıqlara mindirib bir qədər aşağı salladım ki, yanğından aralıda olaq. Özüm də sonda 26 nəfərin olduğu qayığa mindim. Orada 27 nəfər olduq. Digərlərindən xəbərim yoxdur. Çünki külək yanğını platformanın hər tərəfinə yayırdı. Hadisənin bu qədər faciəvi hal almasına səbəb dalğaların həddindən artıq güclü olması oldu. Bizim blokdakı müvafiq cihaz küləyin dərəcəsini saniyədə 35 metr göstərirdi”.
***
Hadisədən bir gün sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu birgə məlumat yayıblar. Rəsmi qurumlarım məlumatında faciənin baş verməsinə səbəb güclü külək nəticəsində sualtı qaz borusunun dayaq xəttinin qırıldığı, nəticədə boru kəmərinin zədələnməsi ilə şiddətli yandığının baş verdiyi qeyd olunur. Rəsmi xəbərdə yanğının neft və qaz quyularına keçməsi də ehtimal olunur. Məlumatda o da bildirilir ki, faciə ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hadisə ilə bağlı Azərbaycan prezidentinin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyaya baş nazir Artur Razi-zadə başçılıq edir. Dövlət Komissiyası itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etməli, hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməlidir. Eyni zamanda qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsi, xəsarət alanların müalicəsinin təmin edilməsi, qəza nəticəsində Dərin Dəniz Özülünün yararlılıq vəziyyətinin və ona dəymiş zərərin müəyyənləşdirilməsi və görülmüş işlər barəsində Azərbaycan Prezidentinə mütəmadi məlumat vermək də tapşırılıb.
Prezidentin digər sərəncamı ilə dekabrın 6-da ölkədə bir günlük matəm elan olunub. Dövlət Bayraq Meydanında və digər rəsmi yerlərdə bayraqlar endirilib.
***
Faciə ilə bağlı dekabrın 6-da mətbuat konfransı keçirilib. SOCAR-ın vitse prezidenti Xaliq Məmmədov bildirib ki, Qazaxıstan, İran və Rusiyadan sularda olan neftçilərin tapılmasında kömək etmələri xahiş olunub. O, mətbuat konfransında çıxış edən fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, havanın küləkli olması xilas etmə işlərini çətinləşdirib. O, yatağın partladılmadığını və xilasetmə işlərinin davam etdirildiyini söyləyib.
SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın kömək təklifinə mətbuat konfransındakı çıxışı zamanı belə cavab verib: “Heç kimdən kömək istəməyəcəyik. Problemi öz qüvvəmizlə həll etmək imkanımız, yanğını söndürmək gücümüz var”.
Qeyd edək ki, hadisə baş verən ilk gündən platformadakı işçilərin sayı ilə bağlı kəskin ziddiyyətlər meydana çıxdı. Belə ki, rəsmi məlumatda özüldə 63 nəfərin olduğu deyilsə də, faciə ilə bağlı ilk məlumatı yayan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı 80-dən çox neftçinin olması barədə xəbər yaydı. Dekabrın 5-də isə “Reuters” agentliyi platformada 84 nəfərin olduğu haqda məlumat verdi. SOCAR isə ilk məlumatında platformada 42 nəfərin olduğunu bildirdi.
Bütün bu ziddiyyətlər sosial şəbəkələrdə narazılıqla qarşılandı. Hazırda da rəqəmlər ətrafında müəmmalar davam edir. Sosial şəbəkələrdə əsas müzakirə mövzularından biri də “Günəşli” yatağındakı hadisədə təxribat olub-olmaması ilə bağlı fikirlərdir.
M.Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında rəqəmlər arasındakı ziddiyyətlərə belə aydınlıq gətirdi: “Rəsmi qurumların açıqlamalarına qədər verdiyim məlumatların hamısı doğru oldu. İnsanlar bizə etibar etdilər. Araşdırmalarımız davam edir.
”28 May" Neft-Qaz Çıxarma İdarəsinin rəhbərliyi hadisə ilə bağlı cavab verməlidir. Aldığım məlumata görə, orada Tikinti Quraşdırma İdarəsinin işçiləri, qazmaçılar olub. 84 nəfərin olması barədə mənə məlumat verilib. Təəssüflər olsun ki, bu rəqəmi kiçildirlər. Verilən siyahı məni qane etmir. Mənə yazılan bir xəbərdə göstərilir ki, Bəhmən Cəfərovun cəsədinin tapılması barədə xəbər verilib. Mənə yazan şəxs bildirir ki, onun cəsədi tapılıbsa, ailəsinə niyə verilmir. 84 nəfərin olmamasını təsdiq edən fakt qoysunlar. Mən də istərəm bu qədər şəxs orada olmasın. Niyə hadisə baş verən platformanın ətrafında gəmi yoxdur? Bu sualı mənə neçə dəfə ünvanlayıblar. Neft Şirkəti bu suala cavab verməlidir. Hadisəyə səbəb qasırğa olub. Daxili təhlükəsizlik qaydalarına riayət olunmayıb. Aldığım məlumat belədir. Hadisədə təxribat izləri mümkünsüzdür. Çünki təxribatı işçi də edə bilərdi və öz həyatı təhlükəyə düşərdi. Kənardan bu mümkün deyil".
Politoloq Ərəstun Oruclu bildirdi ki, hadisənin təxribat olub-olmaması ilə bağlı ortada faktlar olmalıdır: “Son illərdə Bakıda ən güclü külək baş verdi. Hadisənin bu fonda baş verdiyi deyilir. Təxribat olmasını ehtimal etməyimizə əsas yoxdur. Dalğanın hündürlüyünün 10-12 metr olduğu bildirilir. Belə bir şəraitdə orada təxribat törətmək inandırıcı görünmür. Burada təbii hadisə var. Məsuliyyətsizlik də ola bilər. Olmayan bir şeyi gündəmə gətirməyə ehtiyac yoxdur. Azərbaycan Türkiyə ilə yaxınlaşır, belə hadisə baş verir. O demək deyil ki, hadisəni Rusiya təşkil edib. Bu cür versiyaların irəli sürülməsinə ehtiyatlı yanaşmağın tərəfdarıyam. Orada sübut yoxdur”.
***
Faciə ilə bağlı Azərbaycan prezidentinin ünvanına başsağlığı mesajları gəlməkdədir. Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və digər ölkələrin rəhbərləri İlham Əliyevə və ölənlərin yaxınlarına başsağlığı veriblər. Ölkəmizdə fəaliyyət göstərən Türkiyə, ABŞ və İran səfirləri də başsağlığı veriblər. Qardaş ölkənin səfirliyindən hər cür dəstəyi verməyə hazır olduqları bildirilib.
Ən son məlumata görə, qəzada itkin düşənlərin yaxınları SOCAR-ın Zığda yaradılmış operativ qərargahına toplaşıblar.