Mehdiyev gömrükdə islahatları əngəlləyir - DGK ölkədəki bahalaşmanın əsas səbəbkarlarındandır
“Gömrük barədə hər hansı diskussiya apardıqda, ilk növbədə, bu strukturun qanunvericiliklə hansı funksiyaları yerinə yetirdiyinə baxmaq lazımdır. Bu struktur ölkəyə gətirilən və aparılan malları rəsmiləşdirməli, gömrük nəzarətini təmin etməli, qanun pozuntusu aşkarlandıqda isə müəyyən hüquq-mühafizə prosedurunu həyata keçirməlidir”.Bu sözlər “Kompliment” MMC-nin direktoru Aytən Ələkbərovanın Reyting.az-a ünvanladığı müraciətində yer alıb.
MMC direktoru yazır ki, Reyting.az-a müraciət etməzdən əvvəl gömrük orqanlarının onlara yaratdığı süni problemlər və qanunsuzluqlarla bağlı KİV-ə müraciət etmək niyyətləri barədə məktubla Komitə rəhbərliyini xəbərdar ediblər.
Hazırki sədrlə islahat aparmaq olmazMüraciət müəllifi iddia edir ki, bu gün gömrük orqanları öz işini lazımi səviyyədə qura bilmir. Çünki, S. Mehdiyevin çoxillik fəaliyyəti gömrük sahəsində islahatları dalana dirəyib.
Xanım A. Ələkbərova yazır ki, milli iqtisadiyyatın bərbad vəziyyətə düşməsinin əsas səbəbkarlarından biri də Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyidir.
“Kompliment” MMC-nin direktoru bütövlükdə komitənin deyil, məhz rəhbər şəxsin adını xüsusi vurğulamasına da aydınlıq gətirib:
“Gömrük orqanlarının fəaliyyətini sivil qaydada təşkil etmək üçün bizim qanunveriçilik bazamız var. Bu strateji qurumda çoxsaylı sağlam düşüncəli kadrlar xidmət edir. Lakin S. Mehdiyevin yarıtmaz idarəetməsi və kadr siyasəti, mənasız islahatı sağlam düşüncəli, savadlı kadrların xidmətini heçə endirir. Təbii ki, bu, ölkədəki biznes mühitinə də mənfi təsirini göstərir.
Gömrük orqanlarında təcili düzgün islahatların aparılması zərurəti yaranıb. Bəzi ekspertlər hesab edirlər ki, Dövlət Gömrük Komitəsi ləğv olunmalı və Dövlət Vergi Xidməti ilə birləşdirilməlidir. DGK-nın bir qurum kimi ləğv edilməsi ilə mən də razıyam. Amma onun Dövlət Vergi Xidməti ilə birləşdirilməsini düzgün saymıram. Çünki, belə olan halda vergi xidməti gömrük xidmətini “udacaq”. Vergi xidməti gömrükdən bir necə dəfə böyük orqandır və böyüklər həmişə daha kiçikləri “həzm edir”. Bununla gömrük işinin idarəolunma şaquliliyi məhv ediləcək. Komitənin İqtisadiyyat Nazirliyinin nəzdində ayrıca struktur kimi fəaliyyət göstərməsi variantına baxıla bilər, amma hesab edirəm ki, gömrük orqanının Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməsi daha məqsədəmüvafiq olardı. Ümumiyyətlə, həm vergi, həm gömrük orqanları vəzifə və funksiyaları nəzərə alınmaqla, ayrıca hüquqi şəxs, struktur kimi Maliyyə Nazirliyinə tabe ola bilərlər. Bu zaman maliyyə naziri büdcəyə məsul şəxs kimi həm gəlir, həm də xərclərə nəzarət imkanı qazanacaq. Bu da şəffaf idarəetmə baxımından tamamilə məntiqli olardı.
Mehdiyevin kadr siyasəti regionçuluq üzərində qurulubGömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına öz töhfəsini verməlidir. Amma bu islahatlar hazırki sədrlə aparıla bilməz. Onun buna nə potensialı var, nə də komandası. Sədrin təqdimatını verib vəzifələrə təyin etdirdiyi müavinlərinin, idarə rəislərinin anket məlumatlarına nəzər yetirsəniz, bunu aydın görə bilərsiniz. Bu adamların əksəriyyəti keçmişdə fəhlə, ticarətçi, müəllim, fizik və s. işləyib. Hərdən yerli KİV-lərdə gedən yazılardan da görürük ki, S. Mehdiyevin kadr siyasəti regionçuluq və qohumbazlıq üzərində qurulub.
DGK sədri Səfər Mehdiyev jurnalist Eynulla Fətullayevə verdiyi müsahibə həm əhalini, həm də sahibkarları çox qəzəbləndirib. Gömrük orqanlarındakı özbaşınalıq və qanunsuzluqdan, onların aradan qaldırılması üçün atılan addımlardan danışmaq əvəzinə, özünü tərifləmək, reklam etmək, aşkar problemlərin səbəbkarı kimi digər orqanları göstərmək bu səviyyədəki rəhbər şəxsə heç yaraşmr.
Sədr məsuliyyəti digər qurumların üzərinə atır“Kompliment” MMC rəhbəri kimi gömrük orqanlarındakı özbaşınalıqlar, gömrükçülərin vəzifə səlahiyyətlərini aşması, vəzifələrindən sui-istifadə etməsi, süründürməçiliyə yol verməsi, hədə-qorxu ilə pul tələb etmələri ilə bağlı bir neçə ay ərzində şəxsən sədrin adına 300-dən çox məktub və müraciət ünvanlamışam. Həmin məktubların əksəriyyətinə cavab verilməmiş, bir neçəsinə isə formal cavablar göndərilmiş, müraciətlərimlə ötür-ötür oyunu oynamışlar. Ötən müddətdə komitə sədri bizi dəvət edib dərdimizi dinləməyə belə cəhd göstərməyib. Bəs o, müsahibəsində sahibkarla hansı dialoqdan bəhs edir? Arada bir özünə yaxın iş adamları ilə görüşüb, bunu reklam edib, sahibkarlarla dialoqa gedən rəhbər imici yaradır. S. Mehdiyevin ölkədə inhisarçılığın başında durması, qohumlarının, yaxınlarının biznes şəbəkəsi barədə KİV-də çoxsaylı məlumatlar var. Necə deyərlər, od olmasa, tüstü çıxmaz.
Müsahibəsində Milli Məclisin deputatlarına irad bildirməsi, onları qaçaqmalçılıqda ittiham etməsi S. Mehdiyev hansı səviyyəyə, milli düşüncəyə malik olmasının göstəricisidir. Axı sizə kimi ixtiyar verib ki, hakimiyyətin qanunvericilik qolunun nümayəndələrini, millət vəkillərini təhqir və ittiham edirsiniz? Xalq tərəfindən seçilmiş millət vəkillərini aşağılamaq, onlara böhtan atmaq millətin özünü təhqir etmək deməkdir. Bu da S. Mehdiyevin siyasi və hüquqi savadsızlığının sübutudur.
Mehdiyev polisə və vergi orqanlarına böhtan atırYol verdiyi nöqsanlara haqq qazandırmaq üçün millət vəkillərini, sərhədçiləri, polisləri ittiham edən komitə sədri deyir ki, ölkə ərazisinə narkotik vasitələr dəniz yolu ilə gətirilir. Bununla da o, ölkədə narkotik maddələrin yayılmasında sərhədçiləri təqsirkar göstərmək istəyir. Sərhəd Mühafizə Gəmilərimiz gecə-gündüz dənizdə patrul xidmət aparır. Onların xidməti nəticəsində ölkəyə narkotik vasitələrin və digər qanunsuz əşyaların gətirilməsinin qarşısı alınır. Hər il neçə sərhədçimiz xidməti vəzifəsini yerinə yetirərkən qaçaqmalçılar tərəfindən qətlə yetirilir, şəhid olurlar. DGK sədrinin yuxarıdakı ifadələri şəhid sərhədçilərimizin ruhuna hörmətsizlik kimi qiymətləndirilməlidir. Sərhəd nəzarəti məntəqələrində ölkəyə daxil olan yüklərin sərhədçilər tərəfindən yoxlanılmasına icazə verilmir. Yalnız əsaslı şübhə və əməliyyat məlumatı olduqda sərhədçi ölkə ərazisinə avtomaşın, qatar və ya təyyarə ilə daxil olan yüklərə baxış keçirə bilər. Mətbuatdan dəfələrlə izləmişik ki, sərhəd nəzarəti məntəqələrində gömrük əməkdaşları tərəfindən dəfələrlə nəqliyyat vasitələri maneəsiz olaraq ölkə ərazisinə buraxılmış, lakin sərhədçilərin sayıqlığı nətiçəsində, həmçinin əsaslı şübhələr olduğuna görə, həmin nəqliyyat vasitələrinə yenidən baxış keçirilmiş və qaçaqmal aşkar olunmuşdur. Buna görə bir neçə gömrük əməkdaşına qarşı cinayət işi başlanmış, onlar tutduğu vəzifələrdən kənarlaşdırılmışlar”.
Gömrükçülər sahibkarları süründürməçiliyə məruz qoyurQeyd olunur ki, S. Mehdiyevin “Haqqın.az” saytına müsahibəsində ölkədə satılan aksiz markasız siqaret və spirtli içkilərin ölkə ərazisində zirzəmilərdə istehsal olunması barədə dedikləri isə polis və vergi orqanlarının əməkdaşlarına atılan böhtandır: “Hamı bilir ki, bu cür mallar gömrükçülərin yarıtmaz fəaliyyəti nətiçəsində ölkəyə daxil olur. Həmin malların ölkə ərazisində qanunsuz istehsal olunmasını bildirməklə, DGK sədri məsuliyyəti öz üzərindən daxili işlər və vergi orqanlarının üzərinə atmaq istəyir. Hesab edirəm ki, Milli Məclis və Nazirlər Kabineti S. Mehdiyevin tutduğu vəzifəyə uyğunluğu məsələsini ölkə prezidenti qarşısında qaldırmalıdırlar. Birmənalı şəkildə bildirirəm ki, respublika ərazisində bahalaşmanın əsas səbəbkarlarından biri DGK və onun sədridir”.
MMC direktoru yazır ki, gömrükçülər vəzifələrindən sui-istifadə edərək, sahibkarları süründürməçiliyə məruz qoyur, hədə-qorxu ilə onlardan idxal etdikləri malların bəyannamə qiymətinin qaldırılmasını tələb edirlər. Bunun üçün onlar gömrük rəsmiləşdirilməsi zamanı qanunvericilikdə nəzərdə tutulmayan malların ixrac ölkəsində rəsmiləşdirilmiş və həmin ölkənin daxili sənədi sayılan ixrac gömrük bəyannaməsini, yaxud daxili bazarda malların satışına dair elektron qaimələri, digər sənədləri tələb edirlər. Əslində həmin sənədlərin malların sövdələşmə qiymətilə gömrük dəyərinin müəyyən edilməsinə heç bir aidiyyəti yoxdur. Malları isə həmin müddət ərzində məçburi qaydada ya nəqliyyat vasitəsində, ya da daşıyıcının anbarında saxlayırlar. Həmin malların daşıyıcının anbarında saxlanılması haqqı malların gömrük anbarında saxlanılması haqqından 50 dəfə artıqdır. Belə qanunsuz hallara, bir qayda olaraq, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində yol verilir. İdarənin rəisi Bəhruz Quliyevin göstərişinə əsasən, gömrük rəsmiləşdirilməsi zamanı mallar saxlanılmaq üçün nə idxalçının öz anbarına, nə də dövlətin gömrük anbarına buraxılmır. Yəni, qanunsuz olaraq uzun müddət ərzində daşıyıcı «ASG Business Aviation» MMC-nin «GHC» filialındakı anbarda saxlanılır. Bununla da sahibkarı əlavə xərc çəkməsinə məcbur edərək, ona məqsədyönlü şəkildə maddi ziyan vurulur. Sahibkar məcbur edilir ki, gömrük orqanının qanunsuz tələbi ilə razılaşsın. Buna etiraz edənlərin malları 5-8, bəzi hallarda isə 12 ayadək həmin anbarda qanunsuz saxlanılır.
Şikayətçinin yazdığına görə, S. Mehdiyev xalqa deyir ki, DGK sıralarında olan korrupsioneri ona göstərək: “Bu ifadə milləti ələ salmaq kimi qiymətləndirilməlidir. Çünki, KİV-də yayılan xəbərlərdən bilirik ki, təkcə cari il ərzində törətdikləri vəzifə və korrupsiya cinayətlərinə görə 10-a yaxın gömrükçü saxlanılmış və həbs edilmişdir. Bəzilərinin məhkəməsi indi də davam edir. Bundan başqa, jurnalist araşdırmaları ilə müəyyən olunub ki, S. Mehdiyev komitədə öz ətrafına qohum-əqrəbasını, həmkəndlilərini yığıb. Bu isə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozuntusu deməkdir.
Əslində S. Mehdiyevin müsahibəsi əyalətdə yaşayan və gömrük orqanlarındakı özbaşınalıqdan xəbəri olmayan sıravi vətəndaşlar üçün nəzərdə tutulub”.
Sahibkarlar Mehdiyevin “qolçomaqlarını” başa sala bilmirA. Ələkbərova gömrük orqanlarında “Kompliment” MMC-yə qarşı süni şəkildə yaradılan problemlərdən də bəhs edib: “Bizim müəssisənin ünvanına xarici ölkədən təyyarə ilə mallar göndərilir. Təbii ki, həmin mallar satıcı ilə aramızda bağlanmış müvafiq müqaviləyə əsaslanır və malları müşaiyət edən sənədlərin arasındakı invoysda sövdələşmə qiyməti də göstərilir. Mallar ünvanımıza daxil olan kimi, biz onların sərbəst dövriyyəyə buraxılması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə bəyan edirik, tələb olunan gömrük rüsum və ödənişlərini tam ödəyirik. Gömrük orqanının əməkdaşları tərəfindən bəyannamə və təqdim olunan sənədlər yoxlanılır, onların düzgün olması müəyyən edilir, ödənişlərimiz qəbul olunur və mallar verilir buraxılışa. Karqo anbarındakı gömrük postundan malları qəbul etmək istədiyimiz zaman isə gömrükçülərin “şousu” başlayır. İnspektor malı vermir. Deyir ki, maliyyə şöbəsinin rəisi şifahi göstəriş verib ki, bəyannamədə göstərilən gömrük dəyəri üç dəfə artırılsın. Yəni, gömrük rüsum və ödənişləri həmin məbləğə əsasən ödənilsin. Soruşanda ki, bizim göstərdiyimiz sövdələşmə qiymətini hansı səbəbdən qəbul etmirsiniz, cavabında bildirirlər ki, internet resurslarına baxış keçiriblər və guya müəyyən ediblər ki, Mozambikdə və ya Qvatemalada həmin malların qiyməti bəyan etdiyimiz qiymətdən yüksəkdir. Başa sala bilmirsən ki, ay gömrükçü, bizim malın istehsal ölkəsi Koreya Respublikasıdır, internet vasitəsilə Qvatemalada müəyyən etdiyiniz satış qimətinin bizim malın gömrük dəyərinə nə aidiyyəti var? Axı, “Gömrük tarifi haqqında” Qanunda gömrük dəyərinin müəyyən edilməsi zamanı digər ölkələrdəki bazar qiymətlərinə əsaslanmaq və ya internetdəki məlumatlardan istifadə etmək qaydası nəzərdə tutulmayıb. Bütün bunları gömrükçülərə izah etmək mümkün deyil. Deməli, onlar işlərini qanunların tələbləri ilə deyil, rəislərinin qanunsuz göstərişləri əsasında qururlar. Səbəbini soruşanda eyni cavabı verirlər: “Heç nə bilmirik, ödəməlisiniz, vəssalam”. Bu, əsl reketlikdir. Bəzi hallarda isə bəyannamə qiymətlərinin artırılmasını tələb etdikdə deyirlər ki, guya, başqa bir şirkət eyni malı həmin ixrac ölkəsindən baha qiymətə gətirib, siz də gedin gömrük dəyərini həmin qiymətə uyğun bəyan edin. İzah edə bilmirsən ki, bu malın xüsusatları, qablaşdırılması fərqli olduğu üçün onun qiyməti yüksəkdir. Həmçinin dediyiniz şirkət malı ikinci və ya üçüncü əldən alır, biz isə istehsalçının və rəsmi distributordan alırıq. Bundan başqa, istehsalçı malını kiməsə bir qiymətə, mənə isə digər qiymətə sata bilər. Bu, satıcının hüququdur. Buna qanunvericilikdə sövdələşmə qiyməti deyilir. Eyni zamanda satıcı bazarın spesifikasını, marketinq qanunlarını nəzərə alaraq satış zamanı endirimlər edə, hədiyyələr verə bilər. Təəssüf ki, S. Mehdiyevin “qolçomaqlarına” bunu başa salmaq olmur. Onların istədikləri ilə razılaşmayanda isə mallar uzun müddət qalır daşıyıcının anbarında. Malların öz anbarımızda saxlanca verilməsi ilə bağlı müraciətlərimizə isə baxılmır. Mallar dövlətin gömrük anbarına da verilmir. Bu, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əlində sahibkara təsir etmək üçün bir mexanizmdir. Malların daşıyıcının anbarında saxlanmasına görə ödəniş həcmi şişir və yekunda həmin rüsumun ödənilməsini yükləyirlər sahibkarın belinə. Məsələnin qəribə tərəfi odur ki, sahibkarlar bütün bunlar barədə prokurorluq orqanlarına şikayət edirlər, amma həmin şikayətlərə baxılmır. DGK sədri həmin şikayətlərə baxılmasının qarşısını müxtəlif yollarla əngəlləyir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə üz tutan sahibkarlar əməkdaşlardan heç birinin masasının üzərində Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” qanunları görməyib. Gömrük rəsmiləşdirilməsi zamanı qanunvericilikdə göstərilənlər nəzərə alınmır. Məsələn, 2020-ci ilin sentyabr ayında “Kompliment” MMC-nin ünvanına mal daxil olmuşdu. Həmin malın gömrük rəsmiləşdirilməsi 8 ay çəkdi. Bu müddət ərzində mallarımız daşıyıcının anbarında qaldı. Aydındır ki, biz gömrük orqanının əsassız tələbləri ilə razılaşmadığımıza görə mallarımız qanunsuz olaraq saxlanıldı. Haqlı olduğumuzu sübut edib, mallarımızı bəyan etdiyimiz qiymətlə gömrükdən çıxardıq. Eyni mal ünvanımıza 2021-ci ilin iyun ayında da daxil oldu. Bu günədək mallarımız daşıyıcının anbarındadır. Malın öz anbarımızda saxlanca verilməsi barədə müraciətlərimizə yenə cavab verilmədi. Mallar tərəfimizdən düzgün bəyan edilib, tələb olunan gömrük rüsumu və ödənişlər tam ödənilib. Ləngitmənin səbəbini soruşduqda, şifahi olaraq bildirirlər ki, malların gömrük dəyəri inspektorda şübhə doğurub. İzah edə bilmirsən ki, ay gömrük inspektorları, qanunvericilikdə inspektorun malın gömrük dəyərindən şübhələnməsi onun ölkəyə buraxılmamasına, yaxud kənar şəxsə məxsus anbarda saxlanılmasına səbəb ola bilməz.
Gömrük Məcəlləsinin 98-ci maddəsində göstərilir ki, gömrük yoxlamasının və auditin aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir. Amma gömrük qanunvericiliyinin bu tələbindən məlumatsız olan, yaxud həmin qanunları istədikləri kimi yozan gömrükçülər hər dəfə ünvanımıza göndərilən eyni malları yoxlama aparmaq adı ilə «ASG Business Aviation» MMC-nin «GHC» filialındakı anbarında saxlayırlar.
Gömrükçülər saxta sənədlər təqdim edirlərDövlət hər bir vətəndaşın Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunmuş azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququnu həyata keçirməsinə şərait yaratmalıdır. Görünən odur ki, DGK rəhbərliyinin Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərmanından xəbəri yoxdur. Ola bilsin, komitənin vəzifəli şəxsləri bu Fərmanla tanışdır, sadəcə onu veclərinə almırlar.
Sahibkarlara qanunsuz təsir etməkdən ötrü DGK-nin bəzi əməkdaşları saxta sənədlər hazırlamaqdan, xarici dövlətlərdən əcnəbi dildə daxil olan məktubların tərcüməsi zamanı məzmununa əlavələr və dəyişikliklər etməkdən belə çəkinmirlər. Onlar məhkəmədə yalan izahatlar verir, əsli olmayan, ölkədə leqallaşdırılmamış sənədləri qanuni sənəd kimi təqdim edirlər. Heç bir ölkənin gömrük orqanlarında belə özbaşınalıq hökm sürmür. Buna son qoymağın vaxtı çatıb.
Gömrük sisteminə dair qanunlara əlavə və dəyişiklər edilən zaman yaranmış işçi qruplara və müvafiq komissiyalara mütləq qaydada kiçik və orta sahibkarların nümayəndələri də dəvət olunmalıdır. Məhz bu yolla ədalətli qanun qəbul edilə bilər.
Hesab edirəm ki, Nazirlər Kabinetinin bir neçə Qərarına da yenidən baxılmalıdır. Məsələn, 17 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na əsasən, gömrük rüsum, ödəniş, yığımlar, malların saxlancına görə gömrük yığımları və s. vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. NK-nın bu qərarından açıq-aydın sui-istifadə edilir. Yəni, gömrükçülər sahibkarlara müxtəlif vasitələrlə təsir göstərərək, gömrük bəyannaməsindəki qanuni gömrük dəyərinin qaldırılmasına nə qədər çox nail olsalar, bir o qədər aylıq maaşlarına əlavələr artacaqdır. Hesab edirik ki, bu yanaşma kökündən yanlış və zərərli olduğuna görə, təcili aradan qaldırılmalıdır. Hətta bu qərar S. Mehdiyevə korrupsiyanı “leqallaşdırmaq” üçün şərait yaradır”.
Şikayətçi sonda qeyd edib ki, DGK-nın qərəzli və qeyri-qanuni hərəkət və hərəkətsizliyinə görə bu gün “Kompliment” MMC-nin fəaliyyəti iflic vəziyyətə düşüb: “Müəssisəmizdə ciddi maliyyə problemləri yaranıb və fəaliyyətini tam dayandırmaq təhlükəsi ilə üzləşib. İdxal olunmuş mallar əsassız olaraq saxlanıldığı üçün partnyorlarımız qarşısında götürdüyümüz öhdəlikləri icra edə bilmirik. Satış dayanıb, müəssisə gəlirdən məhrum edilib, bu səbəbdən işçilərin əmək haqlarını ödəməkdə problemə üzləşmişik. Gömrük orqanı MMC-yə külli miqdarda maddi və mənəvi zərər vurub. Buna görə də MMC-nin hüquqlarının bərpası, fəaliyyətinin davam etdirilməsi üçün müvafiq dövlət qurumlarının müdaxiləsi tələb olunur.
Son vaxtlar yazılı və elektron mediada, sosial şəbəkələrdə baş gömrükçü S. Mehdiyevin və onun rəhbərlik etdiyi qurumun əməkdaşlarının yol verdiyi qanunsuzluqlar, törətdikləri cinayət əməlləri barədə çoxsaylı məlumatlar yayımlanır. Bunlardan nəticə çıxarmaq, xidmətdə dönüş yaratmaq əvəzinə DGK sədri məlum sayta həqiqəti təhrif edən, xalqın seçdiyi millət vəkillərinə qarşı təhqiramiz ifadələrin yer aldığı müsahibə verir. Əməkdaşları isə yenə köhnə qaydada sahibkarları boğmağa, onların hüquqlarını pozmağa davam edirlər. Ümid edirik ki, dövlətin strateji sahələrindən sayılan gömrük sistemində sadaladığımız qanunsuzluqlara və özbaşınalığa, gec də olsa, son qoyulacaq”.
Reyting.az məsələni diqqətdə saxlayacaq. Gömrük Komitəsinin və cənab S. Mehdiyevin məsələyə münasibətinə yer ayırmağa hazırıq.