Azərbaycandan COVID-19 ilə bağlı karantin rejimi elan olunan gündən onlayn (yaxud distant - məsafədən) təhsil prosesinə keçildi. Bu sistemi nə dərəcədə bacardıq? Mövzu ətrafında AYNA-nın suallarını Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı, təhsil eksperti Adil Vəliyev cavablandırıb.
- Adil müəllim, onlayn tədris sisteminin tətbiqi gözlənilən idi?
- Əvvəlcə onlayn dərs sistemi haqqında onu deyim ki, pandemiyanın Azərbaycanın təhsil sisteminə müsbət və mənfi təsirləri oldu. Mənfi təsirləri bundan ibarətdir ki, illərlə biz təhsil ekspertləri və media bu sistemə keçməyimizin vacibliyini vurğulasaq da, bilinməyən səbəbdən, Təhsil Nazirliyi bu sistemləri pilot layihə kimi heç vaxt sınaqdan keçirmədi. Baxmayaraq ki, bu mövzuda müxtəlif təkliflərimiz də olmuşdu. Ancaq ataların yaxşı bir sözü var: Min nəsihətdənsə, bir müsibət daha yaxşıdır. Koronavirus Azərbaycanda da sürətlə yayılmağa başlayanda Təhsil Nazirliyi müsibəti gördü və gec də olsa, onlayn dərs sisteminə keçid etdi.
- Bəs, effektli oldumu?
- Bu keçid mart ayında dərslər bağlanandan, təxminən 1 ay sonra baş verdi və bu zaman ərzində istər şagirdlər, istərsə də tələbələr dərslərdən məcburi yayındılar və yenidən onların onlayn sistemdə TEAMS proqramı ilə dərsə başlamaları çox da effekt vermədi. Çünki yuxarıda qeyd etdiyim kimi, biz bu sistemə hazır deyildik. Nəzərə alsaq ki, bir neçə ay hər kəs karantin rejimi qaydalarına əməl edərək evdə qaldı, boşluqdan internetdən istifadə etdi və bu da internetin yüklənməsinə səbəb oldu. Qeyd etmək istəyirəm ki, onlayn dərslər gözlənilən effekti vermədi, çünki müəllimlər və şagirdlər ənənəvi qaydaya öyrənmişdilər və sinif dərslərində bilmədikləri mövzu olduqda birbaşa müəllimdən kömək istəyə bilir və izahını daha aydın başa düşürdülər.
- Onlayn təhsil sistemi abituriyentlərə necə təsir etdi?
- Bu dövrdə ən çox əziyyət çəkən abituriyentlərimiz və onların valideyinləri oldu. Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) yanvar ayından etibarən abituriyentlər üçün sınaq imtahanları təşkil edir və onların buraxılış və qəbul imtahanlarına daha həyacansız və rahat istirak etməsinə kömək edirdilər, ancaq hazırda bu sınaqların heç biri edilə bilmədi. Abituriyentlərlə bərabər valideyinlər də həyacan və stress yaşayaraq imtahanların keçirilməsini və övladlarının tələbə adını qazanmalarını gözləyirlər. Tələbələr üçün universitetlər tərəfindən müəyyən güzəştlər edilsə də, abituriyentlər üçün hazırda hansısa güzəştin olacağı haqqında rəsmi açıqlama verilməyib. Sadəcə, mart ayına kimi keçirilən mövzuların imtahana düşəcəyi deyilib. Ümid edirəm ki, nəticələr açıqlanandan sonra bu mövzuda müəyyən güzəştlər olunacaq.
Çünki onlayn təhsil abituriyentlər üçün istənilən effekti vermədi. Bu mövzuda abituriyentlərlə dəfələrlə görüşlərimiz və sorğumuz olub, ancaq qeyd etdiyim kimi effektli olmadığını vurğulayıblar. Buraxılış imtahanının nəticələri elan olunanda hazırkı vəziyyətin necə olacağı daha dəqiq bilinəcək. Fikrimcə, DİM hazırkı vəziyyəti nəzərə almadan sualları təşkil edərsə abituriyentlerin göstəriciləri heç də ürəkaçan olmayacaq.
- Bu ilki qəbul imahanları barədə nə düşünürsünüz?
- Ötən il ilə bu ili müqayisə etsək, deyə bilərəm ki, 2-ci qrupdan başqa digər qruplarda kifayət qədər abituriyent tələbə adını qazana bilməyəcək. Bunun üçün 3 əsas səbəb var. Keçən il yeniliklər olduğu üçün subbakalavrlar çox risk etmədilər tələbə adını qazanmaq üçün. Ancaq bu il abituriyentlərlə yanaşı, subbakalavrlar da maraq göstərirlər. Əlavə olaraq qeyd etmək istəyirəm ki, abituriyentlər pandemiya şəraitinin nəzərə alınacağımı və sualların əvvəlki illərə nisbətdə daha asan olacağını düşündükləri üçün, "bəlkə qəbul oldum" düşüncəsi ilə yanaşır. Qeyd edim ki, pandemiyaya görə sərhədlərin bağlanması bu il abituriyentləri Azərbaycan universitetlərinə üz tutmağa məcbur edəcək. Buna görə də abituriyentlərə və valideyinlərinə müraciət edərək bildirmək istəyirəm ki, ixtisas seçiminə diqqət etsinlər, mümkün qədər ixtisas seçimini ekspertlərə həvalə etsinlər.
- Bu gün universitetlərdə tədris olunan ixtisaslar aktuallığını qoruyur?
- İxtisaslar barəsində, çox təəssüf ki, ürəkaçan fikirlər səsləndirə bilməyəcəm. Çünki universitetlərdə yeni ixtisaslar açilarkən əmək bazarı, hətta dünya əmək bazarı araşdırılmadan qərar verilir. Hazırda bir çox universitetlər, sadəcə plan yerini doldurmaq, yəni özlərinin maddi maraqlarını düşünür. Bunun üçün də 15-20 il, hətta daha əvvəlki ixtisasları yenidən fərqli universitetlərdə açırlar. Bu ixtisas üzrə dərs deyəcək müəllimlər isə 65-70, hətta 80 yaşlı insanlardır. Onların dərs vəsaitləri 30-40 il əvvəlin dərs vəsaitləri olur ki, hazırkı dövdə bunlar heç bir işə yaramır. Nəzərə alsaq ki, hazırda texnologiya dövründə yaşayırıq və bu sahədə ixtisaslar açmalıyıq, bunu istər Təhsil Nazirliyi, istərsə də universitet rəhbərliyi nəzərə almalı və qruplar üzrə əmək bazarının tələblərinə uyğun ixtisaslar açılmalıdır.