ABŞ dolları və avro dünyanın aparıcı valyutası olmağa davam etsə də, lakin keçən ildən dünyada bu valyuta növlərinə tələb kəskin aşağı düşüb. 2019-cu ildə Amerika valyutasının beynəlxalq ödənişlərdə payı son iki onillikdə ən aşağı səviyyəyə enib. Avro ilə nominasiya olunan beynəlxalq ehtiyatlar da tarixində ən aşağı göstəricini yaşayıb. Buna baxmayaraq, Azərbaycanda ən populyar xarici valyuta məhz avro və ABŞ dollarıdır.
“Report” Azərbaycanda avro və ABŞ dolları ilə artıq vəsait saxlamağın nə qədər etibarlı olduğunu və digər valyuta növlərində edilən yatırımlarla bağlı ümumi vəziyyəti öyrənib.
Mövzu barəsində açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bizdə yığımların əksəriyyəti investisiya xarakterli yatırımlar yox, daha çox məhz dəyərsizləşmə qorxusundan qayanaqlanan risklərin aradan qaldırılmasına hədəflənən yığımlardır:
“Azərbaycan iqtisadiyyatı çox sadə bir iqtisadiyyatdır. Burda oyunçuların da davranışları iqtisadiyyatın konyukturundan asılı olaraq çox sadədir. Vətəndaşlar valyuta seçimini müxtəlif məqsədlərin nəticəsində müəyyənləşdirir. Burda söhbət sadəcə yığımdan, həm də investisiya yatırımları və ticarət dövriyyəsi ilə bağlı veriləcək qərarlardan gedir. Azərbaycanda hər şey çox sadədir. Banklar vəsaitlərini daha çox yığım edirlər. Yığım edərkən daha uzunmüddətli dövrdə hansı valyutanın etibarlı olması onlar üçün əsas şərt hesab olunur. İnformasiya da burda vacib məsələlərdən biridir. Bizdə əhalinin böyük əksəriyyəti dünya valyuta bazarlarında və qiymətli kağızlar bazarlarında baş verənləri izləmirlər. Faktiki olaraq bizdə bu bazarların əksəriyyəti yoxdur. Buna görə də insanlar ənənəvi üsullarla çox sadə şəkildə qərarlar qəbul edirlər. Bu davranışın özü Azərbaycanda yığımların daha çox avro və ABŞ dollarında olmasına gətirib çıxaran amillərdəndir. Bizdə yığımların əksəriyyəti investisiya xarakterli yatırımlar yox, daha çox məhz dəyərsizləşmə qorxusundan qaynaqlanan risklərin aradan qaldırılmasına hədəflənən yığımlardır. Məlumatlı əmanətçi uzunmüddətli dövrdə hansı valyutanın dəyərinin artacağını proqnozlaşdırır və həmin istiqamətlərdə yatırım edir. Xüsusilə də bu kimi əmanətçilərin volatilliyin yüksək olduğu inkişaf etməkdə olan ölkələrin valyutalarına yatırım etdiklərini müşahidə edirik. Sadə yığım edənlər isə daha çox dəyərsizləşmə qorxusu qarşısında qərar qəbul edirlər. Bu zaman da daha çox fundamental valyutalara yönəlirlər”.
Eskpert qeyd edib ki, Azərbaycanda çox az bir qisim investor və vətəndaşlar alternativ valyuta kimi funt sterlinqlə yatırımlar etməyə meyllidirlər:
“Digər valyutalarla bağlı isə vəziyyət bir qədər fərqlidir. Azərbaycanda banklar türk lirəsi, rus rublu kimi valyutaları alternativ olaraq dəyişməkdə meyllidirlər. Çünki bu bazarlarla sıx əlaqə vardır və vəsaitlərin bu ölkələrdəki banklara köçürülməsi imkanları var. İran tümənini isə Azərbaycan bankları uzun müddətdir ki, qəbul etməyə çəkinirlər. Bu, çox riskli valyutadır. Türk lirəsi və rus rublu bizdə aktiv istifadə olunsa da, qısa müddətli dövrdə ödəniş həyata keçirməli olmayan insanlar rus rublu və ya türk lirəsinə yatırım etmirlər. Çünki hər iki valyuta növü kifayət qədər riskli hesab olunur. Bunu bilmək üçün bu vayutaların son 4-5 ildə göstərdiyi dinamikaya baxmaq lazımdır. Bu ölkələrin ikisində də institusional struktur yoxdur və valyutanın dəyiri ölkə rəhbərliyindən asılı olaraq çox ciddi volatillik göstərir. Rusiyada, demək olar ki, bazar fəaliyyətləri artıq sıradan çıxarılıb və Mərkəzi Bankın müstəqilliyi əlindən alınıb. Bütün bunların qarşılığında bu iki valyutanın özünə də uzunmüddətli yatırımlarda heç kim meylli deyil.
Bu gün beynəlxalq bazarlarda valyuta sırası genişləndirilir. Məsələn, Çin yuanının və yapon yeninin bu gün aktiv istifadə olunan valyuta növlərinə çevrilməsini göstərmək olar. Azərbaycan isə bundan çox uzaqdır. Çünki azərbaycanlılar maliyyə bazarlarında aktiv iştirak etmir. Digər tərəfdən, ticarət əlaqələrinin də bu ölkələrlə o qədər böyük həcmli olmaması yığımların bu valyutalara yönəlməsinin qarşısını alır”.
Eskpert hesab edir ki, hazırkı şəraitdə passiv şəkildə pul yığan insanlar üçün vəsaitlərin bir neçə valyutada saxlanılması məqsədəuyğundur:
“Düşünürəm ki, indiki halda bir neçə valyutada vəsaitin saxlanması məqsədəuyğundur. Söhbət passiv yığımçılardan gedir. Bura Azərbaycan manatı ilə yanaşı, həm avro, həm ABŞ dolları, həm də funt sterlinqlə olan yığımları aid etmək olar. Valyuta bazarının aktiv iştirakçıları üçün isə bazarın konyukturundan asılı olaraq yapon yeni, İsveç frankı kimi valyutalarla, eyni zamanda rus rublu və türk lirəsinin də avantajlarlından istifadə edərək yatırımlar etmək məqsədəuyğundur”.
R.Həsənov bankların müxtəlif valyutalarda depozit qəbuletmə məsələsinə də toxunub:
“Bizdə banklar digər valyutalarda depozit qəbul edirlər. Ancaq digər valyuta deyəndə söhbət Azərbaycan manatından başqa valyutalardan gedir. Ancaq siz İran tüməni ilə valyuta versəz, bank qəbul etməyəcək. Çünki onun bazarı bizdə yoxdur və riski də çox yüksəkdir. Yapon yeni də bizdə çox az hallarda istifadə olunur. Bəzi banklar var ki, Yaponiya ilə xarici ticarət əlaqələrində iştirakçı olan subyektlərin həmin banklarda hesabı var. Banklar adətən belə qərarları qəbul edərkən onlarda bu valyuta növünə olan tələbi göz önünə gətirirlər. Tələbat yoxdursa, banklar çox da riskə getmirlər. Baxmayaraq ki, Mərkəzi Bank hər gün İran tüməninin məzənnəsini açıqlayır, banklar əllərdən aldıqları bu valyutaları Mərkəzi Banka belə verməkdə çətinlik çəkirlər. Odur ki, bu məsələ müstəqil şəkildə bankların öz seçimidir. Heç kim buna diqtə edə bilməz. Qanunda da belə bir diqtəedici mövqe yoxdur. Buna görə də banklar daha dayanıqlı, iqtisadi əsası olan və institusional dayağı olan valyuta növlərində həm depozitlərin qəbul edilməsi, həm də kredit portfelinin yerləşdirilməsinə meylli olurlar”.