Hacıqabul təhsili tənəzzül edir
Tarix: 7-03-2016, 09:22 | Çap et
Hacıqabul təhsili tənəzzül edir
Qəzetimizin ötən saylarında biz təhsil sahəsində ümumilikdə uğurla həyata keçirilən islahatların fonunda bəzi strukturlarda hələ də yaşanmaqda olan ciddi kadr problemlərini xüsusi diqqət mərkəzinə çəkməyə çalışmışdıq. Belə ki, vətəndaşlardan aldığımız məlumatlarda bəzi rayonların təhsil şöbələrinə rəhbərlik edən şəxslərin heç də bu vəzifələrin irəli sürdüyü spesifik tələblərə cavab verə bilmədikləri faktı öz təsdiqini tapır. O cümlədən, son vaxtlar redaksiyamıza Hacıqabul rayonunun təhsil sahəsində aşkar müşahidə olunan geriləmə və tənəzzülün kritik həddə çatması ilə bağlı çoxsaylı oxucu məktubları daxil olmaqdadır.
Belə məlumatlardan birində deyilir: “Ümumiyyətlə, Şükür Məmmədovun əsas gəlir sahəsi tenderlər və bir də müəllimlərdən yığılan «rüsum»lardır. Məhz bu cür yollarla Hacıqabul Rayon Təhsil Şöbəsinin müdiri il ərzində bir xeyli əlavə qazanc əldə edir. Maraqlı məqam ondadır ki, Şükür Məmmədov bəzi hallarda yaranan vəziyyətin günahkarı kimi rayon rəhbərliyini göstərir. Bununla da o, günahı boynundan atmağa, məsuliyyətdən yaxa qurtarmağa çalışır. Lakin bu, baş tutan iş deyil. Çünki artıq rayon sakinlərinə bəllidir ki, təhsil şöbəsinin müdiri bərk və yumşaq inventarları baha qiymətlərə, yəni mağazalarda satılan qiymətlərdən 2-3 dəfə artıq qiymətlərə alaraq, məktəblərə bölür. Kompyuterlərin, lövhələrin, printerlərin və digər inventarların mağazadan satış qiymətlərinə nəzər yetirdikdə, təhsil şöbəsinə topdan verilən qiymətlərin arasındakı fərq adamı dəhşətə gətirir. Çünki təcrübədə görmüşük ki, topdan satılan mallar pərakəndə satışdan daha ucuz qiymətə satılmalıdır. Elə maraqlısı da odur ki, arada olan on minlərlə pul təhsil şöbə müdirilə satan tərəf arasında nəğdlənərək mənimsənilir...”
Həmçinin aldığımız məlumatlarda iddia olunur ki, Hacıqabul RTŞ-nin müdiri Şükür Məmmədovun hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyması, onun rayonda fəaliyyət göstərən məktəblərin işlərinə yersiz müdaxilələri bir çox xoşagəlməz nəticələrə səbəb olur. Tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən RTŞ müdirinin tətbiq etməyə çalışdığı üsullar nəticə etibarı ilə tədris proqramının şagirdlər tərəfindən mənimsənilməsində, tətbiq olunan pedaqoji metodikaların səmərəliliyinin artırılmasında problemlər yaradır. Açıqlamalara görə, Şükür Məmmədovun Hacıqabul təhsilinə rəhbərlik etdiyi müddət ərzində bu sahədə ciddi geriləmələr müşahidə olunmaqdadır. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, bu gün rayonun xüsusilə kənd məktəblərində davamiyyətin səviyyəsi olduqca aşağıdır. Bu səbəbdən hətta müəllimlər arasında da həftələrlə, aylarla işə çıxmayanlar vardır. Eyni zamanda da Şükür Məmmədovun tətbiq etdiyi iş üsulları bu məktəblərin özlərində də müxtəlif neqatv tendensiyalara nədən olur: “Son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdiyi üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Təbii ki, Şükür Məmmədov bütün bunlardan xəbərdardır. Lakin bu məsələlərdə onun da öz marağı olduğu üçün heç kimi cəzalandırmır. Elə müəllimlər də var ki, il boyu məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Şükür Məmmədov demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır”.

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net