“Hara getdimsə, Azərbaycana gəlməyi məsləhət gördülər” - REPORTAJ
Tarix: 27-10-2015, 12:29 |
Çap et
Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığının – BMT QAK-ın Bakıdakı ofisinə gələndə xeyli səs-küy vardı. Dedilər yardım olaraq məktəbli ləvazimatları göndərilib, onu qaçqınlara paylayırlar. Yuxarı mərtəbədə isə dil kursları təşkil edilmişdi, xeyli qaçqın da orada Azərbaycan, rus və ingilis dillərini öyrənirdi. Məqsədimi-məramımı BMT QAK yanında Qaçqın, qadın və gənclər mərkəzinin sədri Zəminə Səfərovaya danışdım, hazırda ofisdəki fərqli ölkələrdən olan qaçqınlardan bir qrupu ilə görüşüb, söhbətləşmək istədiyimi dedim. Sağ olsun, o da əlindən gələn köməyi göstərdi. Bəzi ölkələrdən olan qaçqınları sakit bir otağa dəvət edib, söhbətləşməyimizə şərait yaratdı. Beləliklə, baxaq görək qaçqınlar nə danışırlar, Azərbaycana gəlməklərinin səbəbi nədir və sair.
Malika Tazbiyeva (Çeçenistan)
Malika Tazbiyeva və ailəsi artıq 15 ildir Azərbaycandadır. Deyir ölkəsində o vaxt hərbi-siyasi vəziyyət çox pis idi. İnsanlar müharibədə həlak olmamaq üçün baş götürüb hara gəldi gedirdilər. Onlar da qaçqın kütləyə qarışıb doğma torpaqlarını tərk edir və Azərbaycana üz tuturlar. “Biz Çeçenistanın paytaxtında – Qroznıda yaşayırdıq. Müharibə başladı, hər yerdə atışma, güllə səsləri… İnsanlar canlarını götürüb qaçırdılar. Eşitdik ki, çoxları Azərbaycana gedir və hamını da qəbul edib, yerləşdirirlər. Biz də bura pənah gətirdik”, - deyən Malika bildirdi ki, Azərbaycana gələrkən sərhədi çox çətinliklə keçiblər. Çünki təqib edilir, çox ciddi yoxlanılırdılar. Amma Bakıya gəlmək qismət olur: “Biz gələndə artıq Bakıda məskunlaşan çeçenlər özlərinə cəmiyyət də yaratmışdılar, Əli Asayev də rəhbəri idi. Amma təəssüf ki, 2001-ci ildə Çeçenistan təmsilçiliyi fəaliyyətini dayandırmalı oldu”.
Malika deyir ki, cəmiyyət başlanandan sonra BMT QAK tərəfindən qaçqın kimi qeydiyyata alınıblar. Bakıda münasib bir ev kirayə edərək, yaşamağa başlayan ailəyə BMT QAK yardım etsə də, bu dolanışıqlarını o qədər də yaxşılaşdırmır. Hazırda da maddi sıxıntılardan dolayısı çox çətin vəziyyətdə yaşayan ailənin dolanışığına əsas maneə işsizlik problemidir. Çünki qaçqın olduqları üçün işləmək hüququndan məhrumdurlar: “Çeçen qohumlarımız var, əvvəllər bizə kömək edirdilər. Amma onlar da yorulublar, gücləri tükənib. Çünki həm özlərini, həm də bizi dolandırmaq onlara çətindir. Atamgil qocalıblar, dövlətdən aldıqları pensiya özlərini güclə görür”.
Malika deyir ki, BMT QAK-da qeydiyyata düşəndən sonra bu beynəlxalq təşkilatdan adambaşına ayda müəyyən məbləğdə yardım alırlar. Bu da ailənin adi gündəlik tələblərini belə ödəməyə çatmır: “Əsas odur ki, yoldaşımın işi yoxdur. Bəzən günəmuzd olaraq çalışır, bu isə sosial problemlərimizi həll etmir. Ona görə də bir qayda olaraq borc alırıq kimlərdənsə. Təbii ki, borc da yığılır üst-üstə, heç faizini belə verə bilmirik. Ayda 300 manat ev kirayəsi ödəyirik, bu isə bizi ümumiyyətlə, çıxılmaz vəziyyətə salıb”.
M.Tazbiyeva danışır ki, Bakıya gələndə qızının 6 yaşı vardı, indi isə 21. Yəni uşağın tələbləri daha az olurdu, onlar böyüdükcə isə çətinlikləri daha da artır.
Müsahibimizin sözlərinə əsasən, türklər ildə iki dəfə - Ramazan və Qurban bayramlarında Azərbaycandakı çeçen icmasına ət və digər qida məhsullarından ibarət yardım paylayırlar.
Malika ara-sıra Çeçenistana qohumlarıgilə gedib baş çəksə də, yoldaşının son 15 il ərzində bir dəfə də olsun vətənə yolu düşməyib. Çünki siyasi problemlərinin olacağından ehtiyatlıdır. Hansı ki, dövləti və xalqı qarşısında heç bir xətaya yol verməyib. Ümumiyyətlə, Bakıdakı çeçen kişilərin çoxu bu narahatlığı yaşayır. Buna baxmayaraq, bir çoxları artıq geri dönüb: “Biz gələndə Azərbaycanda 14 min çeçen qaçqın yaşayırdı. Amma bu gün sayları 500-600 nəfərə düşüb. Problemlər həllini tapdıqca, yəqin ki, bütün qaçqınlar evlərinə dönəcək ”.
Mehriban Əhmədi (Əfqanıstan)
Mehriban Əhmədinin isə maraqlı taleyi var. O, özü azərbaycanlıdır, amma qaçqın status ilə Bakıda məskunlaşan Əfqanıstan vətəndaşı ilə ailə qurub. Qara günləri də bundan sonra başlayıb. Deyir ki, Əfqanıstan vətəndaşı ilə ailə qurandan sonra – 1996-cı ildə İrana köçüblər. Amma orada cəmi iki il qalıblar, sonra yoldaşının ata ocağına – Əfqanıstana gediblər.
Mehriban Əhmədi deyir ki, evləri paytaxt Kabulda idi. Amma paytaxt olsa da, orada insanlar daim həyati təhlükə, sosial problemlər içindədir. Öz başına gələnləri belə xatırlayır: “Avtobusda gedirdik. Qəndəhar tərəfdə bizə hücum edən bir qrup nəyimiz vardısa aldı, amma xoşbəxtlikdən bizi öldürmədilər. Hiss edirdik ki, çox acdırlar, sadəcə, qarınlarını doyurmaq üçün qənimət əldə edəcəklərinə inanırdılar. Kabula gəldik, bir müddət sonra həmin yolu təkrar geri qayıtmalı olduq. Məhz soyulduğumuz yerə çatanda bizə hücum etmiş insanların meyitlərini gördük – hamısını öldürmüşdülər. Bax Əfqanıstanda həyat budur”.
Əfqanıstan vətəndaşı ilə tanışlığından da söz açan müsahibimiz deyir ki, o, Azərbaycana təhsil almaq üçün gəlmişdi və İdman Akademiyasında oxuyurdu. Təsadüfən tanış olublar və bu da davamlı, bütün çətinliklərə sinə gərən mükəmməl ailə qurmaqla nəticələnib. Amma onları da sosial çətinliklər çox sıxır. Səbəb isə həyat yoldaşının işləmək hüququnun tanınmamasıdır. Yenə yaxşı ki, Mehriban xanım BMT QAK-ın Bakı ofisində, artıq həddi-buluğa çatan qız övladları dükanda satıcı işləyir və aldığı məvaciblə ailənin dolanışığına kömək edir.
Ayda 300 manata kirayə qalan ailəyə ayda bir dəfə BMT QAK xətti ilə 120, ildə bir dəfə isə məktəbli övladlarının hər birinə 100 manat yardım olunur.
Bilal Əbazi (Suriya)
Bilal Əbazinin ailəsi isə daha ağır şəraitdə yaşamağa məhkumdur. Suriyada yaşanan vətəndaş müharibəsindən canlarını götürüb qaçan bir gənc ailənin başına gəlməyən qalmayıb. Deyir ilyarımdır Azərbaycandadır. Amma bura gəlib çıxınca 11 ölkədə məskunlaşmalı olub. Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirliyi və sair dövlətlərə pənah aparıb, amma heç birində normal yaşam şəraitini tapa bilməyib. “Bizim ailəmiz çox böyükdür. Təsəvvür edin ki, atam, anam və bacı-qardaşlarımın bir hissəsi Almaniyada məskunlaşıb, qalanları İordaniyada. Biz isə burdayıq, bütöv bir ailə dünyanın fərqli yerlərinə səpələnib”.
Bilal Əbazidən necə oldu ki, 11 ölkə gəzəndən sonra məhz Azərbaycanda məskunlaşmasının səbəbini də sordum. Deyir ki, hansı ölkəyə gedibsə, əhatəsindəki insanlar ona Azərbaycana gəlməyi məsləhət görüb. Hamı deyirmiş ki, Azərbaycanda sabitlikdir, dünyaya çıxış imkanları genişdir, qanunla insanlar sərbəstdirlər davranışlarında. O da Dubaydan bilet alıb, oturur təyyarəyə və üz tutur Azərbaycana.
“İlyarım əvvəl tək gəlmişdim, yoldaşım və uşaqlar isə İordaniyada qohumlarımızın yanında qalmışdılar. Onlar iki aydır gəliblər”, - deyən suriyalı müsahibimiz hazırda birotaqlı evdə kirayə qaldıqlarını bildirdi. Amma çox narazıdır. Deyir ki, Azərbaycana adi insan həyat minimumlarını ödəmək arzusu ilə gəlsələr də, sosial məşəqqət içindədirlər: “Məskunlaşdığımız evə ev demək mümkün deyil. Sadəcə, başımıza yağış yağmır. Artıq uşaqlar da yekəlir, ikisi də qızdır – biri 5, digəri 7 yaşındadır. Nə edəcəyimizi bilmirik, işləmək hüququmuz yoxdur, əlacımız tamam kəsilib. Mən Azərbaycanda mövcud olan 86 rayondan ən azı 50-ni gəzərək iş axtarmışam, amma hər yerdə rədd cavabı veriblər. Deyirlər ki, qaçqın olaraq işləməyimiz qanunla yasaqdır. Almaniyada, başqa ölkələrdə də minlərlə qaçqın yerləşib, amma heç birində onlara işləməyi qadağan etmirlər. Doğrudur, başa düşürük, Azərbaycanın öz daxilində bir milyon məcburi köçkün yaşayır, dövlət onlara güclə yardım edir. Amma biz də insanıq, biz də çörək yeməliyik”.
Müsahibimizin sözlərinə görə, rayonda adi çoban işləmək istədiyini bildirib, amma mal-qoyunu da ona həvalə etməyiblər ki, o, qaçqındır. Ona görə də çox əsəbidir: “Adicə heyvan otarmağı nəyə görə yasaq ediblər” soruşur. Bütün bunlara baxmayaraq, suriyalı qaçqın bildirir ki, gəzdiyi-gördüyü ölkələrin heç birində Azərbaycandakı rifah və sabitlik yoxdur. Müharibənin olmaması isə onlara yaşadıqları sosial çətinliklər içində azacıq da olsa təskinlikdir.
Roksana Şiran (İran)
Müsahiblərim arasında Əfqanıstan, Suriya və Çeçenistandan fərqli olaraq İrandan gələn bir gənc xanım da vardı – Roksana Şiran. Sadəcə, sabit və ucuzluq, bolluq olan İrandan nəyə görə qaçqın düşdüyünü bilmək marağıyla onu da dinlədim. “İranın Kərəc şəhərində yaşayırdım. Pis dolanmırdıq, maddi imkanlarımız da yaxşıdır. Paytaxt Tehranın ətrafında yerləşən Kərəcdə ümumiyyətlə iş tapmaq da çətin deyil. Üstəlik, universiteti magistr dərəcəsi ilə bitirmişəm. Bura gələrkən isə doktoranturada təhsil alırdım. Amma yarımçıq qaldı” deyən Roksana əlavə etdi ki, Azərbaycana tək gəlib, ailəsi isə hazırda Kərəcdədir. Bakıda hər baxımdan vəziyyətin yaxşı olduğunu desə də, vurğuladı ki, İranla müqayisədə burada dəfələrlə bahaçılıqdır. Bu isə dolanışığını ağırlaşdırır: “İranda ərzaq, adi geyim-kecim olduqca ucuzdur, burada isə hədsiz bahaçılıqdır. Soruşa bilərsiniz ki, niyə gəldim bəs. Mənim orada heç bir sosial-maliyyə problemim olmayıb. Səbəb şəxsi həyatımdadır. Düşüncələrim, həyata baxışlarım fərqlidir və bir az da siyasi çalarlar var. Ona görə də İranda qalmağım və ya nə zamansa ora dönməyim qeyri-mümkündür. Ora gedərəmsə, həyatımla vidalaşaram”.
Bütün problemlərə baxmayaraq, Roksana şükür edir ki, Bakıda, daha konkret desək BMT QAK-ın ofisində başını qatacaq və həyatını inkişaf etdirəcək dil kurslarına yazılıb. Hazırda 3 dil üzrə dərslərə gedir – Azərbaycan, ingilis və rus. Deyir 28 yaşı var, işləməyə iş də tapsaydı, yaxşı olardı.
Yeri gəlmişkən, özü milliyyətcə fars olan Roksana Bakıda olduğu qısa müddətdə dilimizi orta səviyyədə, hətta deyərdim ki, Təbriz, Zəncan və digər Güney Azərbaycan azərbaycanlısından daha təmiz danışır.
Nəfisə Hüseyni (Əfqanıstan)
Müsahiblər arasında bir gənc xanım da vardı, yanında da balaca qızı. Soruşdum, dedi əfqandırlar. Xanımın adı-soyadı Nəfisə Hüseyni, azyaşlı qızınkı isə Sitayiş Rəhimidir. Xanım müsahibim deyir ki, Əfqanıstanda rifahdan-sabitlikdən danışmağa dəyməz. Çünki “Taliban” hərəkatı ölkəni uzun illərdir cəhənnəmə döndərib. Hər gün atəş səsləri, üstəlik, həyat yoldaşı da vaxtilə Kabulun adlı-sanlı müstəntiqlərindən olub. Yəqin bu səbəbdəndir ki, onun 7 ay əvvəl Əfqanıstanı tərk eləməsində siyasi səbəblər də var. Xanım Nəfisə və iki azyaşlı övladı isə yoldaşından bir ay sonra Bakıya köçüb. Dörd nəfərlik ailənin ümumi həyətdə, birotaqlı evdə məskunlaşdığını nəzərə çatdıran Nəfisə Hüseyni bildirir ki, mənzilin adicə mətbəxi belə yoxdur. Yəni yemək bişirmək və adicə çay qaynatmaq üçün həyətdəki ümumi mətbəxdən istifadə edirlər.
Nəfisə xanım deyir ki, digər qaçqınlar kimi onlar da BMT QAK-dan aldıqları yardımla birtəhər dolanırlar. Aradabir Əfqanıstanda yaşayan yaxınları da 200-250 dollar göndərir – vəssalam.
Onu da qeyd edim ki, Nəfisə xanım Azərbaycan dilini yaxşı bilməsə də, 9 yaşlı qızı Sitayiş mükəmməl öyrənib. Hətta anası ilə söhbətimizi də o tərcümə elədi.