Müştərilərdən alınan servis haqqı ofisiantlara çatmalıdır? - Hüquqşünasdan CAVAB
Tarix: Dünən, 18:24 | Çap et

Azərbaycanda son illər restoranlarda əsas məbləğlə yanaşı xidmət haqqı da tutulur və bu məbləğ qəbzdə qeyd olunur. Restoranlar bu məbləğin adətən xidmət keyfiyyətini artırmaq məqsədilə tutulduğunu iddia edir.

Lakin, Azərbaycanda müştərilərdən alınan xidmət haqqı ilə bağlı müəyyən narazılıqlar da vardır. Bəzi hallarda müştərilər xidmət haqqının tam olaraq ofisiantlara və digər xidmət heyətinə çatmadığını bildirirlər.

Bəs müştərilərdən alınan servis haqqı hara xərclənir.

Modern.az mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Mir Hüseyn Həbibli ilə həmsöhbət olub.

Onun sözlərinə görə, servis haqqı mütləq qaydada menyuda qeyd edilməlidir:

“Vətəndaş bu menyu ilə tanış edilməlidir. Müştəri sifariş verəndə bilməlidir ki, restoranda servis haqqı tələb olunur və məbləği nə qədərdir. Ondan sonra müştəri sifariş verirsə, razılığını ehtiva etmiş olur. Həmin müştəridən servis haqqı alına bilər. Servis haqqının menyuda qeyd olunduğunu, müştərinin bununla tanış edildiyini və razılığının olduğunu nəzərə alsaq, sonra servis haqqı üçün alınan məbləği hesablama qaydası müştəriyə təqdim olunan qəbzdə qeyd olunmalıdır. Yəni bu rəsmi qaydada alınmalıdır”.

Vəkil bildirib ki, servis haqqının xərclənmə təyinatı qanunvericiliklə müəyyən olunmayıb:

“Bu mülki münasibətlər çərçivəsində həyata keçirilir. Yəni servis haqqı dediyimiz qanuni əsaslarla alınmışdırsa, bununla bağlı qərar vermək üçün obyektin səlahiyyətindədir. Yəni bu ödənişin mütləq qaydada xidmət göstərən ofisiantlara çatacağı qanunvericilikdə müəyyən edilməmişdir. Bunu restoran sahibi özü müəyyən edir ki, servis haqqı necə xərclənəcək”.

M.Həbibli qeyd edib ki, əgər müştəri servis haqqı barədə məlumatlandırılmır, qəbzdə servis haqqı ilə bağlı məbləğ qeyd olunmursa, bunlar hüquq pozuntusudur:

“Bu kimi hallar həm inzibati xəta həm də vergidən yayınma kimi qiymətləndirilərək sahibkarlara bununla bağlı sahibkarlara sanksiya tətbiq oluna bilər. Müştərilər bu cür neqativ hallarla qarşılaşdıqda həm Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə həm də Dövlət Vergi Xidmətinə məlumat verə bilərlər. Onların verdiyi məlumat əsasında sözügedən dövlət qurumları araşdırmalar aparılır və bunun nəticəsi kimi sahibkarlar barəsində tədbir görülür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net