Azərbaycanda dini radikalizm təhlükəsi: Ekspertlər həyəcan təbili çalır
Tarix: 20-10-2015, 17:57 |
Çap et
Son illərdə Azərbaycanda müxtəlif din təriqətlərin tərəfdarlarınin artdığını görürük. O cümlədən, radikal dini cərəyanlara qoşulanların sayının get-gedə daha da çoxaldığı müşahidə edilir. Amma nədənsə, siyasi partiyalar haqqında bunu demək mümkün deyil. Cəmiyyətdə siyasətə maraq get-gedə azalır, partiyalar üzvlərini itirir. Bəs, siyasi partiyalara marağın belə azalmasının başlıca səbəbi nədir?
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycanda siyasi fəaliyyətin kasadlaşması partiyalara marağın azalmasının əsas səbəbidir: “Hesab edirəm ki, siyasi partiyalara maraq azalıb. Azərbaycanda siyasi fəaliyyət xeyli kasadlaşıb, məhdudlaşıb. Siyasi partiyalar populyarlığı xeyli itirib. Tendensiya azalan xətt üzrə gedir. Xüsusilə də müxalifət partiyalarına üzv olmaq istəyənlər azalıb. İqtidar partiyasında isə belə bir problem yoxdur. Çünki ən azı dövlət orqanlarında çalışan sosial bir baza var. Hansısa korperativ maraqlar önə çəkilir. Amma müxalifətdə bu problem var. Səbəbi də odur ki, siyasi rotasiya zəifdir. Dəyişiklik baş vermir. Ümumiyyətlə, insanların siyasətə marağı xeyli azalıb. Onlar günün problemləri ilə məşğul olmağa üstünlük verirlər”.
Fazil Mustafa bildirdi ki, siyasi cazibədarlıq azaldıqca dinə meyl daha da çoxalır: “Müsbət haldır ki, İslam yolunu tutanlar çoxalıb. Amma bu, hər zaman yaxşı nəticə vermir. Radikal dini cərəyanlara qoşulan insanların bəzilərinin sonu acınacaqlı bitir. Məsələn, Azərbaycandan gedib Suriyada İŞİD-ə qoşulanları birmənalı qəbul etmək olmaz. Onlardan bir qismi islam ideologiyası, bir qismi isə pul uğrunda yola çıxırlar. Islam uğrunda gedənlər gedib görürlər ki, İŞİD başdan-ayağa dələduzlardan ibarət şəbəkədir. Xarici ölkələrin kəşfiyyat orqanları tərəfindən yönləndirilir. Onların bir qismi öz axtardıqlarını orada tapa bilmirlər və geri qayıdırlar. Pul qazanmaq üçün gedənlər isə ya orada ölürlər ya da bir az pul qazanıb hansısa ölkəyə üz tuturlar. İstənilən halda ora gedənləri anlamaq olmur. Qorumaq lazımdırsa ən böyük vətən Qarabağdan başlayır. Burda vətəninin qeyrətini çəkməyən adam heç vaxt Suriyaya gedib öz şərəfini qoruduğunu iddia edə bilməz”.
Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə bildirdi ki, Müsavat Partiyasına üzv olmaq istəyənlərin müraciəti davam edir: “İstər rayonlarda, istərsə də Bakıda mütəmadi qəbullar həyata keçirilir. Bu il təxminən yüzdən artıq adam Müsavat Partiyasına üzv olub. Amma hakimiyyətin repressiya maşınının bu qədər amansız olmadığı vaxtlarda partiyamıza təxminən hər ay bu qədər şəxs üzvlük üçün müraciət edirdi. İndi Müsavat Partiyasına üzv olmaq xüsusi fədakarlıq tələb edir. Üzv olan şəxslər ya işdən azad olunur, ya da ailəsinə, qohumlarına təzyiq olunur. Bu da insanları partiyalara üzv olmaqdan çəkindirir. Digər tərəfdən isə hakimiyyət bütövlükdə ölkədə siyasətə marağı öldürüb. Nəzərə alsaq ki, siyasətin ən ciddi hadisəsi seçkidir, biz indi parlament seçkiləri dövründəyik, amma elə də ciddi seçki abu-havası hiss olunmur. Bu, əhalinin seçkiyə və bütövlükdə siyasətə olan inamının azalması ilə əlaqədardır”.
Elman Fəttah qeyd etdi ki, normal siyasi fəaliyyətlə məşğul olmağın mümkünsüzlüyü insanları müəyyən qədər radikal addımlara sövq edir: “Radikal dini cərəyanlar siyasətlə məşğul olan təşkilatlar deyil. Adından da göründüyü kimi, təşkilat özü radikal olduğu üçün ora hətta bir-iki nəfərin belə, cəlb edilməsi hadisə sayılır. Çünki əslində elə də geniş kütlə deyillər. Bu təşkilatlara axın olması barədə fikirlər səslənir, lakin bu, təəssüratdır. Radikal dini cərəyanlara axın olduğunu qətiyyən qəbul eləmirəm. Azərbaycanda ictimaiyyətin təfəkkürü də radikal dini təşkilatlara kütləvi axını qeyri-mümkün eləyir. Sosioloji sorğular da onu göstərir ki, əhali radikal dini təşkilatlara qətiyyən meyllənmir, əksinə həm ölkə, həm də ictimaiyyətin həyat tərzi üçün təhlükə hesab edir. Sadəcə, təşkilatın profili radikal olduğu üçün ora cəlb olunan şəxslərin sayı az olsa da, yanlış təəssürat yaradır ki, guya axın var.
Bəzən insanlar normal siyasi fəaliyyətlə məşğul ola bilmədikləri üçün radikal addımlar atırlar. Lakin çox az adam ölkədəki vəziyyətə etiraz olaraq radikal təşkilata üzv olur, orada etirazını davam etdirməyi seçir. Ümumiyyətlə, bu təşkilatların hədəfi ölkədə siyasi vəziyyəti dəyişmək deyil. Onlar kiminsə doğru, yaxud yanlış dindar olduğunun mübahisəsini edirlər. Hətta onların hədəfi hakimiyyət olsa belə, bunların quracağı rejim daha açınacaqlı rejim olacağına görə insanların kütləvi şəkildə cəlb edilməsi nəzəri baxımdan, mümkün deyil”.
Müstəqil araşdırmaçı Rəsul Mirhəşimli bildirdi ki, siyasətə marağın azalmasının bir neçə səbəbi var: “Siyasi institutların olması vətəndaş narazılığının dialoq, dinc etiraz aksiyaları və s. bu kimi qanuni üsullarla həllində yardımçı olur. Milli Məclisə keçirilən seçkilərdə proporsional seçki sisteminin ləğvi siyasi partiyaların inkişafının qarşısını xeyli dərəcədə aldı, nəticədə partiyalara marağın azalmasına gətirib çıxardı. İkinci səbəb vətəndaşlar arasında sosial ədalətin pozulması oldu. Sosial ədalətin olmadığı yerdə insanların güvənə biləcəyi istinad yerləri qalmır. Nəticədə insanlar bir çox hallarda zahiri təbliğatla aldadılaraq, radikal dini cərəyanların əsirinə çevrilirlər. Bir çox hallarda siyasi partiyalarda özünü zəiflətmə siyasəti çox qabarıq şəkildə görünür.
Azərbaycanda mövcud siyasi partiyaların çoxu artıq mübarizəni bir-birinə qarşı yönəldiblər. Bu siyasi intriqalar, hakimiyyət uğrunda mübarizədə davamlı məğlubiyyətlər vətəndaşaları bezdirib, həmin siyasi təşkilatların sıralarından uzaqlaşdırır və bir çox hallarda insanları ümidləri başqa yerdə axtarmağa vadar edir”.